Strateji müttəfiqi Rusiyaya 25 milyard dollar ödəyib
Tarix: 28-07-2022 15:43 | Bölmə: Slayd
Strateji müttəfiqi Rusiyaya 25 milyard dollar ödəyib

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Çinin Rusiyaya enerji malları üzrə ödənişləri 25 milyard dolları ötüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Reyting.az
xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi neft, qaz və kömür idxalı üçün qiymətləri qaldırsa da, Çin iyun ayında Rusiyadan aldığı enerji məhsullarına bir il əvvəlki ilə müqayisədə 72 faiz çox xərcləyib.

“Bloomberg”-in hesabatına görə, bu gün açıqlanan gömrük məlumatları çinli alıcıların ümumilikdə 6,4 milyard dollar ödədiyini göstərir. Çinli alıcılar ötən ilin eyni ayında 3,7 milyard dollar xərcləyiblər.

Sözügedən məbləğ Çinin mart-iyun ayları arasında Rusiya enerjisinə ümumi xərclərini 25,3 milyard dollara çatdırıb. Pekin 2021-ci ilin eyni dörd aylıq dövründə 13,5 milyard dollar xərcləyib, iki dəfə çox ödəyib.

Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları səbəbindən bir çox ölkələr Rusiya məhsullarını almaqdan yayınır, Çin isə strateji müttəfiqindən daha çox enerji alır, bəzən güzəştli qiymətlərlə.

Finlandiyada yerləşən müstəqil tədqiqat şirkəti olan Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin ötən ay dərc etdiyi hesabata görə, Çin müharibə başlayandan bəri Rusiyanın neft, qaz və kömür xəzinəsini digər ölkələrlə müqayisədə daha çox doldursa da, bir blok olaraq Avropa Birliyinin xərcləri ilə müqayisədə daha az ödəyib.

Əvvəlki ayla müqayisədə Çin iyun ayında Rusiyadan kömür və təbii qaz idxalının həcmini artırıb, çünki alıcılar enerji istehsalı üçün tələb olunan yanacaq baxımından daha çox Rusiyaya güvənirlər. Digər tərəfdən, Çin Rusiyadan xam neft alışını azaldıb.

Buna baxmayaraq, Rusiya ardıcıl ikinci aydır ki, Çinin ən böyük neft tədarükçüsünə çevrilib, çünki çinli alıcılar daha ucuz qiymətə Rusiya neftinə üstünlük verirlər.

Çin Gömrük İdarəsinin məlumatına görə, Çin, daşınması daha baha başa gələn Səudiyyə neftinin idxalını azaldıb. Çinin dəniz və Şərqi Sibir-Sakit okean neft boru kəməri vasitəsilə idxal etdiyi Rusiya nefti iyun ayında əvvəlki ilin eyni ayına görə yüzdə 10 artaraq 7,29 milyon ton olub.

Çinin Rusiyadan neft idxalı may ayında gündə təxminən 2 milyon barellə rekord həddə çatıb. Bu rəqəm iyunda gündəlik 1,77 milyon barrelə düşüb.

Çin iyunda Səudiyyə Ərəbistanından 5,06 milyon ton neft idxal edib ki, bu da ötən illə müqayisədə 30 faiz azalıb. Çinin Səudiyyə Ərəbistanından neft idxalı may ayı ilə müqayisədə gündəlik 1,84 milyon barel azalıb.

Digər tərəfdən, “Bloomberg”-in məlumatına görə, Çinin Rusiyadan cəmi kömür idxalı keçən il 5 milyon ton, may ayında isə 4,7 milyon tona nisbətdə 5,3 milyon tona yüksəlib.

Mayeləşdirilmiş təbii qaz idxalı keçən il 321 min tona, may ayında isə 397 min tona nisbətdə 521 min tona çatıb.

Beləliklə, Çin Rusiyanın neft, qaz və gömürünün real alıcısına çevrilir, müharibə aparan Rusiyaya tələb olunan ödənişləri zamanında çatdırır.




Bölməyə aid digər xəbərlər