Vahid Əhmədov: “Elman Rüstəmov təcrübəli mütəxəssis idi, onu əvəz edən şəxs...”
Tarix: 13-04-2022 12:22 | Bölmə: Slayd
Vahid Əhmədov: “Elman Rüstəmov təcrübəli mütəxəssis idi, onu əvəz edən şəxs...”

“Eman Rüstəmov bank sahəsində kifayət qədər təcrübəli insan idi. Səhv etmirəmsə, 1991-ci ildən bu sahədə çalışırdı. 4 ilə yaxın Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini vəzifəsində işləyib. 1995-ci ildən bu günə qədər də Mərkəzi Bankın sədri idi. Təcrübəli mütəxəssis idi, problemlərin həlli ilə bağlı bizimlə - Milli Məclisin İqtisadi siyasət komitəsi ilə məsləhətləşmələr aparırdı”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycan Mərkəzi Bankının rəhbərliyindəki kadr dəyişikliyindən danışarkən deyib.

V. Əhmədov bildirib ki, Azərbaycan prezidentinin apardığı siyasət, xüsusilə gəncləşmə siyasəti E. Rüstəmova da aiddir: “Onun uzun müddət tutduğu vəzifədən getməsini və bu posta gənc kadrın gətirilməsini normal qəbul etmək lazımdır. Bu, prezidentin qərarıdır və hesab edirəm ki, Elman Rüstəmov da bunu normal qəbul edir”.

Deputat əlavə edib ki, Mərkəzi Bankın yeni sədri Taleh Kazımov gənc kadırdır: “Səhv etmirəmsə, “Paşa Bank”da sıravi əməkdaşdan İdarə Heyətinin sədri vəzifəsinə qədər yüksəlib. Bank sahəsini bilən şəxsdir. Ümid edirəm ki, onun gəlişi iqtisadiyyatımıza, ələlxüsus da bank sektoruna müsbət təsirlər göstərə bilər”.

V. Əhmədov diqqətə çatdırıb ki, Milli Məclisin İqtisadi siyasət komitəsində iclas keçirilib: “İclasda əhalinin problemləri, dövlətin qoyduğu hədəflər, bank sistemindəki vəziyyət müzakirə edildi. Bu məsələləri gənc mütəxəssisin diqqətinə çatdırdıq və təklif etdik ki, komitəmizlə işləsin, çünki bizim də kifayət qədər təkliflərimiz var. Taleh Kazımov da təkliflərimizi qeyd etdi. Sonradan onu İdarə Heyətinin üzvü kimi təsdiqlədik.

Taleh Kazımova uğurlar arzu edirəm. Ümid edirəm ki, bu təyinat bank sistemindəki problemlərin həllinə müsbət yanaşmalarla müşahidə olunacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər