“Real təhlükə yaransa, Azərbaycan Ordusu irəliləyəcək” - Hərbi ekspert
Tarix: 27-07-2022 18:56 | Bölmə: Slayd
“Real təhlükə yaransa, Azərbaycan Ordusu irəliləyəcək”

“Regionda hərbi ritorika var və bunun üçün əsaslar da mövcuddur. Amma ritorikanın arxasında fərqli hərəkətlər dayanır”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə son günlər Ermənistan-Azərbaycan sərhədində və Qarabağdakı rus sülhməramlıların nəzarətində olan bölgədəki separatçıların davranışlarını şərh edərkən deyib.

A. İsazadə diqqətə çatdırıb ki, hazırda Azərbaycan Ordusu real təhlükələrə cavab vermək üçün hazır vəziyyətdədir:

“Ordumuz müharibədən sonra dəfələrlə müxtəlif təlimlərdə iştirak edib. Bu baxımdan istənilən vaxt hərbi əməliyyat keçirə bilər. Bu əməliyyatı şərti anti-terror əməliyyatı da adlandırmaq olar. Ermənistan ordusunun, xüsusilə cəbhə zonasında olan birləşmələrin real vəziyyətini də bilirik. Onlar real və geniş müharibəyə hazır deyillər”.

Hərbi ekspert əlavə edib ki, erməni ordusu və separatçıların təxribatlar törətməkdə məqsədi Azərbaycan Ordusu ilə üz-üzə gəlmək və müharibəyə başlamaq deyil. Onun sözlərinə görə, erməni təxribatlarında əsas məqsəd imzalana biləcək sülh sazişini, Zəngəzur dəhlizi məsələsini və sülhməramlıların nəzarət etdiyi zonada problemlərini həllini mümkün qədər uzatmaqdır. A. İsazadənin fikrincə, ermənilər törətdikləri təxribatlarla daha çox öz rəhbərlərinə təzyiq göstərirlər ki, bağlanan üçtərəfli müqavilənin şərtləri mümkün qədər gec həyata keçirilsin.

A. İsazadə diqqətə çatdırıb ki, Azərbaycan Ordusu hazır vəziyyətdə olsa da, hərəkət yoxdur: “Biz dözürük, susuruq və proseslərin sonunu gözləyirik. Yox, görsək ki, real təxribat bizə hansısa təhlükə yaradır, bu halda Azərbaycan Ordusunun irəliləyəcəyini istisna etmirəm”.

Hərbi ekspert əlavə edib ki, Ermənistan ordusunun Azərbaycana böyük təhlükə yaratmaq imkanı yoxdur: “Amma təxribatlar törətmək, atəşi pozmaq şansı var. Əlbəttə, müharibə başlasa itkilər də, yaralananlar da olacaq. Bu səbəbdən mümkün nəticələrə danışıqlar vasitəsilə nail olsaq, daha yaxşıdır. Nəticə olmasa, gücdən istifadə etməyə məcburuq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər