ABŞ və Çin arasında çip savaşı başlayıb
Tarix: 28-07-2022 16:31 | Bölmə: Slayd
ABŞ və Çin arasında çip savaşı başlayıb

ABŞ və Çin arasında texnologiya müharibəsi yenidən alovlanıb. ABŞ Senatı texnologiya sahəsində Çinlə daha yaxşı rəqabət aparmaq üçün çip istehsalına 280 milyard dollarlıq büdcə ayıran qanun layihəsini təsdiqləyib.

Reyting.az
xəbər verir ki, Senat yerli çip istehsalı sənayesinin dəstəklənməsinə və ölkənin qlobal iqtisadiyyatda texnoloji dominantlığının saxlanmasına yönəlmiş on milyardlarla dollarlıq elmi tədqiqatlar da daxil olmaqla, 280 milyard dollar yardımı əhatə edən qanun layihəsini qəbul edib.

Bugünkü səsvermədə qətnamə Senatda 33 əleyhinə 64 səs çoxluğu ilə təsdiqləndikdən sonra qanun layihəsi əvvəlcə Nümayəndələr Palatasının Baş Assambleyasında, daha sonra ABŞ prezidenti tərəfindən təsdiqlənməlidir.

Qanun layihəsi ABŞ-ın hərbi texnika və digər sənayelərdə Çin və digər qlobal güclər tərəfindən istehsal edilən çiplərə olan etibarını azaltmaq məqsədi daşıyır. Yerli yarımkeçirici istehsalının artırılması üçün hazırlanan qanun layihəsi ilə istehsalda fasilələrə səbəb olan çip çatışmazlığının aradan qaldırılması nəzərdə tutulur.

Ümumilikdə 280 milyard dollar büdcənin nəzərdə tutulduğu qanun layihəsi ABŞ-da yarımkeçiricilərin istehsalı üçün çip istehsal edən şirkətlərə 52 milyard dollar, Milli Elm Fonduna (NSF) 81 milyard dollar, eləcə də 25 faiz yarımkeçiricilər zavodlarının yaradılmasını təşviq etməyə xərclənəcək. Bu sahəyə xüsusi vergi endirimi də daxildir.



Qanun layihəsinin müzakirəsinə rəhbərlik edən Çarlz Şumer Senatın qərarını “tarixi və əhəmiyyətli” nailiyyət kimi qiymətləndirib.

Senatın Ticarət Komitəsinin üzvü, senator Rocer Viker qanun layihəsinin ABŞ-da yarımkeçirici istehsalını genişləndirəcəyini, elmi araşdırmalar üçün yeni imkanlar yaradacağını və ölkənin Çinlə rəqabət qabiliyyətini artıracağını bildirib.

Senatda ABŞ-ın Çinə qarşı istehsal və texnoloji üstünlüyünü qurmağı hədəfləyən qanun layihəsinin təsdiqindən sonra açıqlama verən ABŞ prezidenti Co Bayden deyib ki, layihə avtomobildən qabyuyan maşınlara qədər hər şeyin qiymətini aşağı salacaq: “Bu, daha çevik Amerika təchizat zəncirləri demək olacaq. Amerika istehlakçıları və milli təhlükəsizlik üçün lazım olan kritik texnologiyalara görə heç vaxt xarici ölkələrdən asılı olmayacağıq”.




Bölməyə aid digər xəbərlər