Professor: “Azərbaycan-Ermənistan danışıqlarında ruslara ehtiyac yoxdur”
Tarix: 12-04-2022 17:02 | Bölmə: Slayd
Professor: “Azərbaycan-Ermənistan danışıqlarında ruslara ehtiyac yoxdur”
Əli Abbasov

“Uzun müddətdir deyirik ki, Qarabağ məsələsində qəti həllə nail olmaq üçün ən yaxşı mexanizm ikitərəfli formatda müzakirələrin aparılmasıdır. Yəni problem Ermənistan və Azərbaycan arasındadırsa, üçüncü qüvvələr burada iştirak etməməlidir. Nəhayət ki, belə bir formata çata bildik. Ehtimal edirəm ki, məhz buna görə, Rusiya xarici işlər naziri Sergey Lavrov həyəcanla danışır, Brüssel görüşünə dair suallar verir, Qarabağ məsələsində özlərini ədalətli vasitəçi kimi göstərirlər”.

Bunu Reyting.az-a professor Əli Abbasov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dünən vasitəçi olmadan birbaşa telefon müzakirəsi aparmalarından danışarkən deyib.

Ə. Abbasovun fikrincə, indi əsas məsələ hər iki tərəfin yeni formatda müzakirələr aparmaq və bu formatı qorumaqda nə dərəcədə maraqlı olmaları, habelə maraqlı xarici qüvvələrin bu formata dəstək vermək və ya ona maneə yaratmasındadır.

Professor əlavə edib ki, ikitərəfli format çox yaxşıdır, bu formatdan çoxdan istifadə edilməliydi: “Yalnız bu formatda razılaşmalar əldə oluna bilər. Bu, ən yaxşı mexanizmdir. Biz indi görürük ki, İrəvan iki istiqamətdə danışıqlar aparır - həm Azərbaycan, həm də Türkiyə ilə. Demək olar ki, hazırda bu prosesə rusların müdaxilə etmək imkanı yoxdur. Çünki başları Ukrayna məsələsinə qarışıb. Məncə, bundan istifadə edərək hansısa sazişə, razılaşmaya və ya müqaviləyə imza atmaq olar”.

Ə. Abbasovun qənaətincə, indiki formata yalnız Rusiya mane olmağa çalışa bilər: “Bir daha qeyd edim ki, rusların indi imkanı zəifdir. Hətta Qarabağdakı sülhməramlıların müəyyən hissəsini Ukraynaya aparıblar. Üstəlik, mən gözləmirəm ki, yaxın bir ildə Rusiya və Ukrayna arasında hansısa razılaşma əldə edilsin və bu iki slavyan xalqının problemi həllini tapsın. Deməli, Rusiyanın başı bir müddət qarışacaq. Üstəlik, bu ölkəyə ciddi sanksiyalar da tətbiq olunub”.

Reyting.az




Bölməyə aid digər xəbərlər