Professor: “Rusiya Azərbaycanın tələb etdikləri ilə razılaşmağa məcbur olacaq”
Tarix: 14-04-2022 17:12 | Bölmə: Slayd
Professor: “Rusiya Azərbaycanın tələb etdikləri ilə razılaşmağa məcbur olacaq”
Cümşüd Nuriyev

“Qarabağdakı separatçıların başçısı Araik Arutyunyanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında fikir ayrılıqları var. Paşinyan dünən parlamentdə çıxış etdikdən dərhal sonra Araik Arutyunyan Xankəndi şəhərində separatçıları toplayaraq təcili iclas keçirib, müzakirələr aparıb. Bu da narazılıqların yaranmasına bir işarədir. Hesab edirəm ki, bu narazılıq daha çox İrəvanın son zamanlar sülh razılaşması ilə əlaqədar mövqeyindən qaynaqlanır”.

Bunu Reyting.az-a professor Cümşüd Nuriyev Xankəndi şəhərindəki separatçılarla Ermənistan hakimiyyətinin mövcud münasibətlərini şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli razılaşma, 2021-ci ilin 11 yanvarında Moskvada imzalanan siyasi bəyannamə, eləcə də Soçi sənədi və Brüssel görüşünün şərtləri qəbul edilməli, tərəflər bu öhdəliklərə əməl etməlidir.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu öhdəliklərə daima əməl edir, həyata keçirilməsinə çalışır: “Aydındır ki, burada işləri pozan rus sülhməramlıları və Ermənistanın siyasi rəhbərliyinin qeyri-adekvat addımlarıdır. İndi qarşıda növbəti mərhələdir. Bu ayın sonuna qədər sülh sazişi ilə bağlı İşçi qrupu yardılmalıdır. Bu qrup yaradıldıqdan sonra Azərbaycan tərəfi tələb edəcək ki, üçtərəfli bəyanatın şərtləri yerinə yetirilsin”.

C. Nuriyev əlavə edib ki, hazırda Rusiyanın dövlət kimi əlində ciddi təsir imkanları yoxdur: “Odur ki, Rusiya Azərbaycanın tələb etdikləri ilə razılaşmağa məcbur olacaq. Rusların başqa yolu yoxdur.

Həm də Xankəndi və digər nəzarətdən kənar ərazilər əslində hüquqi baxımından Azərbaycanın yurudiksiyasındadır. Çünki biz BMT-yə bu ərazilərlə daxil olmuşuq. İndi de-fakto durum bir qədər fərqli olsa da, Azərbaycan bu problemi həll edəcək. İndiki halda bunun üçün bir qədər zaman lazımdır. İndi Xankəndi şəhərində mövcud gərgin ictimai münasibətlər, İrəvanla əlaqələrin zəifləməsi, anlaşılmazlıqlar fonunda Azərbaycan istəklərinə çatmaq üçün qətiyyətli addımlarını davam etdirəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər