Professor: “Laçın-Şuşa yolu açıldıqdan sonra vəziyyət Azərbaycanın xeyrinə dəyişəcək”
Tarix: 27-07-2022 19:44 | Bölmə: Slayd
Professor: “Laçın-Şuşa yolu açıldıqdan sonra vəziyyət Azərbaycanın xeyrinə dəyişəcək”

“Hazırda Azərbaycan və Ermənistan arasında əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır. Hələlik Ermənistan tərəfi bunu gecikdirir. Bunun da səbəbi Rusiya və İranın İrəvana təzyiqidir. Məncə, ABŞ da bundan narahatdır. ABŞ tərəfi bilir ki, sülh müqaviləsinin imzalanması gecikdikdə, bölgədə sülh olmayacaq, sabitlik istənilən an pozula bilər. Bundan başqa, İran və Rusiyanın arasında bağlanan müqavilə hərbi təyinatlıdır. Üstəlik, İrandan Rusiyaya dronların satılması məsələsi də var. Məncə, ABŞ istəmir ki, İran və Rusiya arasındakı bu əlaqələr İrəvan-Bakı münasibətlərinə təsir göstərsin”.

Bu fikirləri Reyting.az-a professor Cümşüd Nuriyev ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığını şərh edərkən deyib.

Professor bildirib ki, hazırda regionda əsas məsələ sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demorkasiyası prosesinə başlanılması, Zəngəzur dəhlizinin açılmasıdır: “Paşinyan mövqeyini tez-tez dəyişir. Blinken ona görə hər iki dövlətlə əlaqə saxlayıb. ABŞ-da hesab edirlər ki, belə korreksiyalara son qoymaq lazımdır. ABŞ-ın marağı budur ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlansın”.

C. Nuriyev əlavə edib ki, hazırda bölgədə müharibə ABŞ-a sərf etmir: “Amma Azərbaycan tərəfi nəticə görmədikdə müharibə məsələsi avtomatik olaraq meydana gəlir. Bunu da Azərbaycan təbii qəbul edir”.

C. Nuriyev xatırladıb ki, 20 noyabr razılaşmasının maddələri yerinə yetirilməlidir və Azərbaycan bunu tələb edir: “Amma bəyannamənin 1, 4 və 9-cu bəndləri hələ də icra edilməyib. 4-cü bəndlə bağlı Ermənistan elan edib ki, sentyabrdan sonra Ermənistandan Qarabağa xidmətə əsgər göndərilməyəcək. Olanlar da sentyabra qədər çıxarılacaq. Amma Qarabağda qanunsuz silahlı dəstələr, muzdlular da var. Odur ki, Azərbaycan real addımlar tələb edir”.

Professorun fikrincə, Azərbaycan yeni yolun açılmasını gözləyir. Laçın-Şuşa yolu açıldıqdan sonra bölgədə vəziyyət bir qədər də Azərbaycanın xeyrinə dəyişəcək və Rusiya sülhməramlı qüvvələrinin imkanı müəyyən qədər azalacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər