Türkiyə-Ermənistan əlaqələrinin normallaşması Rusiyanı narahat edir - Deputat
Tarix: 18-07-2022 20:11 | Bölmə: Slayd
Türkiyə-Ermənistan əlaqələrinin normallaşması Rusiyanı narahat edir

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və inkişafı Rusiyani ciddi şəkildə narahat edir. Ermənistan daxilində olan rusmeylli qüvvələri də narahat edən ciddi məsələlərdən biri budur. Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətləri normallaşsa, Rusiya regiondan sıxışdırılıb çıxarıla bilər. Bu məsələ həm Rusiyanı, həm də Ermənistandakı ruspərəst qüvvələri narahat edir”.

Bu sözləri Reyting.az-a Milli Məclisin üzvü Elman Məmmədov deyib.

E. Məmmədov xatırladıb ki, Türkiyə NATO hərbi blokunun ən güclü ölkələrindən biridir: “NATO hərbi blokunun Türkiyə vasitəsilə regiona, daha dəqiqi, Ermənistana daxil olmasını, mümkündür ki, baş nazir Nikol Paşinyan başda olmaqla əksər normal siyasi qüvvələr gizli olsa da arzulayırlar. Rusiyanı narahat edən məsələlərdən biri də budur. Odur ki, Rusiya Cənubi Qafqazda, ələlxüsus Ermənistanda mövqe və nüfuzunu itirməmək üçün müxtəlif yollara əl atır. Çünki Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan əlaqələrinin qurulması onları çox narahat edir. Amma Rusiya bir şeyi bilməlidir ki, Türkiyə artıq regiondadır”.

Deputat diqqətə çatdırıb ki, əslində nə Azərbaycan, nə də Türkiyə müharibə tərəfdarı deyil. Hər iki ölkənin indiyə qədər dəfələrlə sülh təşəbbüsü ilə çıxış etdiyini xatırladan E. Məmmədov qeyd edib ki, regionda sabitliyin olması və əlaqələrin inkişafı bütün bölgə dövlətlərinin xeyrinədir. “Amma bunun üçün Ermənistan real addımlar atmalı, Bakı və Ankara ilə əlaqələrini normal səviyyəyə çatdırmalı, sülh sazişi imzalamalı, habelə ordu qalıqlarını Azərbaycan ərazilərindən çıxarmalıdır. Azərbaycanın dövlət başçısı dəfələrlə sülhpərvər mövqeyini açıqlayıb, tərəfləri buna səsləyib. Amma bu, heç də o demək deyil ki, Azərbaycan sonsuza qədər bu mövqedə olacaq. Sözsüz ki, bizim də səbr kasamız var. Azərbaycan rəhbəri dəfələrlə qeyd edib ki, dəmir yumruq yerindədir. Bu baxımdan Ermənistanın qarşısında iki seçim var, Azərbaycan isə ona ən yaxşsını təklif edir”,- deyə E. Məmmədov əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər