Polkovnikə maraqlı məktub - Fotolar
Tarix: 23-02-2026 15:45 | Bölmə: Mədəniyyət

Polkovnikə maraqlı məktub

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı bu dəfə izləyiciləri səhnəyə dəvət etdi. Tamaşa zalına yox, məhz səhnəyə. Biz də, necə deyərlər, ev sahibinin təklif etdiyi seçimə hörmətlə yanaşdıq, səhnədə quraşdırılmış oturacaqlardakı yerimizi tutduq. Yerlər məhdud, dəvətli qonaqlar çox olduğundan əlavə stullar da qoyuldu. Nəzakətli nəzarətçilər qonaqların ayaq üstə qalmasına razı olmayıb oturacaq daşımaq zəhmətinə də həvəslə qatlaşdılar.

Tamaşaçılar səhnədə yerlərini tutdular. Bəs aktyorlar hanı? Nəhayət aktrisa İlqarə Tosova səhnəyə-yəni tamaşaçıların qarşısına çıxdı. Tamaşa başladı.

İstedadlı aktrisa kimi İlqarə Tosovanı bu illər ərzində teatrda və televiziya ekranlarında müxtəlif rollarda görmüşük. İlqarə xanım bir-birindən fərqli obrazları özünəməxsus tərzdə yaratmağı bacaran aktrisalardandır. Amma o, bu dəfə həm də əsərin müəllifi kimi bizim qarşımızda idi. Aktrisa təqdim etdiyi “Polkovnikə məktub” birpərdəli pyesinin müəllifidir. Hadisələri qabaqlayıb deyək ki, intellektual bacarığına, zəngin dünya görüşünə görə seçilən İlqarə Tosovanın dramaturq kimi debütü də pis alınmayıb.

“Polkovnikə məktub” illər uzunu birgə yaşayan ər-arvadın həyatından bəhs edir. Tamaşaçı bütün olanları Qadının dilindən eşidir. Aktrisa İlqarə Tosova qəhrəmanının yaşantılarını, sevincini, övlad itkisi ilə bağlı sarsıntısını səhnədə oturub izləyən tamaşaçılara bacarıqla çatdıra bildi.

Bəs Polkovnik hanı? Cavanlıqda yaraşığı ilə Qadını valeh edən, indi isə qoca yaşında xəstəliklərə mübarizə aparan, ağrıları ilə həyat yoldaşını bezdirən Polkovnik - Əməkdar artist Ayşad Məmmədov səhnədə bir neçə dəfə epizodik halda görünsə də tamaşaçıların yadında qala bildi. Bu məsələdə əslində qəribə heç nə yoxdur - Ayşad Məmmədov kiçik rolları da obraz səviyyəsində təqdim etməyi bacaran aktyordur. Yeri gəlmişkən, İlqarə xanımın qələmə aldığı “Polkovnikə məktub” əsərinə ömür-gün yoldaşı Ayşad Məmmədov quruluş verib. Bu yaradıcı ailənin daha bir üzvü - gənc Mələksima tamaşanın quruluşçu rəssamıdır.

Uğurla oynanılan ilk tamaşadan sonra tamaşaçıları səhnədən aşağı enməyə qoymadılar. Dövlət Milli Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə məhz izləyicilərin əhatəsində, istedadlı aktrisa İlqarə Tosovanı yubileyi münasibəti ilə səmimi sözlərlə təbrik etdi, teatrın kollektivi adından hədiyyələr bağışladı. Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızılgül” mükafatı da yubilyar aktrisaya təqdim olundu.

Etibar CƏBRAYILOĞLU

Reyting.az





Bölməyə aid digər xəbərlər