“Suriya qəssabı”nın Ukraynadakı rus ordusuna komandan təyin edilməsi nəyi dəyişəcək?
Tarix: 12-04-2022 13:10 | Bölmə: Slayd
“Suriya qəssabı”nın Ukraynadakı rus ordusuna komandan təyin edilməsi nəyi dəyişəcək?

Rusiya prezidenti Vladimir Putin ölkənin ən təcrübəli ordu generalı, 61 yaşlı Aleksandr Dvornikovu Ukraynadakı rus ordusunun komandanı təyin edib. Putinin bu təyinatı birmənalı qarşılanmır və geniş əks-səda doğurub.

Reyting.az
-ın məlumatına görə, ABŞ başda olmaqla əksər Qərb ölkələri Dvornikovun yeni təyinatına reaksiya veriblər.

ABŞ rəsmiləri deyirlər ki, general Dvornikov Suriyada və digər döyüş bölgələrində mülki insanlara qarşı vəhşiliyi ilə tanınır.



Qeyd olunur ki, Dvornikov Suriya və Çeçenistandakı müharibələrə komandanlıq edərkən çoxlu mülki itkilər baş verib.

Avstriyalı hərbi ekspert Tom Kuperin proqnozuna görə, Aleksandr Dvornikovun idarə etdiyi komandanlığa yanaşmanın dəyişməsi ilə Rusiyanın hərəkətləri daha koordinasiyalı ola bilər.

Xatırladaq ki, Dvornikov 2016-cı ilə qədər - bir ilə yaxın Suriyadakı Rusiya qoşunlarına komandanlıq edib. O, çoxlu mülki itkiləri əhatə edən müharibə taktikalarından yararlanıb. Bu səbəbdən ona “Suriya qəssabı” ləqəbi verilib.

Çeçenistanda döyüşmüş rusiyalı jurnalist və publisist Arkadi Babçenkonun qeyd etdiyi kimi, Dvornikov tapşırıqları yerinə yetirmək üçün hətta öz əsgərlərini də əsirgəmir.

Qeyd edək ki, 2015-ci ildə Dvornikov prezident Bəşər Əsədi dəstəkləmək üçün Suriyaya gedib və orada bir il rus qrupuna komandanlıq edib. O, Suriyadakı əməliyyatlara görə Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülüb və hazırda Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin komandanıdır.



Suriyada onun komandanlığı altında olan qüvvələr dəfələrlə mülki məhəllələri və xəstəxanaları bombalayıb. Böyük Britaniyada yerləşən Suriya insan haqları təşkilatının rəhbəri Rami Əbdülrəhman “New York Times” qəzetinə deyib ki, Suriyada mülki əhalinin öldürülməsinə görə cavabdehlik daşımalı olan tək Bəşər Əsəd deyil, həm də rus generalı Dvornikovdur. “O, hərbi əməliyyatların komandiri idi: bu o deməkdir ki, suriyalı mülki şəxslərin öldürülməsinin arxasında o dayanır, əmrləri o verir”,- deyə R. Əbdülrəhman bildirib.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan isə deyib ki, Ukraynada Dvornikovdan daha çoxunu gözləmək olar.

Sallivan əlavə edib ki, “bu və ya digər generalın heç bir təyinatı Rusiyanın onsuz da Ukraynada strateji uğursuzluqla üz-üzə qalması faktını ləğv edə bilməz”. Onun sözlərinə görə, Rusiya ordusuna kimin rəhbərlik etməsinə baxmayaraq, Ukraynanı tez bir zamanda ələ keçirə və prezident Volodimir Zelenski hökumətini devirə bilməyəcək.



Sallivan ordu generalı Dvornikovun Ukrayna vətəndaşlarına qarşı cinayətin və vəhşiliyin növbəti mənbəyi olacağını düşünür:

“Birləşmiş Ştatlar, əvvəllər dediyim kimi, Dvornikovun əmr etdiyi qüvvələrə müqavimət göstərən ukraynalıları dəstəkləmək üçün əlindn gələni etməkdə qərarlıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər