YAP-çı deputatın şirkəti “Heydər Parkı”nı zəbt edib - Video
Tarix: 28-07-2022 15:26 | Bölmə: Slayd
YAP-çı deputatın şirkəti “Heydər Parkı”nı zəbt edib
Ağalar Vəliyev

Bakının Nəsimi rayonu, Rəşid Məmmədov keçəsi, 25 ünvanında yerləşən “Heydər Parkı” uğrunda “Kristal Abşeron” MKT ilə dövlət qurumları arasında xeyli vaxtdır mübarizə gedir. Reyting.az xəbər verir ki, mübarizəyə səbəb “Kristal Abşeron” MKT-nın “Park Əcəmi” layihəsi çərçivəsində həmin parkı sökərək yerində bina tikmək istəyidir.

“Yeni Sabah”ın araşdırması zamanı məlum olub ki, 2021-ci il 15 noyabr tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı həmin ünvanda ağacların kəsilməsi faktı aşkarlanıb, ərazidə tikinti aparan “Xəzər İnşaat-XXI Əsr” MMC-nin təbiətə 26580 manat ziyan vurması müəyyənləşdirilib. Bundan sonra toplanmış materiallar Baş Prokurorluğa göndərilib və şirkət həmin məbləğdə cərimələnib.

Cərimə və xəbərdarlığa baxmayaraq, “Kristal Abşeron” MKT-nin nəzdində yaradılmış “Xəzər İnşaat-XXI Əsr” MMC həmin ərazidə tikinti işləri aparmağa və parkın ərazisini kiçildərək ağacların kəsilməsinə davam edib.

Məlumata görə, növbəti dəfə 2022-ci il 21 yanvar tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ərazidə ağac kəsintisi faktı müəyyən edilib. Bu dəfə MMC-nin təbiətə 67 min 680 manat məbləğində ziyan vurduğu məlum olub. Toplanmış sənədlər Baş Prokurorluğa göndərildikdən sonra şirkət yenidən həmin məbləğdə cərimələnib.

Daha sonra 2022-ci il 10 may tarixində Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 25 ünvanında yaşayan sakinlər “Oxu.az” saytına şikayət məktubu ünvanlayaraq ərazidə yenidən ağacların kəsildiyini iddia ediblər. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov məsələyə münasibətində deyib:

“Sözügedən ünvanda tikinti işi aparan “Xəzər İnşaat XXI əsr” MTK tərəfindən bu ilin yanvar ayında ərazidə qanunsuz ağac kəsildiyinə görə tərəfimizdən qanunamüvafiq tədbirlər görülüb və toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Lakin hələlik bununla bağlı prokurorluğun hansı qərar qəbul etdiyi bəlli deyil.

Bu gün Yenisabah.az-ın əməkdaşları ərazidə olublar. Bildirilir ki, 2 dəfə ümumilikdə 94 min 260 manat cərimə edilən “Xəzər İnşaat XXI əsr” MTK yenidən binanın tikintisini davam etdirir. Ərazi hasarlanıb, “Park Əcəmi” layihəsi çərçivəsində tikinti işlərinin aparılması barədə elan yazılıb.

Tikinti aparılan yerdə demək olar ki, bütün ağaclar kəsilib, parkın əhəmiyyətli hissəsi zəbt olunub. Parkın qalan ərazisində də növbəti binaların tikilməsi ehtimalı var. Bundan sonra isə “Heydər Parkı” yaxın bir neçə ildə tamamilə yox ola bilər.

Xatırladaq ki, sözügedən park Bakıda tikilən ilk “Heydər Park”larından biridir. Görəsən, adıçəkilən şirkət ərazidə tikintini hansı əsasla aparır? Hansı ki, rəsmi dövlət qurumu məsələ haqda prokurorluğa müraciət edib və iş araşdırılır. Araşdırma başa çatmamış tikinti aparmağa kim icazə verib? Bu suallar hələ ki açıq qalır.

Onu da xatırladaq ki, mediada yayılan məlumatlara görə, “Kristal Abşeron” şirkəti deputat Ağalar Vəliyevə məxsusdur. A. Vəliyev isə Heydər Əliyevin qurduğu Yeni Azərbaycan Partiyasının üzvüdür və bu partiyanın xətti ilə deputat seçilib.

Məhv edilmiş parkın hazırkı görüntülərini təqdim edirik:





Bölməyə aid digər xəbərlər