İran Türkiyəyə hibrid müharibə elan edib
Tarix: 21-07-2022 13:55 | Bölmə: Slayd
İran Türkiyəyə hibrid müharibə elan edib

İraqın şimalında yerləşən Zaho rayonunda 8 nəfərin ölümü, 23 nəfərin yaralanmasına səbəb olan hücumdan sonra İraqda Türkiyə əleyhinə etirazlar başlayıb. Fərqli yerlərdə etiraz aksiyaları keçirən iraqlılar paytaxt Bağdadda da Türkiyə Mədəniyyət mərkəzindəki türk bayrağını endirib.

Türkiyə Xarici İşlər Nazirliyi hadisə ilə bağlı verdiyi bəyanatda hücumu pisləyib və hadisənin Türkiyə Silahlı Qüvvələri tərəfindən törədilmədiyini deyib.

Hadisənin “pərdə arxası”...

Türkiyə terrorla mübarizə çərçivəsində vaxtaşırı Şimali İraqda və Suriyada antiterror əməliyyatları keçirir. Lakin bu o demək deyil ki, hadisəni məhz Türkiyə Silahlı Qüvvələri təşkil edib.

Rəsmi Ankaranın apardığı antiterror əməliyatları BMT nizamnaməsinin 51-ci maddəsinə əsaslanır. Həmin maddəyə görə, təkcə Türkiyə deyil, istənilən ölkə öz ərazisinə, sərhədlərinə, suverenliyinə yarana biləcək təhdidlərin qarşısını almaq üçün antiterror əməliyyatı keçirə bilər.

Hesab edirəm, Zaho da baş verən hadisəni PKK terrorçuları törədib. Məsələ ondadır ki, Türkiyə xüsusi xidmət orqanları 17 iyul tarixində İraqın şimalında PKK terror təşkilatının liderlərindən olan, “Dersim Malatya” kod adlı İzəddin İnanı öldürüb. Terrorçu İraqın şimalındakı Duhok rayonunda aparılan əməliyyat nəticəsində məhv edilib. Məlumat üçün diqqətə çatdırım ki, Duhok Zahodan 58 kilometr cənubda yerləşir.

Tehranın Ankaraya elan etdiyi hibrid müharibə...

PKK üçün bu tipli terror hadisələri adidir. Vaxtaşırı İraqda bu kimi hadisələr baş verir. Lakin budəfəki hadisəyə bu qədər reaksiya verilməsi və etiraz aksiyalarının keçirilməsi hadisənin “pərdə arxasında” başqa oyunçunun olduğu ehtimallarını yaradır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri sonrası İraqda belə bir hadisənin baş verməsi diqqət çəkir. Məsələ ondadır ki, Ərdoğan səfər çərçivəsində İranın Ali dini lider Seyid Əli Xamenei ilə görüşüb və bir çox məsələ, həmçinin Türkiyənin Suriyanın şimalında növbəti hərbi əməliyyatları da müzakirə edilib.

Diqqətçəkən məqam Xameneinin Türkiyənin mümkün əməliyyatlarına işarə edərək “Suriyanın şimalında hər hansı hərbi addım Türkiyənin də, Suriyanın da zərərinə olacaq”,- deməsidir.

Xamaneinin bu sözlərindən sonra məhz Türkiyənin antiterror əməliyyatları keçirdiyi bir ərazidə belə hadisənin baş verməsi hadisənin “pərdə arxasında” Tehranın gizlənməsinə şübhələri artırır.

Ümumiyyətlə, PKK ilə İran arasında bir çox sazişin olduğu məlumdur. Rəsmi Tehran şiə hilalı layihəsi çərçivəsində İrana bağlı şiə silahlı qruplarının İrandan Suriyaya rahat hərəkət etməsi üçün PKK-ya iqtisadi və hərbi dəstək verir.

Təsadüfi deyil ki, hadisə sonrası İraqda türk ordusuna qarşı İran dəstəkli şiə qrupları da terror törətməyə başlayıb. Misal üçün, Şiə Əshabi kəhf qrupu Bamerni bölgəsində fəaliyyət göstərən Türkiyə hərbi bazasına hücum edib. Bundan başqa, Mehdi Mühhəndis İntiqam tuqayı da Mosuldakı türk ordusuna məxsus hərbi hissəni artilleriya ilə hədəfə aldıqlarını açıqlayıb.

Bütün bu hadisələr fonunda bir daha Xameneinin dediyi bu sözlər yada düşür: ”Suriyanın şimalında hər hansı hərbi addım Türkiyənin də, Suriyanın da zərərinə olacaq”.

Nəticə etibarilə Ərdoğan-Xamanei görüşündə tərəflərin Suriya məsəlində ortaq məxrəcə gələ bilmədiyi göstərir. Baş verən hadisələr onu deməyə əsas verir ki, İran Türkiyəyə hibrid müharibə elan edib.

Turan RZAYEV




Bölməyə aid digər xəbərlər