"Nə ermənilərin, nə də sülhməramlıların Azərbaycan Ordusuna müqavimət gücü yoxdur” - Ekspert
Tarix: 21-07-2022 16:08 | Bölmə: Slayd
"Nə ermənilərin, nə də sülhməramlıların Azərbaycan Ordusuna müqavimət gücü yoxdur”

“Qarabağda gərginliyin yaranması heç bir tərəfin marağına uyğun olmamalıdır. Əslində isə siyasi baxımdan gərginlik Azərbaycanın xeyirinə ola bilər. Gərginlik artacaqsa, ordumuz hücuma keçərək məsələni həll edəcək. Bu da əsgərlərimizin qanı və canı hesabına başa gələcək. Bu baxımdan hamımız istəyirik ki, problem dinc yolla, sülh müqaviləsi imzalamaqla həll edilsin”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə deyib.

Qarabağ ətrafında baş verən son proseslərdən danışan A. İsazadənin qənaətincə, əks tərəf gərginlik yaratsa Azərbaycan Ordusu əks-hücumla məsələni birdəfəlik yoluna qoyacaq: “Aydındır ki, indi nə Qarabağdakı separatçıların, nə Ermənistan ordusunun, nə də Rusiya sülhməramlılarının Azərbaycan Ordusuna real müqavimət göstərmək gücü yoxdur. Üstəlik, Azərbaycan da İrəvana hücum etmir. Əksinə, biz öz ərazimizdə işləyəcəyik, oranı silahlı dəstələrdən təmizləyəcəyik. Odur ki, indiki məqamda münasibətləri kəskinlşdirmək nə ruslara, nə də ermənilərə xeyir verməz”.


A. İsazadə

A. İsazadə hesab edir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi A. Qriqoryanın guya Ermənistan ordusunun sentyabra qədər Qarabağdan çıxarılacağı ilə bağlı bəyanatına da inanmaq olmaz: “Nəzərə almaq lazımdır ki, siyasətdə səmimiyyət olmur. Üstəlik, tarix elə bir cəmiyyəti bizimlə qonşu edib ki, səmimiyyət bir yana, onlara qətiyyən inanmaq olmaz. Hətta sabah sülh müqaviləsi bağlanasa belə, onlara etibar etmək böyük səhv olardı. Onlar hansısa formada çalışacaqlar ki, Xankəndi şəhərində silahlı qüvvələrini saxlasınlar”.

Ekspert əlavə edib ki, Rusiya-Azərbaycan münasibətlərində gərginlik deyil, soyuqluq müşahidə olunur və bunun da səbəbi var:

“Birincisi, Qarabağ məsələsidir. Ruslar bu məsələni yarımçıq qoyub.

İkincisi, dünyada gedən proseslərdir.

Mən istisna etmirəm ki, ruslar bizdən sanksiya ilə bağlı kömək istəsin və mümkündür ki, Azərbaycan bundan imtina etsin. Çünki kömək etsək biz də sanksiya ilə üzləşə bilərik. Bu da istər-istəməz münasibətlərdə soyuqluq yarada bilər. Amma nəzərə alın ki, bu, müvəqqətidir və sonradan münasibətlər qaydasına düşəcək”.




Bölməyə aid digər xəbərlər