“Hizbullah” ABŞ-ın həri gəmilərini vura bilər - Foto
Tarix: 09-11-2023 20:08 | Bölmə: Xəbərlər
“Hizbullah” ABŞ-ın həri gəmilərini vura bilər

İran tərəfindən dəstəklənən Livanın “Hizbullah” qruplaşmasının ABŞ-ın hərbi gəmilərinə qarşı istifadə edə biləcəyi güclü silahı var. Mümkündür ki, “Hizbullah” Rusiyanın “Yaxont” gəmi əleyhinə raketləri (P-800 Onyx-in ixrac versiyası) ilə silahlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Röyter” agentliyi qrupun arsenalından xəbərdar olan mənbələrinə istinadla yazıb.

Mənbələr bildirib ki, “Hizbullah” lideri Seyid Həsən Nəsrullah keçən həftə Vaşinqtona regionda Amerika gəmilərinə qarşı hazırlıq barədə xəbərdarlıq edib. Bu zaman Rusiyanın 300 km mənzilli “Yaxont” raketləri də nəzərdə tutulub.

Nəsrullah çıxışında “ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri bizi qorxutmayacaq”,- deyib. Onun sözlərinə görə, təhdid olunduqları donanmalara qarşı hazırlaşıblar.

ABŞ bildirir ki, Aralıq dənizindəki hərbi-dəniz qüvvələri, o cümlədən iki təyyarədaşıyıcı və dəstək gəmisi HƏMAS, “Hizbullah” və “İslami Cihad” kimi qrupları dəstəkləyən İranı cilovlamaqla münaqişənin bölgədə yayılmasının qarşısını almaq üçündür.



“Hizbullah” ABŞ hərbi gəmilərini qrupa və müttəfiqlərinə zərbə endirmək qabiliyyətinə görə birbaşa təhlükə kimi qəbul edir. Ehtimal olunur ki, “Hizbullah” Suriyadan “Yaxont” raketlərini prezident Bəşər Əsədə vətəndaş müharibəsi ilə mübarizədə kömək etmək üçün Suriyada yerləşdirildikdən sonra alıb.

Suriya ordusu uzun müddətdir ki, Rusiya tərəfindən silahlandırılır. Moskva 2010-cu ildə gəmi əleyhinə qanadlı raketlərin, o cümlədən “Yaxont” variantının Dəməşqə göndərilməsi haqqında saziş imzalayıb.

Mənbələrdən birinin “Röyter”ə verdiyi məlumata görə, “Hizbullah”ın gəmi əleyhinə imkanları 2006-cı ildə İsraillə müharibə zamanı Aralıq dənizində İsrail hərbi gəmisini vuraraq dənizdə mübarizə apara biləcəyini nümayiş etdirib və indi onun imkanları xeyli genişlənib.

“Yaxont” var və təbii ki, ondan başqa bir şey də var”, - mənbə təfərrüatlara varmadan deyib. Əlavə edib ki, “Hizbullah”ın bu silahlardan onlara düşmən olan hərbi gəmilərə qarşı istifadə etməsi münaqişənin böyük regional müharibəyə çevrilməsi demək olacaq. Üç hazırkı və bir keçmiş ABŞ rəsmisi “Hizbullah”ın gəmi əleyhinə raketlər də daxil olmaqla, təsirli silah arsenalı topladığını bildirib.

“Aydındır ki, biz buna çox diqqət yetiririk. Və biz onların imkanlarına ciddi yanaşırıq”,- deyən məmurlardan biri qrupda “Yaxont” raketlərinin olub-olmadığını birbaşa şərh etmədən deyib. ABŞ rəsmiləri əlavə ediblər ki, bu yaxınlarda bölgəyə yerləşdirilən ABŞ dəniz qüvvələri daxil olan raketlərə qarşı müdafiə imkanlarına malikdir.

Bundan əvvəl “Hizbullah”a yaxın livanlı politoloq Naser Qandil qrupun arsenalında olan “Yaxont” raketlərinin ABŞ hərbi gəmilərinə qarşı necə istifadə oluna biləcəyini açıqlamışdı. O, raketi “Hizbullah”ın Suriyadakı müharibədə iştirakına görə “ən böyük mükafat” adlandırıb və burada qruplaşma vətəndaş müharibəsinin gedişatını Əsədin xeyrinə çevirməyə kömək edib.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesabatına görə, “Yaxont” raketi aşkarlanmamaq üçün hədəfə aşağı hündürlükdə - yerdən 10-15 metr yüksəklikdə yaxınlaşır.

Onu da qeyd edək ki, “Yaxont” ilk dəfə 1993-cü ildə hazırlanmış “P-800 Oniks” raketinin ixrac versiyası kimi 1999-cu ildə yaradılıb .CSIS bildirib ki, raket havadan, qurudan və ya sualtı qayıqlardan buraxıla bilər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər