Rusiya NATO-nu və Qərb ölkələrini hədələyir: “Hərbi hədəflərinizi və diplomatlarınızı vurarıq”
Tarix: 27-04-2022 11:36 | Bölmə: Slayd
Rusiya NATO-nu və Qərb ölkələrini hədələyir: “Hərbi hədəflərinizi və diplomatlarınızı vurarıq”

Rusiya-Ukrayna müharibəsi fonunda rəsmi Moskva ilə NATO ölkələri arasında gərginlik getdikcə kritik həddə çatır. Artıq Rusiya Qərb ölkələrini sərt şəkildə təhdid etməyə başlayıb. Kreml Qərbi Kiyevə silah göndərməklə müharibəni uzatmağa çalışmaqda da ittiham edir.

Reyting.az
xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Ceyms Heppinin Ukraynanın Rusiyanı bombalamasını dəstəklədikləri ilə bağlı açıqlaması Kremldə sərt reaksiyaya səbəb olub.

C. Heppi deyib ki, İngiltərə Ukrayna ordusunun Rusiyanın infrastrukturunu hədəf alan hücumlarını dəstəkləyir və bu hücumlarda Britaniya silahlarından istifadə tamamilə qanunidir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, Rusiya Ukraynaya silah göndərən İngiltərə və digər NATO ölkələrindəki hərbi hədəfləri də vura bilər. Zaxarova əlavə edib ki, Ukraynanın paytaxtı Kiyevə qayıdan Qərb diplomatlarının da bombaların hədəfinə çevrilməsi mümkündür:

“Hərbi yüklərin logistikasını kəsmək üçün Rusiya NATO ölkələrindəki Kiyev rejimini silahla təmin edən hərbi hədəfləri də vura bilər. Bu vəziyyət Ukraynada ölüm və qan tökülməsinə səbəb olur. Başa düşdüyüm qədər, buna görə məsuliyyət daşıyan ölkələrdən biri də İngiltərədir”.

Rusiya Müdafiə Nazirliyi isə Heppinin sözlərini təxribat kimi qiymətləndirib və Kiyevdə Qərb diplomatlarını güllələməklə hədələyib.

“Böyük Britaniya Kiyevi bu cür hərəkətlərə təhrik edərsə, proporsional şəkildə cavab verəcəyik. Qərb ölkələrindən məsləhətçilərin olması bizim üçün Kiyevdəki qərar mərkəzlərini uzaqmənzilli silahlarla vurmaq üçün problem yaratmır”, - deyə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Xatırladaq ki, Rusiya öz qoşunlarını paytaxt Kiyev ətrafından çıxardıqdan sonra İngiltərə də daxil olmaqla, bir çox ölkə öz diplomatlarını yenidən Kiyevə göndərəcəklərini açıqlayıb.

Diqqətə çatdıraq ki, müdafiə naziri Heppinin açıqlaması İngiltərədə də mübahisə yaradıb. Parlamentin Müdafiə Komitəsinin sədri Tobias Ellvud “The Times”a bildirib ki, nazirin açıqlaması Rusiyanı Ukraynadan başqa Qərb ölkələrinə və xüsusilə də Polşaya məxsus hərbi hədəfləri vurmağa vadar edə bilər. Ellvud qeyd edib ki, Qərb Ukraynadakı müharibəyə getdikcə daha çox cəlb olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər