Rusiyaya kütləvi dron hücumu olub - Foto
Tarix: 14-01-2025 09:57 | Bölmə: Xəbərlər
Rusiyaya kütləvi dron hücumu olub

Ukraynaya məxsus dronlarla Rusiyanın bir sıra bölgələrinə hücum təşkil edilib.

Reyting.az
xəbər verir ki, Kazan şəhər sakinləri Kazan Orqsintez zavodunun ərazisində güclü yanğın olduğunu bildiriblər.

Bu zavod Rusiyanın yeganə polikarbonat və yüksək möhkəm plastik istehsalçısıdır, eləcə də ölkənin ən böyük yüksək və aşağı sıxlıqlı polietilen istehsalçılarından biridir. Yerli medianın məlumatına görə, hücum zavodun özünə deyil, maye qaz anbarına olub.

“Mash” Telegram kanalı bildirir ki, müəssisənin ərazisində üç tank yanır.



Saratov vilayətində isə dronlar Engesə hücum edib və şəhərdə böyük yanğın baş verib. Saratovun qubernatoru Roman Busargin bildirib ki, Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində sənaye müəssisəsi zərər görüb.

“PUA-nın hücumu nəticəsində Engelsdəki sənaye müəssisəsində ziyan dəyib. Fövqəladə hallar və əməliyyat xidmətləri gücləndirilmiş iş rejimində işləyir”, - deyə qubernator əlavə edib.

Qubernator hansı müəssisədən danışdığını izah etmir. O, həmçinin bir həftə əvvəl pilotsuz təyyarələrin vurduğu Engels neft anbarını “sənaye müəssisəsi” adlandırıb.

Yerli sosial şəbəkə istifadəçiləri Engelsdən Volqanın qarşı sahilində - Saratovda neft bazası və yaxud neft emalı zavodunda baş verən yanğından yazır və bununla bağlı videolar paylaşırlar. Bu arada bir neçə mənbə dronların ilk dalğasının yanvarın 8-nə keçən gecə vurulan eyni neft anbarına düşdüyünü bildirir.

Ukrayna PUA-larının kütləvi hücumu ilə əlaqədar Kazan, Kaluqa, Saratov, Tambov, Penza və Ulyanovsk hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər