Putinin gizlinləri üzə çıxır - Fotolar
Tarix: 22-04-2022 16:49 | Bölmə: Slayd
Putinin gizlinləri üzə çıxır

Rusiya-Ukrayna müharibəsinin 58-ci günündə diqqətlər rus qoşunlarının ələ keçirdiyi Mariupol şəhərinə yönəlib. Şəhərdəki mühüm sənaye obyektlərinin və mülki şəxslərin vəziyyəti narahatlıq doğursa da, Putinin Rusiya müdafiə nazirini bu uğuru münasibətilə təbrik edərkən çəkilən fotosu müzakirələrə səbəb olub. Fotodakı təfərrüatları araşdıran ekspertlər bəzi gizlinləri aça bildiklərini iddia edirlər.

Reyting.az
xəbər verir ki, ötən gün Rusiyanın Mariupol şəhərini ələ keçirdiyini açıqlaması həm böyük şok yaradıb, həm də müəyyən şübhələrə səbəb olub.

Müdafiə naziri Sergey Şoyqu şəxsən Putinə Mariupolun alındığı barədə məlumat verib. Çoxsaylı ekspertlər Kreml tərəfindən çəkilən bu iki şəxsin fotolarına diqqət yetirib. Kremlin rəsmi saytı Putin və Şoyqunun masa arxasında üzbəüz əyləşərkən çəkilmiş fotolarını təqdim edərkən, müdafiə naziri ilə Rusiya liderinin dialoqunun qısa videosu dünya ictimaiyyəti ilə paylaşıb.

Yayımlanan bu görüntülər, savaş başlayandan bəri gündəmdə olan bir məsələni təkrar müzakirə predmetinə çevirib.



Videoda görünür ki, Putin olduqca kefsizdir və əhval-ruhiyyəsi çox aşağıdır.

Bu da azmış kimi, Rusiya liderinin həm Sergey Şoyqu, həm də Nikolay Tokarevlə görüşündə oturduğu masanın kənarından yapışması onun xəstəliyi ilə bağlı şayiələri artırıb. Olduqca nadir rast gəlinən Putin-Şoyqu görüşünün videosunda müdafiə naziri prezidentə Mariupol şəhərinin “azad edildiyini” deyir. Lakin Putin bu sözləri eşitməkdən məmnun olmasa da, çökmüş və narahat ifadəsi ilə naziri dinləyir.

Fevralın 24-də müharibə başlayandan bəri Putinin fotolarını və çıxışlarını təhlil edən ekspertlər Rusiya liderinin xəstə olduğunu, səhhətinin günü-gündən ağırlaşdığını iddia edirlər. Uzun müddət görünmədiyi üçün vəfat etməsi barədə şayiələr yayılan müdafiə naziri Şoyqunun isə infarktdan sonra tam sağalmadığı hiss edilir.

Digər tərəfdən, Putinin üz və boyun nahiyəsindəki şişkinlik onun steroid müalicəsi aldığına dair şübhələri gücləndirir. Kreml fonunda yayılan şayiələrdə iddia olunur ki, müharibə başlayandan bəri onkologiya (xərçəng) üzrə mütəxəssislər Putini azı 35 dəfə ziyarət edib.

Başqa bir fikrə görə, Putinin üzündəki bədbin ifadə onun Ukrayna müharibəsində istədiyini ala bilməməsi ilə bağlıdır. Çünki bir neçə günə Kiyevi alıb, Ukraynanı tam nəzarətə götürəcəyinə inanan rus ordusu müharibənin ikinci ayı yaxınlaşsa da, bu hədəfindən çox uzaqdır.

Bədən dili analizləri Putinin masanın kənarından yapışmasının xəstəliklə bağlı ola biləcəyini irəli sürür. Mütəxəssislərin fikrincə, Rusiya lideri öz titrəyişini göstərməməyə və masadan dəstək almağa çalışa bilər. Digər iddia isə odur ki, Putin bədbin və qəzəbli halını gizlətmək, özünü və əsəblərini cilovlamaq üçün masadan yapışıb.



Şayiələr getdikcə artır: dünya liderlərinin oturduğu uzun masalar, Braziliya lideri Bolsonaronun onunla əl sıxmaq üçün beş testdən keçməli olması Rusiya liderinin toxunulmazlığını aşağı salan və onu təhlükə altında qoyan bir xəstəliyinin ola biləcəyini göstərir. Əllərinin titrədiyi videolar “Bu Parkinson ola bilərmi?” sualını verməyə vadar edir, üzünün şişkin görüntüsü kortizon dərmanı istifadə etməsinə sübut göstərilir.

Keçmişdə həmişə sərt davranışı ilə dünyanı lərzəyə gətirən liderin indi “qoca və qaşqabaqlı şəxs” təsiri bağışlaması, üstəlik, tələsik olması da təəccüblüdür.

Rusiyada yerləşən “Proekt” tədqiqat platformasının dərc etdiyi sənədlər Rusiya mediasında geniş işıqlandırılıb. Nəşr edilən sənədlərə görə, ən azı 5 müxtəlif həkim Rusiya prezidenti Putini səfərləri zamanı müşayiət edir. Qalxanabənzər vəzi xərçəngi üzrə ixtisaslaşmış otorinolarinqoloq Yevgeni Selivanov Rusiya liderinin yanından ayrılmır.

Rusiya mətbuatındakı xəbərlərdə qeyd edilir ki, Moskva Mərkəzi Klinik Xəstəxanasının tanınmış cərrahlarından olan Selivanov Putinlə azı 35 dəfə Soçiyə uçub.




Bölməyə aid digər xəbərlər