Avropada agent ovu: rus diplomatlara şübhələr artır
Tarix: 25-04-2022 17:33 | Bölmə: Slayd
Avropada agent ovu: rus diplomatlara şübhələr artır

Rusiya-Ukrayna müharibəsində sülhə olan ümidlər azalıb və rusların Donbass bölgəsinə hücumları güclənib. Belə bir vaxtda Ukrayna tərəfində olan bir çox Avropa ölkəsində bəzi rusları nəzarətdə saxlamağa çalışırlar.

Reyting.az
xatırladır ki, Ukrayna ilə müharibəyə paralel olaraq dünyada anti-Rusiya mövqeyi güclənir. Bu, xüsusən müxtəlif sanksiyaların tətbiqi və diplomatiya sahəsində diqqət çəkir. Artıq Rusiyanın 400-dən çox diplomatı müxtəlif ölkələrdən qovulub.

Diplomat böhranında Avropa İttifaqına üzv ölkələr ön sıradadır. Müharibədən əvvəl də fəaliyyətləri şübhə doğuran bəzi diplomatların Rusiya üçün casusluq etmələri ilə bağlı müxtəlif iddialar irəli sürülüb. Diplomatların deportasiyası ilə bağlı qərarların Rusiyanın müharibədəki cinayətlərinə cavab olaraq qəbul edildiyi bildirilsə də, əslində reallıq başqadır. Diplomatların ölkədən çıxarılmasının arxasında Rusiya ilə siyasi münasibətlərdəki gərginliyin dayandığı qeyd edilsə də, əslində Avropa dövlətləri öz ölkələrində məskunlaşan və diplomatik vəzifələrinə görə bir çox hüquqlara və çoxsaylı imkanlara çıxışı olan bu insanların agent və kəşfiyyatçı olmasından şübhələnirlər. Məsələn, 2018-ci ildə İngiltərədə Sergey Skripal adlı rusun agent şəxsiyyəti üzə çıxanda Rusiya bu şəxsi öldürməyə cəhd etdi. Bundan sonra qalmaqallarda adı hallanan Rusiya səfirliyinin 200 əməkdaşı İngiltərədən qovuldu. Bunun ardınca başlayan diplomatların qovulma halları II Dünya müharibəsindən sonra tarixdə görünməyən geniş miqyas aldı.

Qeyd edək ki, son deportasiya edilən 400 rusiyalı ilə bağlı qərar verən ölkələrdən 23-ü Aİ üzvü, 3-ü isə Aİ üzvü olmayan ölkələrdir. Əslində Avropa Birliyi də öz daxilində Rusiya vətəndaşlarını deportasiya edib.

Britaniyalı akademik Kris Miller hadisələri Rusiyanın xüsusi xidmət orqanlarının illərdir Avropadakı casusluq fəaliyyətinə “gec” cavabı kimi qiymətləndirib. Miller bildirib ki, Londondan Berlinə qədər uzanan təyyarədə bir çox hücum və sui-qəsdlərinə görə rus agentləri məsuliyyət daşıyırlar. Qeyd olunur ki, belə vəziyyət illərdir davam etsə də, hakimiyyətin diqqətindən kənarda qalır.

Maraqlıdır ki, Rusiya ilə yaxın münasibətdə olan Avstriya, Bolqarıstan və Almaniya da deportasiya çılğınlığının təsirindədir.

Digər tərəfdən, deportasiya edilən Rusiya vətəndaşlarının əksəriyyətinin casus olduğuna dair tutarlı dəlillər var. Artıq bu şəxslərin diplomatik münasibətləri tənzimləyən Vyana Konvensiyasına qarşı davranışları müəyyənləşib. Martın 23-də Polşa 45 rus diplomatını ölkədən çıxararkən bu bəyanatı verib. Polşanın bəyanatındakı cümlələr illərdir yaşanan reallıqları əks etdirir. Bildirilir ki, Rusiyanın hədəf seçdiyi ölkələrdə çalışan rus diplomatları yerli şəxslərlə işləməkdə və yalan təbliğat kampaniyalarının təşkilində çox mahirdirlər.

2014-cü ildə Şotlandiyada keçirilən müstəqillik referendumu, Böyük Britaniyada 2016-cı il Brexit səsverməsi, 2017-ci ildə Fransada keçirilən prezident seçkiləri, Almaniyada federal seçkilər və Kataloniyanın İspaniyadan ayrılması kimi nümunələr rus agentlərinin iştirak etdiyi kritik hadisələrdən yalnız bir neçəsidir.

Rusiyanın casusluq fəaliyyəti Aİ və NATO-ya da sızıb. Keçən ilin oktyabr ayında NATO Rusiyanın NATO missiyasından 8 nəfəri təhlükəsizlik araşdırmasından keçmədiyi üçün işdən çıxarmışdı. Rusiyanın casus şəbəkəsi vəzifə yerlərində ictimaiyyətlə əməkdaşlıq edərək Avropanın kosmos tədqiqatlarına müdaxilə etməyə çalışıblar. İddialara görə, kosmik texnologiyaların oğurlanması ilə bağlı bir çox gizli əməliyyatlar həyata keçirən agentlər Avropa ölkələrində də təxribat və ya sui-qəsd cəhdləri ilə məşğul olurlar.

Çexiyada silah istehsalçısı EMCO şirkətinin 2 silah anbarının partladılması da məhz rus kəşfiyyatının “əl işi” hesab olunur. Eyni zamanda EMCO-nun bolqar sahibi və daha iki nəfəri Bolqarıstanda zəhərlənərkən Rusiya hərbi kəşfiyyatçılarının ölkədə olduğu üzə çıxıb.

Almaniya məhkəməsi isə 2019-cu ildə bir çeçenin qətlinə görə rus agentlərinin məsuliyyət daşıdığını sübuta yetirib.

Rusiyanın casusluq fəaliyyəti bütün Avropaya yayılsa da, görünür, əsasən iki regionda cəmləşib - Belçika və Avstriya! Diplomatik nöqteyi-nəzərdən çox vacib olan Vyana və Brüssel şəhərləri rus agentləri üçün iş yükünün çox olduğu kiçik “cənnətlər” kimidir. Bəzi hökumətlərin bu problemə laqeyd münasibəti son illərdə casusluğun “yüksəlməsinə” və bir çox arzuolunmaz hadisələrə səbəb olub.

Rusiyanın casusluq fəaliyyətinin artması NATO-nu həyəcan təbili çalmağa vadar edib: NATO tərkibində xüsusi “Kəşfiyyat və Təhlükəsizlik” bölməsi yaradılıb.




Bölməyə aid digər xəbərlər