Deputat: “Dünya Azərbaycanın yaratdığı reallıqla hesablaşır”
Tarix: 13-04-2022 14:31 | Bölmə: Slayd
Deputat: “Dünya Azərbaycanın yaratdığı reallıqla hesablaşır”

“Bir sıra beynəlxalq təşkilatlar artıq Azərbaycanın regionda yaratdığı reallıqla hesablaşmağa başlayıb. Azərbaycan prezidenti də dünən çıxışı zamanı məxsusi olaraq Avropa Birliyinin adını qeyd etdi. Onlar reallıqla barışmağa məcbur olublar”.

Bunu Reyting.az-a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Azərbaycan prezidenti İlham Əliyevin dünən keçirilən müşavirədəki çıxışını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanın yaratdığı reallıqlar ondan ibarətdir ki, artıq Qarabağ münaqişəsi bitib və “münaqişə” ifadəsinin işlədilməsinə ehtiyac qalmayıb. Eyni zamanda bu münaqişə Azərbaycanın səyləri sayəsində yekunlaşıb. Avropa Birliyi də sadəcə, beynəlxalq hüquq və prinsiplərin tətbiqində, humanitar problemlərin həllində bölgədə işləyə, kömək edə bilər.

A. Mollazadə əlavə edib ki, Avropa Birliyinin də Azərbaycanda, ümumilikdə regionda maraqları var və enerji problemlərinin həllinə çalışırlar: “Azərbaycanın həyata keçirdiyi bir sıra enerji və nəqliyyat infrastrukturu dünyanın marağına səbəb olub. Sadəcə, hamı xatırlayır ki, hər zaman beynəlxalq təşkilatlarla Qarabağ mövzusunda danışanda onlar “bu məsələ Minsk qrupunun işidir, problemin həlli ilə onlar məşğul olur, biz bu problemlə bağlı işləmirik”,- deyə reaksiya verirdilər”.

A. Mollzadə dövlət başçısından sitat gətirərək deyib: “Azərbaycan prezidentinin qeyd etdiyi kimi, Minsk qrupu az qala 30 ildir ki, bölgəyə dəfələrlə gəlib-gedib. Amma problemin həlli sıfır variantından irəli getməyib. Artıq Minsk qrupu bitdi. Bu, bir həqiqətdir. Azərbaycan dövlətinin özü həm Minsk qrupunun görməli olduğu işi yerinə yetirdi, həm də BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı bir neçə qətnaməsini həyata keçirdi.

Prezident xüsusi qeyd etdi ki, bizim yaratdığımız reallıqlar dünya tərəfindən açıq şəkildə qəbul edildi. Artıq onlar nə münaqişədən, nə Qarabağın hansısa dağlıq hissəsindən, nə də digər məsələlərdən bəhs edirlər.

Bəli, indi beynəlxalq qurumlar Qarabağın bərpası üçün Azərbaycana necə dəstək verə biləcəkləri haqqında düşünməlidirlər. Humanitar problemlərinin həlli barədə fikirləşməlidirlər. Eləcə də ermənilərə anlatmalıdırılar ki, artıq XXI əsrdir və qonşulara qarşı ərazi iddiaları ilə çıxış etməyə son qoymaq, danışıqlara başlamaq lazımdır. Azərbaycan tərəfi bu danışıqlara hazırdır və bunu dəfələrlə bəyan edib. Beynəlxalq münasibətlər isə əməkdaşlıq və tərəfdaşlıq əsasında formalaşır. Azərbaycan hər bir addımını beynəlxalq hüquq normaları çərçivəsində atır. Dünya da bunu qəbul etməyə başlayıb”.

Reyting.az




Bölməyə aid digər xəbərlər