Sülh sazişinə görə Ermənistanda Paşinyana ciddi müqavimət olmayacaq
Tarix: 14-04-2022 16:14 | Bölmə: Slayd
Sülh sazişinə görə Ermənistanda Paşinyana ciddi müqavimət olmayacaq

“Son günlər Ermənistanda revanşist müxalifətin fəallaşması, aksiya keçirmək cəhdləri hiss edilir. Diqqət edin, müxalifət keçirmək istədiyi aksiya üçün 10 min nəfərlik meydan sifariş etmişdi, üstəlik buna ciddi hazırlaşdı. Amma erməni müxalifətinin aksiyasına 2-3 min nəfər qatıldı”.

Bunu Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov Ermənistanda baş verən siyasi hadisələri şərh edərkən deyib.

Rasim Musabəyov xatırladıb ki, “Ermənistan” blokundan olan deputatlar Laçın dəhlizi vasitəsilə Qarabağa keçmək istəyib, amma onlara “Rədd olun!”,- cavabı verilib: “Rədd cavabından sonra erməni deputatları suyu süzülə-süzülə geriyə qayıtmalı oldular. Sonra Xankəndi şəhərindəki dılğır rejimin bayrağını gətirib İrəvanda parlament kürsüsündən asırlar, hakim partiyanın nümayəndəsi də bayrağı çölə atır. Real vəziyyət budur”.

Rasim Musabəyovun sözlərinə görə, Baş nazir Nikol Paşinyan bilir ki, Ermənistanın erməni əhalisi Qarabağ naminə vuruşmaq niyyətində deyil və Qarabağ ermənilərindən beziblər.

Deputat əlavə edib ki, bu prosesdə Xankəndi şəhərində olan 5-10 separatçı əslində heç kimdir: “Onları adam yerinə qoyan varmı? Onlar özlərinə “prezident” və “parlament” seçsələr də, əslində orada bir stadionluq insan qalmayıb. Odur ki, onların nə qələt etməsinin heç bir əhəmiyyəti yoxdur”.

Müsahibimizin fikrincə, Ermənistanda Paşinyan hakimiyyətinə qarşı rüşvətxorluq və sosial rifahın aşağı düşməsinə görə narazılıq başlaya bilər: “Amma Paşinyan da göstərir ki, belə hallara qarşı savaşır. Məsələn, müdafiə nazirini vəzifədən kənarlaşdırdı, eləcə də fövqəladə hallar nazirinə qarşı ciddi ölçülər götürülür. Korrupsiya, rüşvət kimi məsələlər Paşinyan hökumətini gözdən sala bilər. Amma erməni hökuməti gördü ki, müharibədə uduzmaqlarına baxmayaraq, xalq Paşinyanı hökumətdən uzaqlaşdırmadı. Azərbaycanla sülh danışıqlarına görə də Paşinyan hakimiyyətinə ciddi müqavimət olmayacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər