Öldürülməsi üçün 25 milyon dollar mükafat vəd edilən terrorçu məhv edilib
Tarix: 02-08-2022 08:20 | Bölmə: Slayd
Öldürülməsi üçün 25 milyon dollar mükafat vəd edilən terrorçu məhv edilib

Əfqanıstanda keçirilən antiterror əməliyyatı nəticəsində “Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahiri öldürülüb.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, antiterror əməliyyatını ABŞ həyata keçirib.

Qeyd edək ki, dünyanın ən çox axtarılan terrorçularından biri olan Ayman əl-Zəvahiri Əfqanıstanın paytaxtı Kabil şəhərində öldürülüb.

11 sentyabr hücumlarının əsas təşkilatçılarından biri kimi ABŞ tərəfindən axtarılan 71 yaşlı Zəvahiri “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra məskunlaşdığı Kabildəki evinin eyvanında vurulub.



Xatırladaq ki, 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən hadisələrindən sonra kəşfiyyat orqanları Zəvahirinin məhvi üçün 25 milyon dollar mükafat təyin etmişdir.

2011-ci ildə ABŞ-ın xüsusi əməliyyatı nəticəsində Pakistanda Usamə bin Laden öldürüldükdən sonra “Əl-Qaidə”nin idarəçiliyini üzərinə götürən Zəvahirinin ölümü təşkilata ağır zərbə vurub.

ABŞ prezidenti Bayden deyib: "Ədalət yerini tapdı və bu terrorçu lider artıq yoxdur”.

ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi Ayman əl-Zəvahirinin bazar günü Kabildəki evinin eyvanında öldürüldüyünü açıqlayıb. Adını açıqlamayan rəsmi, illərdir gizlənən terrorçunun yerinin "diqqətli və səbirli səylər" nəticəsində müəyyən edildiyini və “Taliban” yenidən hakimiyyətə gəldikdən sonra MKİ-nin diqqətini ölkəyə yönəltdiyini bildirib.



Bu il Zəvahirinin həyat yoldaşı, qızı və nəvələri ilə birlikdə Kabildə “təhlükəsiz evə” köçdüyünə dair məlumat alındığını qeyd edən rəsmi, çoxşaxəli kəşfiyyat araşdırmaları nəticəsində müəyyən edilən şəxsin “Əl-Qaidə” lideri olduğunun təsdiqləndiyini deyib.

Mövzu ilə bağlı məlumatların aprel ayından etibarən ABŞ prezidenti Baydenə verilməyə başlandığı, evin yeri və quruluşu, hava şəraiti və digər amillər nəzərə alınaraq əməliyyatın diqqətlə planlanlaşdırıldığı qeyd edilib.

Hücum zamanı “Əl-Qaidə” liderinin ailə üzvlərinin xəsarət almadığı bildirilir.

ABŞ dövlət katibi Antoni Blinken deyib ki, “Taliban” Zəvahiriyə yardım və kömək etməklə Doha razılaşmasını ciddi şəkildə pozub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}