Buça: ruslar mütəmadi olaraq zorlanan 25 qadını zirzəmidə saxlayıblar
Tarix: 12-04-2022 17:31 | Bölmə: Slayd
Buça: ruslar mütəmadi olaraq zorlanan 25 qadını zirzəmidə saxlayıblar

Kiyev vilayətinin Buça şəhərinin işğalı zamanı rus hərbçiləri zirzəmilərdən birində 14-24 yaşlı 25-ə yaxın qadın və qızı saxlayıblar.

Reyting.az
xəbər verir ki, bunu BBC-yə Ukrayna parlamentinin insan haqları üzrə komissarı Lyudmila Denisova bildirib.

Onun sözlərinə görə, orada əsirlər müntəzəm olaraq cinsi zorakılığa məruz qalıblar. Artıq qurbanlardan 9-u hamilədir.

BBC Kiyev vilayətinin Anna adlı 50 yaşlı sakini ilə bağlı videonu da yayıb. O, Çeçenistandan olan hərbçi tərəfindən zorlandığını bildirib.

Zərərçəkənin sözlərinə görə, əri onu qorumağa çalışıb və qarnından güllə yarası alıb. İki gün sonra isə ölüb.

Anna əlavə edib ki, hərbçilər onu da öldürməklə hədələyiblər. Lakin sonra daha dörd rus əsgəri onun evinə girərək zorlayanı harasa aparıblar və o, bir daha həmin şəxsi görməyib.



Annanın sözlərinə görə, bu əsgərlər onun evində bir neçə gün keçiriblər. “Onlar gedəndə mən (əşyalarının arasında) narkotik və “Viaqra” tapdım. Çox vaxt sərxoş olurdular. Onların əksəriyyəti qatillər, təcavüzkarlar və talançılardır”, - deyə o əlavə edib.

Qadının 40 yaşlı qonşusu zorlanaraq öldürülüb. Yerli sakinlər bu cinayətin daha sonra Annaya hücum edən hərbçi tərəfindən törədildiyini ehtimal edirlər.

Həmçinin, Lyudmila Denisova 25 yaşlı ukraynalı qadından mesaj alıb. O bildirib ki, rus hərbçiləri onun gözləri qarşısında 16 yaşlı bacısını küçədə zorlayıblar. Eyni zamanda, guya: “Bu, hər nasist fahişənin başına gələcək”,- deyiblər.

Aprelin 8-də Ombudsman Rusiya hərbçiləri tərəfindən bir neçə zorlama faktı barədə məlumat verib. Sonra o, Buçada beş işğalçının 14 yaşlı qıza təcavüz etdiyini yazıb. Eyni yerdə, Denisovanın sözlərinə görə, 11 yaşlı uşaq anasının gözü qarşısında zorlanıb. İrpində isə 20 yaşlı qız təcavüzə məruz qalıb.

“Belə cinayətlərin ümumi sayını yalnız təxmin etmək olar, çünki bir çox qurbanlar baş verənlər haqqında danışmaqdan qorxurlar”, - Denisova deyir.

Rus hərbçilərinin Buçada törətdiyi cinayətlərdən danışmağa rus qoşunları Kiyev vilayətindən geri çəkildikdən sonra başlayıblar. Aprelin 2-də jurnalistlər və ukraynalı hərbçilər azad edilmiş Buçaya daxil olub və küçələrin ölmüş mülki şəxslərin cəsədləri ilə dolu olduğunu görüblər. Onların bəzilərinin əlləri arxadan bağlanıb, bəziləri isə başının arxasından güllələnib.

“Insider” nəşrinin əməkdaşı Buça sakinləri ilə söhbət edib və onlar rus hərbçilərinin təsadüfi yoldan keçənləri necə güllələdiyini, evləri qarət etdiyini və onları tərk etmələrini danışıblar.



Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç videomüraciətində bildirib ki, dünya Kiyev vilayətinin şəhərlərində baş verənlərdən dəhşətə gəlməlidir.

O deyib: “Buça, İrpin və Qostomel azad edilmiş şəhərlərdir və post-apokaliptik qorxu filmindən bir şəkildir. Rus qoşunlarının bu hərbi cinayətlərinin qurbanları arasında təcavüzə məruz qalan, yandırmağa çalışdıqları qadınlar, yerli hökumət nümayəndələri, uşaqlar, qocalar öldürülüb".

Buçaya səfər edən Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya hakimiyyəti ukraynalılara qarşı soyqırım siyasəti aparır.

Reyting.az




Bölməyə aid digər xəbərlər