Avropa və Rusiyanın enerji savaşı: Putin Asiyaya üz tutsa da, mövqeləri zəifdir
Tarix: 01-08-2022 13:44 | Bölmə: Slayd
Avropa və Rusiyanın enerji savaşı: Putin Asiyaya üz tutsa da, mövqeləri zəifdir

Rusiya ilə Avropa arasında başlayan "enerji müharibəsi" hər iki tərəfi ciddi zərbə vurur. Avropa alternativlər üçün hər cür cəhd etsə də, minlərlə insan işini itirmək təhlükəsi ilə üz-üzədir. Rusiya isə Qərbin təzyiq və sanksiyaları ilə üzləşdikdən sonra Asiya bazarlarında gözlənilməz problemlə qarşılaşıb. Mütəxəssislər Rusiyanın Çin və Hindistanla danışıqlarda strateji mövqeyinin yaxşı olmadığını iddia edirlər.

Reyting.az
xatırladır ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibədən sonra Avropa ilə “enerji müharibəsi”nə başlayıb və bu yaxınlarda Avropaya qaz axınını əhəmiyyətli dərəcədə azaldıb.

Rusiya qazından daha çox asılı olan Almaniya, tarixi məkanların işıqlarını kəsərək hovuz və idman zallarında “soyuq duş” tarifinə keçib, İspaniya isə kondisionerlərə məhdudiyyətlər qoyub, işləyən insanlara sərinləmək üçün qalustuklarını çıxarmağı təklif edib.

Əksər Avropa ölkələri bəzi məkanlarda işıqları söndürməklə qənaət etməyə başlayıb və qitənin bəzi şəhərləri artıq qaranlığa qərq olur.

Avropanın qazın kəsilməsi ilə bağlı ciddi böhran içində olduğu danılmaz faktdır, lakin ekspertlərin fikrincə, böhranın digər tərəfində olan Rusiyada da vəziyyət fərqli deyil.

Yale Universitetinin dərc etdiyi təhlilə görə, kəsilmə qərarından sonra Rusiya ciddi təzyiq altındadır.

Qərbin sanksiya məngənəsində sıxılan Rusiya iqtisadiyyatı bu çətinliyə hələ ki, proqnozlaşdırılandan yaxşı tab gətirir. Əksər analitiklər bunu neft və qaz sənayesindən əldə edilən yüksək gəlirlə əlaqələndirir.

Lakin Yale Universitetinin professoru Ciffrey Sonnenfeldin rəhbərlik etdiyi araşdırma, Rusiya iqtisadiyyatının geniş beynəlxalq sanksiyalardan "ciddi şəkildə sarsıldığını" və qaz tədarükü zəncirlərinin dəyişməsindən ən çox zərər çəkənin Rusiya iqtisadiyyatı olacağını iddia edir.

Təhlildə qeyd olunur ki, Rusiyanın ümumi ixrac gəliri əsasən əmtəələrdəndir və bu ixrac gəlirləri Rusiyanın ümumi dövlət büdcəsinin yarıdan çoxunu təşkil edir.

Rusiyanın enerji kartından təhdid kimi istifadə etdiyini bildirən Avropa Birliyi 2022-ci ilin sonuna qədər Rusiyadan bütün idxalı qadağan etməyi planlaşdırır. Rusiya prezidenti Vladimir Putin isə Avropaya enerji satışının kəsilməsinin təsirini azaltmaq üçün Asiya bazarlarına üz tutub.

Qərbdən təcrid olunmuş Rusiya digər əmtəə ixracatçıları ilə daha sıx əlaqələr yaratmağa çalışsa da, qiyməti əsas götürən alıcılar Rusiyanın əvvəlki kimi güclü olmadığını bilir və endirimlər üçün danışıqlar aparırlar.

"Avropa ilə böhran Rusiyanın Çin və Hindistanla danışıqlarda strateji mövqeyini məhv edib", - Yale komandası bildirib.

Rusiya təbii qaz tədarükünü azaldarkən, Avropa öz iqtisadiyyatını ayaqda saxlamaq müxtəlif cəhdlər edir. Kömürlə işləyən elektrik stansiyaları canlanır, mayeləşdirilmiş təbii qaz üçün terminallara milyardlar xərclənir, dövlət başçıları enerji sövdələşmələri üçün Qətər, Azərbaycan, Norveç və Əlcəzairə üz tutur.

Bununla belə, qazın qiymətində ciddi qiymət artımı diqqət çəkir.

Onu da qeyd edək ki, Rusiya qazının dayandırılması Avropadakı bəzi müəssisə və fabrikləri bağlanmaq məcburiyyətində qoyur. Bu isə minlərlə insanı işsiz qoya bilər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}