Nazirlik təhlükəsizliklə bağlı dövlətin digər qurumlarının səlahiyyətlərini mənimsəyir
Tarix: 16-03-2023 11:51 | Bölmə: Slayd
Nazirlik təhlükəsizliklə bağlı dövlətin digər qurumlarının səlahiyyətlərini mənimsəyir

"Bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məxsusi elektron poçt sistemi qurması, serverlər yaratması və özəl antivirus proqramları alması ilə bağlı tender elanına rast gəlmişdim. Əslində bu, başqa dövlət qurumlarının səlahiyyətlərinə daxil olan, həm də birbaşa təhlükəsizliklə bağlı məsələlərdir".

Bunu Reyting.az-a Azərbaycan İnternet Formunun rəhbər Osman Gündüz deyib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) belə bir tenderi reallaşdırıb və “B2B Group” şirkəti ilə təxminən 1.2 milyon manat məbləğində müqavilə imzalanıb.

O. Gündüz qeyd edib ki, onun diqqətini çəkən tenderdəki məbləğ, ildə az qala yüzlərlə tenderin qalibi olan “B2B Group” deyil, belə bir tenderin mahiyyətcə həm qanunvericiliyə, həm Prezident fərmanlarına, həm də məntiqə zidd olmasıdır:

“Məlumdur ki, ölkədə dövlət qurumlarının informasiya təhlükəsizliyi, e-poçt xidmətlərinin təşkili Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, dövlətə məxsus yeni məlumat bazalarının saxlanılması isə RİNN-nin AzİnTelecom qurumunun səlahiyyətindədir. Məxsusi olaraq, dövlət qurumlarının e-poçt sistemlərinin təhlükəsizliyi ilə bağlı Prezidentin 19 iyun 2012-ci il tarixli fərmanı da var”.


Osman Gündüz

O. Gündüz xatırladıb ki, XRİTDX bütün dövlət qurumlarına təhlükəsizlik sınaqlarından keçmiş e-poçt xidmətləri təqdim edir: “Hətta bu qurum ötən ay Dövlət qurumlarının İT zirvə toplantısında açıqlamışdı ki, may ayından etibarən Azərbaycanın bütün dövlət qurumları yeni poçt sisteminə köçürüləcək. Yəni, bütün bunlar məxfi informasiyalar deyil, bu haqda açıq sistemlərdə də məlumatlar var.
XRİTDX-nin ödənişli olan bəzi İT xidmətlərinin tariflərini də ötən il Tarif Şurası təsdiqləmişdi. Eyni zamanda XRİTDX təhlükəsizlik baxımından sınaqlardan keçən antivirus proqramlarını də dövlət qurumlarına təqdim edir”.

Müsahibimizin sözlərinə görə, ən maraqlısı və qəribəsi odur ki, ƏƏSMN-nin həmin tenderlə informasiya təhlükəsizliyini qorumaq üçün aldığı XDR lisenziyaları, təhlükəsziliyə cavabdeh olan XRİTDX-nin təqdim etdiyi resurslar siyahısında deyil, bu qurumun sınaqlarından keçməyib:

“Onu da xatırladıram ki, Prezident fərmanına əsasən, optimallaşma, təhlükəsizlik və səmərəlilik baxımından ölkədə “Hökumət Buludu” formalaşdırılıb və dövlət qurumlarına tapşırılıb ki, paralel strukturlar yaratmaq yolverilməzdir. Amma buna baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz daxilində yeni bir e-poçt serveri formalaşdırır.

Maraqlı məqam həm də odur ki, bütün bunlar açıq-aşkar, iki dövlət qurumunun səlahiyyətlərini mənimsəməklə, təhlükəsizliyə cavabdeh dövlət qurumunun rəy vermədiyi təhülkəsizlik sistemlərindən istifadə etməklə, Prezidentin müvafiq fərmanlarını pozmaqla Antiinhisar Dövlət Xidmətinin razılığı ilə edilir”.

O. Gündüz sonda diqqətə çatdırıb ki, ƏƏSMN-nin açıq-aşkar qanun pozuntusu və səlahiyyətlərin mənimsənilməsi ilə reallaşan bu "özəl təhlükəsizlik, özəl epoçt sistemi və özəl data mərkəzləri"nə XRİTDX və RİNN seyriçi qalıb.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}