Vahid Əhmədov: “Azərbaycan hərbi əməliyyat keçirib məsələni yoluna qoymalıdır ki...”
Tarix: 19-07-2022 16:02 | Bölmə: Slayd
Vahid Əhmədov: “Azərbaycan hərbi əməliyyat keçirib məsələni yoluna qoymalıdır ki...”

“Tehranda Türkiyə, Rusiya və İran prezidentləri arasında vacib görüş keçirilir. Açığı, mən inanmıram ki, qeyri-adi qərarlar verilsin. Eyni zamanda bu dövlətlər maraqlıdırlar ki, Azərbaycanla münasibətləri yüksək səviyyədə olsun. Sözsüz ki, bunun da əsas təşəbbüskarı Türkiyə prezidenti cənab Ərdoğandır. Ərdoğan böyük nüfuz sahibidir və dünyada tanınan liderlərdən biridir. Bu gün Ərdoğan İran prezidenti və bu ölkənin Ali dini rəhbəri ilə görüşərək müzakirələr aparıb”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Vahid Əhmədov bu gün Tehranda üç ölkə prezidentinin görüşündən danışarkən deyib.

V. Əhmədov bildirib ki, Tehranda bir araya gələn üç ölkə liderinin müzakirə edəcəyi bir sıra məsələlər var: “Əlbəttə, orada Qarabağla bağlı da söhbətlər aparıla bilər. Eləcə də son zamanlara qədər İrandan ölkəmizə müəyyən təhdidlərin olduğu hiss edilirdi. Bu da gündəmə gətirilə bilər. Əslində müzakirə ediləsi məsələlər çoxdur və yəqin ki, müzakirə olunacaq”.

V. Əhmədovun fikrincə, Azərbaycan üçün vacibi odur ki, Qarabağ problemini tam olaraq həll etsin: “Rusiya öz imzasına hörmət etmirsə, bu halda Azərbaycan nə etməlidir? Hərbi əməliyyat keçirib məsələni yoluna qoymalıdır ki, ərazi bütövlüyümüz bərpa olunsun.

Əslində ciddi məsələlər var və onlar müzakirə ediləcək. O cümlədən ciddi iqtisadi problemlər mövcuddur. Dünyada aclıq, ərzaq və qida problemləri müşahidə olunur. Odur ki, belə görüşlərin keçirilməsi müsbət haldır”.

V. Əhmədov ümid edir ki, Tehran görüşü və müzakirələri pozitiv atmosferdə keçəcək və bölgədə ticarətin, iqtisadiyyatın inkişafına hansısa formada töhvə verəcək: “Dünyadakı problemlərin həlli üçün qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq olduqca vacibdir. Azərbaycan, elə Türkiyə də daima əməkdaşlığa hazır olduğunu bildirir. Həmçinin bölgədə 3+3 platforması əsasında əməkdaşlıq təklifləri gündəmdədir. Mən hesab edirəm ki, görüşlər və müzakirələr yaranan problemlərin və çətinliklərin həllinə təsir göstərəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər