General Milley: “Ruslar məqsədlərinə çata bilməyib”
Tarix: 21-07-2022 11:49 | Bölmə: Slayd
General Milley: “Ruslar məqsədlərinə çata bilməyib”
Mark Milley

ABŞ Rusiyanın hücumlarına qarşı çıxmaq üçün Ukraynaya daha 4 yüksək təsirli artilleriya raket sistemi (HIMARS) göndərəcək. Reyting.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib.

Xatırladaq ki, ABŞ Ukraynaya indiyədək 12 HIMARS sistemi verib. Müdafiə nazirinin sözlərinə görə, bu sistemlər sahədə balansı dəyişib.

L. Ostin Ukraynaya çoxbarrelli raket sistemləri və artilleriya batareyaları üçün sursat göndərəcəklərini də diqqətə çatdırıb.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley isə Ukrayna Müdafiə Təmas Qrupunun virtual keçirilən 4-cü iclasından sonra bildirib ki, ruslar son bir neçə ayda Donbass istiqamətində mərhələli taktiki uğur əldə etsələr də, strateji və əməliyyat məqsədlərinə nail ola bilməyiblər.

ABŞ Baş Qərargah rəisi M. Milley Rusiyanın Donbass bölgəsində ağır xərclər qarşısında az qazanc əldə etdiyini diqqətə çatdırıb.



Ukraynanın Donbass bölgəsini uduzub-udmaması ilə bağlı sualı cavablandıran Milley deyib ki, Donbass hələ itirilməyib:

“Ukraynalılar ruslara qazandıqları hər torpaq parçasına görə pul ödətdirirlər”.

Milleyin sözlərinə görə, Rusiya Donbassda 90 günlük əməliyyatı zamanı çox az ərazi əldə edib.

Milleyin fikrincə, bölgədə qarşıdurmalar çox şiddətlidir: “Hər 24 saatda on minlərlə artilleriya mərmisi atılır, çoxlu itkilər olur və hər iki tərəfdən çoxlu dağıntılar var”.

Onu da qeyd edək ki, Ukrayna Qərb tərəfindən təchiz edilmiş çoxbarrelli reaktiv yaylım atəşi sistemləri ilə Rusiyanın 30 logistika və sursat mərkəzinə uğurlu hücumlar elan edib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu həftənin əvvəlində generallara Ukraynanın Rusiyanın təchizat xətlərini hədəf alan uzaqmənzilli raket və artilleriya sistemlərinin məhvinə üstünlük vermələrini tapşırıb.




Bölməyə aid digər xəbərlər