Taxıl maqnatı öldürülən Ukraynadan ilk taxıl gəmisi Türkiyəyə gələcək
Tarix: 01-08-2022 12:26 | Bölmə: Slayd
Taxıl maqnatı öldürülən Ukraynadan ilk taxıl gəmisi Türkiyəyə gələcək

Türkiyənin vasitəçiliyi ilə İstanbulda Rusiya- Ukrayna taxıl dəhlizi müqaviləsi imzalandıqdan sonra Ukraynanın taxıl ticarətinin ən önəmli fiqurlarından biri, taxıl maqnatı Oleksiy Vadaturskinin Rusiya bombardmanı nəticəsində ölməsi diqqəti cəlb edir.

Reyting.az
Ukrayna mətbuatına istinadla xəbər verir ki, O. Vadaturski Türkiyəyə getməyə hazırlaşırmış. Ukrayna hökuməti isə hadisənin planlaşdırılmış hücum olduğunu iddia edir.

Xatırladaq ki, Ukraynanın ən zəngin simalarından olan Oleksiy Vadaturski ötən gün həyat yoldaşı Raisa Mixaylovna ilə birlikdə Rusiyanın ölkənin cənub-şərqindəki Nikolayev şəhərini hədəf alan bombardmanda həlak olub. Ötən gecə cütlüyün yaşadığı evin raketlə vurulduğu bildirilir.


O. Vadaturski

O. Vadaturski bir çox infrastruktur işləri, o cümlədən taxıl daşınması üçün silosların tikintisini həyata keçirən Ukraynanın ən böyük taxıl ticarəti şirkəti olan “Nibulon Group”un sahibi olub və “Ukrayna Qəhrəmanı” medalına layiq görülüb. “Forbes” jurnalının 2020-ci il qiymətləndirməsinə görə, Vadaturskinin aktivləri 450 milyon dollar təşkil edib.

Qeyd edək ki, Nikolayevə son hücum, işğalın başlanğıcından bu yana şəhərə edilən ən ağır rus bombardmanı kimi qiymətləndirilir.

Hücum Rusiya və Ukraynanın Türkiyə və BMT vasitəçiliyi ilə İstanbulda taxıl dəhlizi müqaviləsi imzalandıqdan sonra baş verib və bu, bəzi iddialara səbəb olub.

Nikolayev Şəhər Şurasının sədri Anna Zamazeva Oleksiy Vadaturskinin Türkiyəyə getməyə hazırlaşdığını və "taxıl dəhlizi müqaviləsi"nə görə Rusiya tərəfindən qəsdlə hədəfə alına biləcəyini deyib.



Ukrayna prezidentinin müşaviri Mixail Podolyak Oleksiy Vadaturskinin ölümünün təsadüfi ola bilməyəcəyini deyib və hücumu “Rusiya tərəfindən xüsusi olaraq planlaşdırılan qətl” kimi qiymətləndirib.

Dünyanın ən mühüm taxıl istehsalçılarından biri olan Ukraynadan daşımalar Rusiya işğalı səbəbindən dayanıb. İstanbulda imzalanan və Ukraynadan kənd təsərrüfatı məhsullarının, əsasən buğda, arpa və günəbaxan ixracının bərpasını nəzərdə tutan saziş ticarət gəmilərinin təhlükəsiz dəhlizlərlə Türkiyəyə çatdırılmasına və daha sonra beynəlxalq bazarlara çıxmasına imkan verəcək.

Ukrayna prezidenti Volodimir Zelenski keçən həftə deyib ki, Ukrayna taxıl daşımağa hazırdır: “Biz Türkiyə və BMT-dən daşımalara başlamaq üçün siqnal gözləyirik”.



Türkiyə prezidentinin sözçüsü İbrahim Kalin bildirib ki, Ukrayna limanlarından ilk taxıl daşıyan gəmi bu gün çıxacaq.

Bununla belə Ukrayna taxıl maqnatının öldürülməsi Rusiyanın hansı planlarının olması haqda müxtəlif ehtimallara səbəb olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}