Qarabağdakı separatçılar çıxılmaz vəziyyətlə üzləşib
Tarix: 29-07-2022 16:58 | Bölmə: Slayd
Qarabağdakı separatçılar çıxılmaz vəziyyətlə üzləşib

“Qarabağda Rusiya sülhməramlılarının sayı azalıb. Bu isə oradakı erməni separatçılarını narahat edir və qorxurlar. Bu səbəbdən özləri üçün müdafiə xətti qurmaq istəyirlər. Zamanında bunların müdafiə xətləri əvvəlki təmas xətti üzrə qurulsa da, Azərbaycan Ordusu 44 gün ərzində bu xətlərin hamısını dağıtdı. İndi onlar yeni müdafiə sistemi qurmağa çalışsa da, Azərbaycan tərəfi deyirik ki, belə qələt etməyin”.

Bunu Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov Qarabağdakı erməni separatçılarından danışarkən deyib.

R. Musabəyov xatırladıb ki, erməni separatçıları bir müddət əvvəl Fərrux kəndində də müdafiə xətti qurmağa çalışıblar: “Əvvəlcə Azərbaycan tərəfi onlara dedi ki, belə etməyin, sonra sülhməramlılar “dayanın”,- söylədi, amma dayanmadılar. Nəticədə Azərbaycan tərəfi tutarlı cavab verdi. İndi vəziyyətin necə olduğunu demək mənim üçün çətindir, amma yenə anologiya - vəziyyətin oxşarlığı var”.

R. Musabəyov qeyd edib ki, separatçılar Qırmızı Bazar istiqamətində də müdafiə istehkamları qurmağa cəhd edir, rus sülhməramlıları isə sanki onlara dəstək verir. Bu isə istər-istəməz yeni problemlər yaradır. “Azərbaycan tərəfi ermənilərə izah edirik, nahaq belə edirsiniz, biz “əl gəzdirmək” niyyətində olsaq, onlar sizi qoruyan deyil. Ancaq hələlik Azərbaycanın bu haqlı tələbinə məhəl qoymurlar. Ona görə ki, Ermənistan oradan öz ordusunu çıxaracaq”,- deputat əlavə edib.

R. Musabəyov bildirib ki, separatçıların iddiasına görə, özlərini arxayın hiss etmək üçün müdafiə imkanlarını genişləndirirlər. “Hətta belə fikirlər səslənir ki, orada yaşayan bütün ermənilər - xüsusilə əlində silah gəzdirə biləcək şəxslər müdafiə xəttində durmalıdır. Amma bunun üçün potensial yoxdur. Digər tərəfdən, belə vəziyyətdə nə qədər dayanmaq olar? Uzaq başı, bir aylıq və ya iki aylıq səfərbərliklə dayanmaq mümkündür. Amma bu şəkildə uzun müddət davam etmək mümkün deyil. Odur ki, cəfəngiyyatla məşquldurlar. Əslində isə çıxılmaz vəziyyətlə üzləşiblər. Sabah Rusiyanın Ukraynada başı möhkəm ağrımağa başlayanda qoşunlarını hər yerdən çıxarıb ora atacaq. Separatçılar da anlayırlar ki, belə vəziyyətdə fəaliyyətlərini davam etdirə bilməyəcəklər”, - R. Musabəyov qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər