Qarabağdakı sülhməramlılar ermənilərə silah satmaq istəyib
Tarix: 23-07-2022 09:40 | Bölmə: Slayd
Qarabağdakı sülhməramlılar ermənilərə silah satmaq istəyib

“Qarabağdakı Rusiya sülhməramlıları rəsmi hərbçilərdir və üzərlərində avtomat silahı ola bilər. Amma bu silahı bizim hərbçilərdən gizlədiblərsə, deməli, qanuna zidd hərəkət ediblər. Mümkündür ki, onlar 5 ədad avtomat silahı ermənilərə satmaq niyyətində olublar. Bu isə hərbi cinayətdir və bizim əsgərlərimiz onları geri qaytarmaqla düz hərəkət ediblər. Onların hərbi prokurorluğu bu məsələni araşdırmalıdır”.

Bunu Reyting.az-a deputat Rasim Musabəyov bir neçə gün əvvəl Azərbaycan əsgərlərinin rus hərbçiləri nəzarət-buraxılış məntəqəsində yoxlayarkən 5 ədəd əlavə avtomat silah aşkar etməsi və bundan sonra onları geri qaytarmasından danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycan tərəfi bu faktı aktlaşdırıb. Onun sözlərinə görə, bizim hərbçilərimiz Rusiya Sülhməramlı Kontingentinin rəhbərliyi ilə bu məsələni müzakirə etməlidir.

Deputatın fikrincə, sülhməramlıların indiyə qədər digər belə fəaliyyəti istisna olunmur.

R. Musabəyov Ermənistan Təhlükəsizlik Şurasının sədri Qriqoryanın sentyabra qədər erməni ordusunun Qarabağdan çıxarılacağı haqda bəyanatına da toxunub: “Ermənistandan Qarabağa göndərilən çağırışçıların 2 illik xidmət müddəti bitir, yenilərini isə ora göndərə bilmirlər. Çünki valideynlər övladlarının Qarabağda xidmət etməsini istəmirlər. Ona görə də indi xidmət müddəti bitənlər Qarabağdan çıxarılır. Aydındır ki, yeni xidmətə çağırılanları da ora gətirə bilməyəcəklər. Ermənistan isə bunu qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması kimi təqdim edir. Amma orada kifayət qədər Ermənistan vətəndaşı var ki, müqavilə əsasında xidmət göstərir. Onların ərazilərimizdən çıxarılması haqda bir söz demirlər. Bunu biz tələb edirik və edəcəyik də”.

R. Musabəyov xatırladıb ki, həm Ermənistan Təhlükəsizlik Şurasının sədri Qriqoryan, həm də yeni Baş Qərargah rəisi əslən Xocavənd (Hadrut) rayonundandır. Deputatın fikrincə, bunlar Ermənistanda xeyli adam tapacaq ki, ya özü, ya da valideynləri qarabağlı olsun. Sonra da deyəcəklər ki, özləri gedib orada xidmət edirlər, çünki oralıdırlar. “Halbuki onların pulunu Ermənistan verəcək. Azərbaycan da bununla barışan deyil. Biz bunların ərazilərimizdən rədd olmalarını tələb edəcəyik. Ərazini tərk etməyəcəkləri təqdirdə cəzaları sərt olacaq”, - R. Musabəyov əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər