Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
Tarix: 24-02-2026 15:02 | Bölmə: Xəbərlər

Urusun adamı

Etibar CƏBRAYILOĞLU

Bahar addım-addım yaxınlaşır. Bu gün artıq su çərşənbəsini qeyd edirik. Bu o deməkdir ki, qışın çəkilib getməsinə az qalıb, çox az. Ona görə də bəzi şeyləri demək olar artıq. Amma öz aramızda qalsın, vallah-billah elə həssas məqamdır ki, hər şeyi demək olmur. Hər sözü min yerə yozurlar, bir sözə min bir don geyindirirlər.

Mənə elə gəlir ki, qış özü elə urusun adamıdır. Şaxta, qar, çovğun bizlik deyil. Bunlar hamısı şimal tərəfin işləridir. Belə şeylər o tərəfdən gəlir adətən. Hələ mən Şaxta babanı demirəm. Ağsaqqal adamdır, ildə bir dəfə gəlib aləmi qatır bir-birinə. Uşaqlara konfetdən, vaflidən paylayır. Çox vaxtı da hədiyyələri köhnə olur, rəsmi dillə desək, istifadəyə yararlı çıxmır. Özün elə aparır ki, guya xeyirxah adamdır, ürəyi yanır. Sən dedin, biz də inandıq, ölmüşdü Xankişi... Belə düz adamsansa niyə əsl məqsədini açıb demirsən, Lavrovun diplomatik korpusunda işləyirsən? İstifadə müddəti bitmiş konfet, vafli paylamaqla balacaları əla almaq istəyirsən? Ursiyət nə planlar cızır sənin əlinlə?

Balacaları küçəyə çıxıb qartopu oynamağa məcbur etməklə nə demək istəyirsən? Bu gün sənə qoşulub qartopu atan uşaq yekələn kimi küçələrə çıxıb etiraz aksiyası keçirər, ictimai yerlərə daş tullayar, yolu bağlayar, siyasi təhlükəli şüarlar səsləndirər.

Qışın özü də, onun atributları da “Beşinci kalon”un adamlarıdır. Bunun başqa yozumu yoxdur. Mənə belə məsələdə ayıq-sayığam, Ursiyətdən uçub gələn quşu göydə gözündən tanıyıram. Şimal küləyinin səsindən bilirəm ki, nə demək istəyir, burda kimlərə nə söz çatdırmaq istəyir, pensiya yaşı keçmiş Şaxta babanın yanındakı cavan Qar qız göz-qaşını oynatmaqla parolla kimlərə işarə verir...

Ona görə də ən yaxşısı baharın tez gəlib qışı yola salmasıdır. Su çərşənbəsi gəldi, inşallah, o biri çərşənbələrimiz də vaxtında gələrlər. Qışdan-Urusun adamından canımız lap tezliklə qurtarar...





Bölməyə aid digər xəbərlər