Putin yeni ərazilərin ilhaqına hazırlaşır
Tarix: 20-07-2022 14:00 | Bölmə: Slayd
Putin yeni ərazilərin ilhaqına hazırlaşır

Rusiyanın işğal etdiyi Ukrayna torpaqlarının Kreml tərəfindən ilhaq ediləcəyi iddiası yenidən gündəmə gəlib. Ehtimal olunur ki, bu ərazilərdə Rusiyaya birləşmək üçün referendumlar keçiriləcək. Referendumlar sentyabr ayında keçirilə bilər.

Reyting.az
xəbər verir ki, ABŞ administrasiyası Rusiyanın zəbt etdiyi torpaqların ilhaqına hazırlaşdığını bildirir və bunun Krıma ssenarisinə oxşar ola biləcəyini bəyan edir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi ABŞ kəşfiyyatının məlumatları əsasında deyib ki, Rusiya artıq Ukraynada ilhaqa hazırlaşır: “Sentyabrda Ukraynanın işğal olunmuş ərazilərində Rusiyaya birləşmək üçün referendumlar keçirilə bilər”.

Kirbinin sözlərinə görə, Rusiya belə bir qanunsuz addım atarsa, ABŞ-ın cavabı çox sərt olacaq.

Xatırladaq ki, 2014-cü ildə Ukraynada qərbyönlü hökumət hakimiyyətə gəldikdən sonra Rusiya referendumdan sonra Qara dəniz donanmasının yerləşdiyi Krımı ilhaq edib. İlhaq qərarı beynəlxalq ictimai rəydə böyük reaksiyalara səbəb olub, Ukraynanın şərqindəki ruspərəst separatçıların birtərəfli qaydada müstəqillik elan etmələri bölgədə müharibənin başlanması ilə nəticələnib.

Hazırda Rusiya 147 günlük müharibədə Ukraynanın bir çox bölgələrini, o cümlədən Xerson, Zaporojya, Donetsk və Luqanskı nəzarətə götürüb. Donbassın şərqində isə şiddətli toqquşmalar davam edir.

Ukrayna prezidenti Volodomir Zelenski daha əvvəl Rusiyanın Xerson və Zaporojyada müstəqillik referendumu keçirməyi planlaşdırdığını iddia edib. Artıq Xersonda Ukrayna pul vahidi əvəzinə rus rublundan istifadəyə başlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər