Azərbaycan digər ərazilərində də suverenliyini təmin etməlidir - Partiya sədri
Tarix: 18-07-2022 19:38 | Bölmə: Slayd
Azərbaycan digər ərazilərində də suverenliyini təmin etməlidir
Xankəndi şəhəri

“Rusiya tərəfi iyul ayı ərzində Azərbaycanın separatçı bölgəsindən Ermənistan silahlı qüvvələrinin çıxarılacağına söz versə də, buna əməl etməyib. Bizə aydındır ki, Rusiya hakimiyyətində söz deyib onun üzərində durmamaq bu ölkənin siyasətindən irəli gəlir. O cümlədən separatçılar bir yana, Qarabağda mövcud olan Ermənistan ordusunun çıxarılmaması bilavasitə Rusiyanın mövqeyindən asılıdır. Əgər Rusiya istəsə və ortaya mövqe qoysa, Ermənistan silahlı qüvvələrinin Qarabağdakı tör-töküntüləri ərazini tərk edər”.

Bunu Reyting.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Partiya sədrinin fikrincə, ola bilsin ki, Azərbaycan hakimiyyəti Rusiya ilə açıq qarşıdurmaya getməmək üçün belə hallarda sərt mövqe nümayiş etdirmir:

“Bəli, prezident İlham Əliyev son çıxışında müəyyən məsələləri qeyd etdi, Rusiya ilə bağlı tənqidi fikirlər səsləndirdi. Bu yaxşı haldır, belə tənqidlər lazımdır. Ancaq mənim təklifim belədir ki, bizim etirazlarımız və narazılığımız rəsmi bəyanatlar və notalarda da ifadə olunsun.

Çıxışlarda tənqidlər olmalıdır. Amma bunu bəzən daxili aditoriya üçün hesablanan yanaşma kimi təqdim edirlər. Mən hesab edirəm ki, Qarabağ məsələsində Rusiya rəsmilərinin bəyanatı ilə bağlı rəsmi etiraz notası verilməlidir. Bu etirazlar Azərbaycan Xarici İşlər Nazirliyi və ya Müdafiə Nazirliyi tərəfindən edilə bilər. Bizim hakimiyyətin Rusiyaya münasibətdə sərt mövqe sərgiləməsi hiss edilməlidir. Rusiyanın indiki mövqeyindən və durumundan istifadə edərək Azərbaycan digər ərazilərində də öz suverenliyini təmin etməlidir”.

Q. Əlibəylinin sözlərinə görə, Rusiya çalışır ki, problem həll edilməsin. Çünki problem həll olunsa, Rusiyanın bölgədə hərbi-siyasi iştirakına ehtiyac qalmayacaq. Problem həll olunmadıqca Rusiya vasitəçi kimi çıxış etməyə çalışır və istəyir ki, münaqişə onun nəzarəti altında olsun, həll edilmə görüntüsü yaradılsın, amma həllini tapmasın.

Reyting.az




Bölməyə aid digər xəbərlər