Rusiyadakı reallıq: Qərbi söyənlərin övladları həmin ölkələrdə dəbdəbəli həyat tərzi keçirir
Tarix: 13-04-2022 18:32 | Bölmə: Slayd
Rusiyadakı reallıq: Qərbi söyənlərin övladları həmin ölkələrdə dəbdəbəli həyat tərzi keçirir

Ukraynanın işğalına görə çoxsaylı ölkələrin hədəfinə çevrilən Rusiya rəhbərliyində yüksək səviyyədə təmsil olunan əksər məmurların övladları Rusiyanın sərt tənqid etdiyi Qərb ölkələrində illərlə dəbdəbəli həyat sürüb, bahalı məktəblərdə təhsil alıblar. Rusiyanın Ukraynaya hücumu nəticəsində ölənlərin və dağıntıların sayı sürətlə artdığı bir vaxtda, Rusiya administrasiyasının və oliqarxların Qərb ölkələrindəki aktivləri diqqəti daha çox cəlb edir.

Reyting.az
xəbər verir ki, Qərb mediası əsas diqqəti Rusiya administrasiyasının aparıcı simalarının övladlarının dəbdəbəli həyatına yönəldib.

Kremldə çalışanların əksəriyyəti Qərb ölkələrində çoxlu bahalı mülklərə sahibdir və burada hər gün sərt tənqid olunurlar. Onların övladları da Avropa və ABŞ-ın elit universitetlərində təhsil alır, həmin ölkələrə şəxsi təyyarələrdə səyahət edir, xizək tətillərində və bahalı mənzillərdə dəbdəbəli həyat tərzi keçirirlər.

Rusiya administrasiyasının tanınmış simalarından olan Kremlin sözçüsü Dmitri Peskov həyat yoldaşı və iki yetkin uşağı ilə birlikdə “dövlət qulluqçusu maaşı ilə dəbdəbəli həyatı”na görə ABŞ-ın sanksiyalarına məruz qalıb.

Peskovun əvvəlki nikahlardan olan övladları Qərbi Avropada böyüyüb.



Peskovun Parisdə təhsil alan və sosial şəbəkədə fotoları ilə diqqət çəkən 24 yaşlı qızı Yelizaveta Peskova Parisdə anası ilə birlikdə 2 milyon dollar dəyərində lüks evdə yaşayır. O, əvvəllər Rusiya telkanallarından birinə deyib ki, Avropada özünü daha rahat hiss edir, Rusiya təhsil sisteminin çox pis olduğunu bildirib.

Bir müddət Avropa Parlamentində təcrübə keçən Peskovanın “İnstaqram” hesabında “Müharibəyə yox” mesajı paylaşması da diqqət çəkib.

Peskova sanksiyalardan əvvəl Avropada bahalı səyahətlərinin fotolarını sosial şəbəkədə paylaşıb.

Peskovun İngiltərədə böyüyən oğlu Nikolay şəxsi təyyarə səyahətləri, Moskvadakı bahalı evi və bahalı avtomobilləri ilə tanınır.

Rusiya diplomatiyasının bir nömrəsi olan xarici işlər naziri Sergey Lavrovun qızı da London və Nyu-Yorkda təhsil alıb. Hazırda 39 yaşında olan Yekaterina Vinokurova London İqtisadiyyat Məktəbində təhsil aldıqdan sonra 17 il Nyu-Yorkda yaşayıb.



Lavrovun sevgilisinin qızı Polina Kovalevanın Londonun ən bahalı rayonlarından birində 5,8 milyon dollarlıq evdə yaşadığı məlum olub.

Lavrovun ögey qızı Polina Kovaleva rusiyalı oliqarx Oleq Deripaskanın Monteneqrodakı dəbdəbəli istirahət evindədir.

Rusiya prezidenti Vladimir Putinin də ailəsi daha çox Qərb ölkələrində yaşayır. Putinin böyük qızı Mariya holland əri ilə birlikdə 3,3 milyon dollarlıq mənzildə yaşayır, kiçik qızı Katerina isə Fransada çoxmilyonluq dəyəri olan evə sahibdir.

Putinin sevgilisi olduğu iddia edilən keçmiş gimnast Alina Kabayevanın İsveçrədə dəbdəbəli villasında uşaqları ilə birlikdə Putindən gizləndiyi xəbəri daha əvvəl mətbuatda əksini tapıb. Kabayevanın İsveçrədən deportasiyası üçün imzalar toplanıb.



Kaliforniya Universitetində Rusiya üzrə ekspert Daniel Treisman, Rusiya liderlərinin Qərbi daim tənqid etdiyi halda, övladlarının Qərb ölkələrində dəbdəbəli yaşamasını “açıq ikiüzlülük” kimi qiymətləndirib.

Qeyd edək ki, Rusiya rəsmiləri və onların ailələrinin Qərblə əlaqələri də zaman-zaman Rusiya daxilində mübahisələrə səbəb olur. Rusiya məmurlarının azyaşlı uşaqlarının xaricdə təhsil almasını qadağan edən qanun layihəsi 2016-cı ildə Rusiya parlamentinin aşağı palatası tərəfindən rədd edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər