İlham Əliyev: “Ermənistan Azərbaycanın 5 prinsipini qəbul edir, ərazi iddiasından əl çəkir”
Tarix: 13-04-2022 10:55 | Bölmə: Slayd
İlham Əliyev: “Ermənistan Azərbaycanın 5 prinsipini qəbul edir, ərazi iddiasından əl çəkir”

Müharibədən sonra Azərbaycanın Avropa İttifaqı ilə təmasları daha intensiv xarakter alıb.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

Prezident diqqətə çatdırıb ki, Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul edib.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlərin keçirilməsinə diqqət çəkərək deyib ki, görüşlər haqqında məlumat verildiyindən bu barədə çox danışmaq istəmir: “Ancaq, əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördü ki, yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və “münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir”.

Prezident diqqətə çatdırıb ki, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif verib və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşıb. “Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, - bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir. Razılaşdırıldı ki, həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupları yaradılsın", - deyə Azərbaycanın dövlət başçısı bildirib.




Bölməyə aid digər xəbərlər