“Ermənistanın varlığına son qoya biləcək müharibə olacaq” - Politoloq
Tarix: 21-04-2022 15:56 | Bölmə: Slayd
“Ermənistanın varlığına son qoya biləcək müharibə olacaq”

Qərblə Rusiya arasında toqquşma artıq Ermənistana keçib, lakin hələ ki, qızğın fazaya çatmayıb.

Reyting.az
xəbər verir ki, bunu erməni mediasına politoloq Stepan Danielyan deyib.

Onun sözlərinə görə, hazırda müşahidə olunan proseslər hər şeyi qaynar fazaya gətirə bilər və belə risklər çox yüksəkdir:

“Cənubi Qafqazda vəziyyət gərginləşərsə, bu, Ermənistan-Azərbaycan müharibəsi yox, Türkiyə, İran və Rusiyanın iştirakı ilə Ermənistanın varlığına son qoya biləcək müharibə olacaq”.

Danielyan bildirib ki, Qarabağ ətrafında ciddi geosiyasi proseslər gedir, Türkiyə, Rusiya və İran burada öz həyati maraqlarını güdürlər: “Britaniya kapitalının fəal iştirakı ilə Qərb də regionda öz maraqlarını fəal şəkildə təbliğ edir. Ermənistan yaranmış vəziyyətdən istifadə edib ciddi geosiyasi quruma çevrilməklə çəkisini artıra bilərdi, lakin indiki hakimiyyətlə belə bir şey gözləmək mənasızdır”.


Stepan Danielyan

Politoloq xatırladıb ki, Paşinyanın Moskva səfərindən əvvəl İrəvan rəsmi olaraq heç bir sənədin imzalanmayacağını bəyan edib, baxmayaraq ki, yekunda 30 bəndlik sənəd imzalanıb. “Bu sənəd çox güman ki, Rusiya tərəfindən hazırlanıb və imzalanmağa məcbur edilib. Rusiya göstərmək istəyir ki, Cənubi Qafqazdakı məsələləri özü həll edir və hər şeyi özünə uyğun olan şəkildə həll edəcək. Bundan əvvəl Qərb sürətlənmiş templə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına, İrəvanı Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa və problemin tamamilə həllinə məcbur etməyə çalışırdı. Növbəti addım ermənilərin Qarabağdan çıxarılması idi. Ancaq hər dəfə sülh müqaviləsi müzakirə olunanda Rusiya bəyan edirdi ki, bu, uzun prosesdir və Qarabağ məsələsi gələcəkdə həll olunmalıdır. Yəni Rusiya və Qərb regionda əks gündəmlə işləyir”,- erməni politoloq əlavə edib.

Danielyan vurğulayıb ki, Ermənistan-Azərbaycan sərhəddinin delimitasiyası məsələsində də Moskva ilə Qərb arasında ziddiyyətlər yaranıb: “Bu prosesin təşəbbüskarı həm də vasitəçi olacaq. Yəni Ermənistan və Azərbaycanla işləyəcək, prosesə hərbi ekspertləri cəlb edəcək. Başqa sözlə, vasitəçi bu prosesdə siyasi və hərbi mövcudluğu təmin edəcək. Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini nəzarətdə saxlamağa çalışır. Bunu xüsusi nümayəndələrin ilk görüşünün Moskvada baş tutması da sübut edir. Bundan sonra Türkiyənin onunla hesablaşmasını istəyən Rusiyaya istinad edərək, üçüncü tərəflərin iştirakı olmadan başqa yerlərdə növbəti görüşlər keçirmək istəkləri səsləndirildi. Türkiyə addımlarını Bakı ilə koordinasiya edəcəklərini bəyan edərək öz gündəminə keçməyə çalışır. Yəni Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi Azərbaycanın maraqlarına əks olmamalıdır”.




Bölməyə aid digər xəbərlər