Üç ölkə arasında gərginlik: səbəb su qıtlığıdır
Tarix: 18-07-2022 13:57 | Bölmə: Slayd
Üç ölkə arasında gərginlik: səbəb su qıtlığıdır

Türkiyədən İraqa axan Fərat və Dəclə çaylarında su tədricən azalır. Həm də bu səbəbdən su qıtlığı ilə üzləşən İraqla Türkiyə arasında uzun müddətdir gərginlik davam edir.

Reyting.az
xəbər verir ki, İraq rəsmi Ankaradan Fərat və Dəclə çaylarında suyun artırılmasını tələb edib.

Xatırladaq ki, rəsmi Bağdad illərdir Türkiyə və digər qonşu ölkələrdəki çaylar üzərində tikilən bəndlərin ölkəyə axan çayları quruda biləcəyindən şikayətlənir.



Son olaraq bildirilib ki, İraqın su naziri Mehdi əl-Həmdani həftə sonu prezident Rəcəb Tayyib Ərdoğanın İraq üzrə xüsusi nümayəndəsi Veysəl Əroğlu ilə videokonfrans görüşərək, İraqa Fərat və Dəclə çayları vasitəsilə axan suyun nəzərdən keçirilməsini istəyib.

Hökumət diqqətə çatdırır ki, nazir, yay aylarında İraqda artan su qıtlığına diqqət çəkib.

Açıqlamada qeyd olunur ki, Əroğlu bu tələbi rəsmi Ankaraya çatdıracağını və Türkiyənin su ehtiyatları nəzərə alınaraq tələbin qiymətləndiriləcəyini bildirib.

Tərəflər həmçinin İraqdan nümayəndə heyətinin Türkiyəyə səfər edərək bəndlərdə yoxlama aparması barədə razılığa gəliblər.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, İraq dünyada su qıtlığının ən böyük təhlükəsi ilə üzləşən beşinci ölkədir. Son illər ölkədə yağıntıların azalması və rekord hava temperaturu səbəbindən su ehtiyatları tədricən azalır.

Rəsmi məlumatlara görə, son 100 ildə Fərat və Dəclə çaylarından ölkəyə axan suyun miqdarı üçdə bir azalıb. Keçən həftə İraq hökumət rəsmisi deyib: “Bizim su ehtiyatlarımız keçən illə müqayisədə 60 faiz azalıb”.

Məsələ son vaxtlar Ankara-Bağdad xəttində gərginlik yaradır. Türkiyənin Bağdaddakı səfiri Əli Rıza Güney ötən həftə “Tvitter” hesabında iraqlıların su ehtiyatlarını “boşa xərclədiyini” qeyd edib. İraqın su naziri Həmdani isə Türkiyəni sərt şəkildə tənqid edərək, “Onlar İraqın su kvotasını azaltmağa haqları olduğunu düşünürlər”,- deyib.



Diqqətə çatdırırıq ki, bundan öncə daha İran ölkənin bəzi bölgələrində həyatı iflic vəziyyətinə salan qum fırtınalarına görə Türkiyəni ittiham edib. İranın Baş prokuroru Məhəmməd Cafer Montazeri ölkənin qərb və cənub bölgələrində qum və toz fırtınalarına səbəb kimi Türkiyənin sərhəddəki Aras çayı üzərində qurduğu bənd və divarları göstərib.

Beləliklə, hazırda Türkiyə, İraq və İran arasında su problemi ən ciddi böhran hesab olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər