Araz niyə səbrləri daşırdı? - Cəmaləddin Quliyev yazır
Tarix: 29-12-2020 21:24 | Bölmə: Xəbərlər
Araz niyə səbrləri daşırdı? - Cəmaləddin Quliyev yazır

Tarixçə: Türkliyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda Qələbə paradında çıxışı zamanı “Ay Laçın” mahnısının sözlərini məşhur “Arazı ayırdılar” mətləli bayatı ilə xatırlatması ətrafında qızışmış qalmaqalı bitmiş saymaq olardı. Amma bitmir, Şimali Azərbaycan mediası üstündən keçsə də, cənubi azərbaycanlı mühacirlərə aid səhifələr, İranın bəzi media quruluşları və üçüncü ölkələrə aid KİV-lər mövzunu gündəlikdən çıxmağa qoymur. Ərəb mediasının canfəşanlığı isə xüsusən diqqətçəkicidir.

Mövzunun gündəmdə hələ də qalması qədər türk, İran, ərəb, Qərb, rus və Azərbaycan (Şimali Azərbaycan) KİV-lərinin baş verənlərin mahiyyətini deyil, yanlışları və mifləri “araşdırıb” təqdim etməsi də maraq doğurur.

Hadisənin ilk günləri İranın bəzi rəsmilərinin və KİV-lərinin açıqlamaları olduqca təhrikedici idi. Həmin açıqlamalarda Azərbaycan Respublikası “İrandan qoparılmış ərazi” adlandırılır, İranın şimalında İsraillə birlikdə separatizmi dəstəkləməkdə, “Türkiyənin ekspansionist siyasətin”ə alət olmaqda ittiham olunur. İranın ittihamları və Türkiyə tərəfinin sərt diplomatik cavabları barədə geniş bəhs edildiyindən təkrar xatırlatmıram. Amma xarici işlər naziri Cavad Zərifin, keçmiş nəqliyyat naziri Abbas Axundinin məsələni İrana qarşı ərazi iddiası kimi dəyərləndirməsi, dini rəhbərin dörd azəri vilayətindəki nümayəndələrinin daha irəli gedərək “17 Qafqaz şəhəri” nağılını yada salması, bütün Qafqaz (hər üç respublika+Dağıstan) və Şərqi Anadolu üzərində ərazi iddiaları ifrat idi.

Açıqlamalarda Türkiyədə İranla bağlı fəaliyyət göstərən düşüncə mərkəzləri də ölkələrarası təfriqə yaratmaqda suçlanır. Sirr deyil ki, həmin mərkəzlərin əməkdaşları əsasən cənubi azərbaycanlı mühacirlərdən ibarətdir. Bu ittihamı cənubi azərbaycanlı mühacirlərə qarşı növbəti “əcinnə ovu”nun ilk müjdəsi də saymaq olar.

İran parlamentinin açıq iclasında deputat Mahmud Əhmədi Biğəş Ərdoğanı “bəzi opportunistlər üçün İranın parçalanmasının rəmzi olan “Araz-Araz” şeirini oxumaqda” suçlayıb (Söhbətin hansı şeirdən getdiyi və niyə “İranın parçalanmasının” rəmzi olması haqda aşağıda məlumat verəcəyik-C.Q).

Tehran millət vəkili Seyid Möhsün Dehnəvinin təqdim etdiyi və 225 həmkarının imzaladığı bəyanatda Türkiyə prezidentinin oxuğu bayatının "bölücü" xarakter daşıdığı və "qəbuledilməz" olduğu qeyd edilib. Parlament müzakirələrində Avropa İttifaqının Türkiyə əleyhinə sanksiyalara qoşulmaq çağırışları da səsləndirildi.

İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Diako Hüseyni İkinci Qarabağ müharibəsində İranın tərəfsiz mövqeyini “strateji səhv” adlandırıb. D. Hüseyni hesab edir ki, İran hökuməti Ermənistanı dəstəkləməli idi. Növbəti açıqlamalarında Əhmədi Biğəş də oxşar fikirlər dilə gətirib.

Şimali İraq kürdlərinin “Avatoday” nəşrinin verdiyi xəbərə görə isə deputat Əli Əsğər Xani Ərdoğanı Səddamın fotoqrafları ilə təhdid etdi.

Nəhayət, İran prezidenti Həsən Ruhani müzakirələrə müdaxilə edərək şeirin oxunma məkanına diqqət çəkib: “Siz bu şeiri İranda oxuyursunuzsa, bir başqa məna ifadə edir, İrandan kənarda oxuyursunuzsa, başqa məna. Mən Ərdoğanı yaxşı tanıyan bir kimi bilirəm ki, o, İranın ərazi bütövlüyünü şübhə altına almayıb”.

Təəssüf ki, çox gecikmiş müdaxilə oldu. Bu müddətdə İSNA-dan İRNA-ya, ABNA-ya; “Tehran Times”-dan “Məşreğ”ə, Arannews-ə, AlamTV-yə qədər az qala bütün İran KİV-ləri, hətta İranın təsirində olan “Al Mayadeen” kimi xarici KİV-lərdə də Azərbaycan və Türkiyə əleyhinə yüzlərlə yazılar, reportajlar getdi.

“Gülüstan” poeması, Oğuzeli və Bayden

Türk KİV-lərinin əksəriyyətində ilk vaxtlar Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasından bəhs edilirdi. Sonradan dəqiqləşdirmələr aparılsa da, türk mediasından Qərb və rus KİV-lərinə adlamış xəta indiyədək təkrarlanmaqdadır. Xarici mediada getmiş, öz hədəf auditoriyalarının düşüncəsini əks etdirən və ya bu audotoriyaların xüsusi məqsədli məlumatlandırılmasına xidmət edən ən xarakterik yazıların qısa icmalını nəzərdən keçirək.

Türk nəşrləri məsələni diplomatik ya siyasi korrektlikdən çox uzaq bir dildə, Türkiyə-İran münasibətləri, bəzən də Türkiyə daxili siyasəti kontekstində işıqlandırdı. AKP-yə yaxın “Yeni Şafak” qəzeti yazır ki, İran rejimi açıq bir şəkildə Ermənistana dəstək verib Azərbaycanın güclənməsini əngəlləmək istəyir: “Türkiyədə yeni fərq edilməyə başlansa da, İran dünyada Türkiyədən sonra ən çox türkün, oğuzun yaşadığı coğrafiyadır... “Traktor Sazi”nin azarkeşləri hər fürsətdə Türkiyə və Azərbaycan sevgisi izhar edir... 120 milyon türkün yaşadığı; Dədəağacdan Kiprə, Təbrizdən Bakıya yaşadığımız coğrafiyaya ad qoyub Oğuz eli deyək”.

Rəsmi “Anadolu Ajansı”-na danışan ekspertlər isə qeyd edir ki, türkdillilər arasında erməni divarının aradan qaldırılması bu divarı zəruri bilən fars millətçilərini qıcıqlandırıb. İranlı politoloq Əli Əfşarinin fikrincə, məsələyə münasibətdə siyasi korrektlik gözlənməsinə ehtiyac var: “Çünki İran azəriləri bizim vətəndaşlarımızdır, dəyərləndirmələrdə fars etnosentizm mövqeyindən çıxış etmək yanlış idi.”

“Ahaber” iddia edirdi ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın lehinə bitməsi və Türkiyənin verdiyi dəstək İranda böyük narahatlıq yaradıb.

Müxalif “Yeni çağ” qəzeti Ərdoğana “Bərabər yürüdük biz bu yollarda”-dan başqa bir şeir oxumamağı tövsiyə edir, çünki rejimin ən qorxduğu şey əhalisinin tən yarısını təşkil edən azərbaycanlıların Azərbaycanla birləşmə arzusunun xüsusi nöqtəyə gəlməsi imiş.

Müxalif “Cümhuriyet” qəzeti iddia edir ki, “Ay Laçın” İran və Qafqaz azərbaycanlılarının ayrılıq acısını anladır. “Görəsən, yalnız İranmı ismarıcı aldı, şeir ifası Baydenə və Pentaqona ismarıc ehtiva edirmi?” Daha sonra iddia olunur ki, “İran üçün mühüm generallardan olan Qasim Süleymaninin qətlindən sonra “jurnalistlərin idarə olunduğu WhatsApp qrupunda” onun necə qəssab, qatil, cani birisi olması haqda tezislər göndərilibmiş. “İrana qarşı Amerika sanksiyalarının gündəlikdə olduğu zamanda Ankaranın ehtiyatında müxtəlif ehtimallar var və bunların arasında İranı rahatsız edə bilənlər də ola bilər”.

Müxalif “Sözcü” qəzeti baş verənləri “məhvərin ümmətdən millətə meyillənməsi” kimi dəyərləndirirb. İddia olunur ki, İranın şimalını Cənubi Azərbaycan kimi görən Vahabzadəni şeirini oxumaqla Ərdoğanın xarici siyasətdə də dəyişiklik etdiyi anlaşılır. “Bu, ümmət coğrafiyasında Qatardan başqa müttəfiqin qalmamasının, MHP ilə siyasi ittifaqın konyuktur tələbi də ola bilər”, - deyə nəşr bildirir.

Azəri əsilli, CHP-dən keçmiş deputat Ali Özgündüz “Aydınlık” qəzetində (türkiyəli avrasiyaçıların nəşri-C.Q) daha konkret danışır, Ərdoğanı pantürkist siyasət yürütməkdə, ABŞ-ın sifarişi ilə İranı qarışdırmaq cəhdində ittiham edir.

MHP sədri Dövlət Baxçalının “Hürriyet” qəzetində gedən açıqlamaları dini rəhbərin azəri vilayətlərindəki nümayəndələrinin bəyanatına cavab ruhundadır. O, Arif Nihatın məşhur bir şeirindən Marağaya həsr olunmuş misranı paylaşıb əlavə edir:

“Türkün sünnisi şiəsi olmaz. Cəm də, səmah da bizimdir, məscid də, cəmgah da bizimdir” (cəm, səmah-ələvi ibadətləri, cəmgah-ələvi ibadtxanası. Dini rəhbərin nümayəndələri Şərqi Anadolu ələvilərinin İrana qatılmaq istəyən dini azlıq kimi təqdim etməsinə cavab).

Qalmaqalın mifik səbəbkarı - Muhəmməd İbrahimov

Ərəb KİV-lərində hansısa “Muhammad İbrahimov“ adlı şairin şeirindən bəhs edilirdi. İlk vaxtlar ağla gələn Mirzə İbrahimovun cənub mövzusunda yazdığı roman və hekayələrin şeir kimi təqdim edilməsi oldu. Sonrakı axtarışdan sonra bəlli oldu ki söhbət Məmməd Arazdan gedirmiş. Onun Azərbaycana, Vətənin bölünməsinə aid şeirləri İranda yaşayan millətçi baxışlı azərbaycanlı gənclər arasında populyar imiş. Paniranist tələbələrin “Xəbərgozare-daneşcuyane-Eran” Agentliyinin (İranlı tələbələrin İnformasiya Agentliyi-ISNA) əməkdaşları buna çox qıcıqlandıqlarından, üstəlik, şairin təxəllüsü “Araz” olduğundan hərbi paradda səsləndirilib qalmaqal yaradan deklamasiyanın yazarının da mərhum Məmməd Araz olduğunu zənn ediblərmiş. Amma şairi təxəllüsü ilə deyil, yəqin ki, vikipediyadakı farsca məlumatlarda İbrahimov soyadını görüb elə də təqdim ediblər (Yeri gəlmişkən, fars vikipediyasında şairin Azərbaycanın bölünməsi haqqında məşhur “Qalx ayağa, Azərbaycan” şeiri də keçir). Digər İran KİV-ləri bu səhvə yol verməsə də, nədənsə ərəb KİV-lərinə məhz bu xəta sızmış və beləcə “Muhamməd İbrahimov” namında bir şair diplomatik qalmaqalın səbəbkarı kimi ünvan verilmişdir. Yeri gəlmişkən, 20-ci əsrin 20-ci illərinədək İranda və Azərbaycanda belə alayarımçıq bilgilərlə dünyanı dəyişmək iddiasına düşənlərə “tüllab” deyilərdi.

Körfəz ölkləri Şurası baş katibinin siyasi məsələlər üzrə müşaviri Əbdüləziz Həməd Əl-Üveyşəq “Al Sharq al Ausat” da (Səudiyyə maliyyəli ümüm ərəb nəşri) yazır ki, Ərdoğan İranın yatırtmaq istədiyi Azərbaycan millətçiliyinin rəmzi olan şeiri oxuyub. Daha sonra müəllif Səfəvi-Osmanlı çəkişmələrinə toxunur, İrandakı Azərbaycna milli hərəkatı haqda geniş məlumat verir və London mərkəzli bir diaspor təşkilatının milli hərəkatı yönəltdiyini iddia edir.

“Saut al İraq” (İran meyilli İraq şiələrinin nəşri) Azərbaycanı xoş sözlərlə andıqdan sonra parçalanmış xalqlar mövzusuna keçərək “Türkyənin böldüyü kürdlərdən” bəhs edir.

Səudiyyə mərkəzli “Arab.news” şeir qalmaqalını Türkiyə ilə İran arasında İraq və Suriyadakı nüfuz savaşının Qafqaza sıçraması kimi izah edir. Qeyd olunur ki, İran Türkiyə ilə həmsərhəd olan Suriyaya nüfuz etdiyi kimi, Türkiyə də İranla həmhüdud olan Azərbaycanda İranla rəqabət zonası yaradır. Ərdoğanın söylədiyi beyt isə azərbaycanlıların vahid dövlətdə birləşməsinə veriləcək dəstək kimi izah olunub.

Misirin “Mısr-alan” nəşri isə baş verənləri Türkiyə və İranın Qərbi aldatmaq üçün süni oyunu kimi dəyərləndirib. Nəşrə görə, Türkiyə bundan sonra da Qərbə qarşı İranı açıq və gizli şəkildə dəstəkləməkdə davam edəcək. “Lakin İran azərilərin artan tələblərini nəzərə almağa məcburdur. İran və Türkiyə münasibətləri real sitausiyadan asılıdr və rəhbərlərini deklarasiya etdikləri dostluq-qardaşlıq çərçivələrini aşa bilər”.

Misirin “Khabarmasr.com” portalı da məsələni ABŞ-ın yeni administrasiyası ilə bağlmağa cəhd edir. Saytda Xudafərin körpüsünü azad edilməsi xüsusi qabardılaraq həm Arazın, həm də sözügedən körpünün azərbaycanlıların ümummili yaddaşındakı rəmzi dəyəri vurğulanır.

Qərb mediası, xüsusən qlobal media nəhəngləri (“Amerikanın səsi”, BBC, “Alman dalğası”, “Azadlıq”-“Azad Avrop”a radioları və s.) şeir – bayatı qalmaqalını günlərlə gündəlikdə saxladı, təhrikedici videolar yayımladı. Hətta Şərqi Avropa mediası belə baş verənlərə biganə qalmadı. Məsələn, Polşanın “Dziennik Gazeta Prawna” nəşri iddia etdi ki, Qarabağda pantürkist ideyanın zəfəri İranın türk əhalisinin milli özünü dərk hissini qaldıracaq və s.

Rus nəşrləri hadisənin ilk günlərindən qızışdırıcı mövqe tutur, mümkün qədər İran-Azərbaycan, İran-Türkiyə münasibtlərinin korlanmasına xidmət edəcək materiallar yayımlayırdı. Azərbaycanda kifayət qədər izləndiyindən rus mediası üçün xarakterik olan yazılardan birinin annotasiyasını veməklə kifayətlənirik. “Vzglyad.ru” saytı cənubi azərbaycanlılar haqda məlumatlardan sonra İran parlamentinin təhlüksizlik komitəsinin sədri Müctəba Zünnarın Ərdoğana qarşı sərt çağırışına yer ayırır. Nəşr iddia edir ki, Ərdoğan bilərəkdən belə şeir seçib, çünki İran Azərbaycanını İdlibə çevirmək istəyir. İran dövləti üçün əsas təhlükə İsrail, Səudiyyə Ərəbistanı və ya ABŞ deyil, etnik separatizmdir, ölkə əhalisinin 30 faizini təşkil edən azərbaycanlılardır: “Qarabağ müharibəsi başlayandan sonra İran azərbaycanlıları arasında millətçilik kəskin şəkildə yüksəlib. Onlar İran hakimiyyətini Ermənistana yardım etməkdə ittiham edirlər... Şahidlər danışırlar ki, Təbrizdə şəhərin yarısı Bakıdakı qələbə paradını seyr edib, zəfəri qeyd elədi. Onlar günü-gündən iqtisadiyyatı zəifləyən İranın fonunda parlaq qələbəli Azərbaycanı, onun arxasında durmuş güclü Ərdoğanın görürlər.”

İran daxilində nə baş verir?

Problemin mahiyyəti, fikrimcə, İranın bir neçə daha liberal nəşrində (“Fararu”, www.ensafnews.com və s.) dərc olunmuş “Paniranizm və pantürkçülüyün milli həmrəyliyə qarşı ittifaqı” adlı yazısında izah olunur. Yazıda deyilir ki, Ərdoğanın Qarabağ müharibəsindəki qələbə bayramında nitqinin natamam şəkildə dərcindən sonra yaranmış emosional ovqat o qədər gərgin idi ki, əksər yerli KİV-lərdə deyilənlərdən fərqli bir fikir söyləmək çox çətindir. “Ərdoğanın nitqinin orijinal və tam mətnini oxumadan və dinləmədən paniranist və pantürkist medianın təqdimatına tez inandılar, bir-birilərinin etnik mənşəyini qabartdılar. Nəhayət, kədər ədəbiyyatının nifrət ədəbiyyatı ilə cavablandırılması başlandı.

...Paniranistlərin bir mahnı üzərində başlatdıqları mübahisə, pantürkistlərin 2006-cı ildə “İran” qəzetinin karikaturası üzərində başlatdıqları mübahisələrə bənzəyirdi... Bəzi İran KİV-ləri millətçilik adı altında fanatik irqçilyi təbliğ edir... Ərdoğanın çıxışında etiraz edilən cümlə əslində iki ayrı azəri mahnısının bir hissəsidir. Bu ilk misralar Araza aiddir, lakin bu iki mahnının davamında biri Səməd Behrənginin Arazda boğulması, digərində şəhərdən bəhs olunur... Ərdoğan bu iki ayrı azəri mahnısının bir hissəsini bir araya gətirərək simvolik olaraq Dağlıq Qarabağın işğalının Laçın bölgəsini Azərbaycan Respublikası ərazisindən ayırdığını söylədi. Təəssüf ki, İran mediasında Ərdoğanın Laçın şəhərinə işarə etdiyi sözləri mətndən çıxarıldı, ..sanki İran Azərbaycanından bəhs etməyi nəzərdə tutduğu şəkildə təqdim olundu... Bu illər ərzində Ərdoğan Türkiyə Millət Məclisində farsca danışıb. Amma nə paniranist mediasında, nə də İranın içindəki pantürk mediasında bunlar təkrar nəşr olunmadı, çünki belə bir şey bu cərəyanların heç biri üçün xoş deyil.”

Yəni anlaşılan qədər İranda ciddi qüvvəyə çevrilmiş, ölkənin bütün strukturlarına sirayət edə bilən, gözlərini qapatmış etnik nifrətdən adi həqiqətləri belə seçə bilməyəcək qədər güclü irqçi –paniranist cərəyan var. Son illər bu radikal türkofobiyaya qarşı boy göstərəcək qədər qüdrətlənmiş anti-türkofobiya hərəkatı (Azərbaycan millətçiliyi) və ya İrandakı baxışla desək, pantürkizm var. Faktiki olaraq, bütün media daha çox birinci, qismən də ikinci cərəyanın nəzarəti altıdndadır. Azərbaycan millətçiləri arasında kimlik parçalanması (azəri, yoxsa türk; Azərbaycana türkü, yoxsa İran türkü; azərbaycançılıq, yoxsa türkçülük; vahid Azərbaycan, yoxsa vahid İran və ya Böyük Turan və s.) əslində sərfəli hal idi. İkinci Qarabağ müharibəsindən sonra kimlik axtarışlarında nəzərə çarpacaq aydınlaşma olması, azərbaycançılığın (və ya Azərbaycan türkçülüyünün) önə çıxması, görünür, çoxları üçün arzuolunmaz imiş. Halbuki təqdim etdiyimiz yazı müəllfinin də qeyd etdiyi kimi, bu, İrandaxili siyasiləşmiş etnik subkulturaların ixtilafıdır, bu ixtilafa digər qonşu dövlətləri qatmaq, taxta qılıncları siyirib şaqqıldatmaq elə də normal mənzərə deyildi.

Yeri gəlmişkən, 1990-cı illərin sonlarında PEW (ABŞ-ın dini və etnik kimlik araşdırmları üzrə ixtisaslaşmış tanınmış araşdırma mərkəzi) İran əhalisinin 50 faizdən çoxunun özünü yalnız üst kimliklə-irani (iranlı) kimi tanıması, yəni ölkə əhalisinin mütləq əksəriyyətinin etnik özlüyünü vahid siyasi-mədəni-coğrafi kimliyə qurban verməsini təsbit edən araşdırma yaymışdı. Buna bənzər sislilə yazılarla 2000-ci illərin sonlarında Türkiyənin “Radikal” və “Milliyet” qəzetləri də çıxış etmiş, İranı “farsdilli türk dövləti”, “vahid mədəni kimliklə birləşmiş böyük millət” kimi təsvir etmişdi. Demək ki, o yazılanlar və o araşdırma gerçəyi əks etdirmirmiş.

Və o gizli qəhrəmanlar

Qeyd edildiyi kimi, paradda səsləndirlməmiş, amma sözlərinin bir hissəsi “Ay Laçın”la üst-üstə düşən "Araz, Araz, xan Araz" az tanınan mahnılardan biri idi (Eyni bayatı “A dili-dili”, “Aman Tello” və s. mahılarda da keçir). Amma böyük ədib və folklor tədqiqatçısı, əsərləri dünyanın az qala bütün mədəni xalqlarının dilinə çevrilmiş, ölümsüz “Balaca qara balığ”ın müəllifi Səməd Behrəngi Araz çayında batırıldıqdan sonra İranda Azərbaycan mədəni kimliyini qorumağa çalışanlar tərəfindən mahnıya yeni sözlər əlavə edilərək səsləndirilib və bundan sonra populyarlaşaraq mədəni haqlar uğrunda mübarizənin simvoluna çevrilib. Əlavə edilmiş beytlər belədir:

Səməd gəlir gülə-gülə,
Döşündə bax qızıl gülə,
Hər əlində dörd kitab,
Döndərdi bizi dilə.

Araz, Araz, xan Araz,
Sultan Araz, xan Araz,
Səni görum yanasan,
El dərdini qan, Araz!




Sadəcə, İran mediası “Ay Laçın”la cənubi azərbaycanlıların mədəni haqq uğrunda mübarizə, paniranistlərinsə separatizm simvolu saydıqları “Araz- Araz” mahnısını fərqləndirə bilmədiyindən diplomatik qalmaqala səbəb olan axmaq yozumlar meydan çıxıb.

Xəbərgozare-daneşcuyane-Eranın (İSNA) - XXI əsrin tüllabının və ya puştundilli talibanın farsdilli klonlarının İran və ərəb ictimai rəylərinə “Muhəmməd İbrahimov” kimi tanıtdığı Məmməd Arazın isə bu qalmaqala ümumən dəxli yoxdur. Aparıcı, paraddan bircə gün əvvəl FB-dəki milli “Ku- Kluks Klan”ımız tərəfindən linç olunan Abdulla Qurbanin sırf daxili və hərbə dəxli olan auditoriyaya hesablanmış pafosunu “Vzqlayd.ru”-nun da qeyd etdiyi kimi, Təbrizin yarısı ayaq üstə izləyib. Bu pafos İran talibanını qeyzləndirib, dərhal ağla nədənsə Məmməd Araz gəlib və yuxarıda qeyd etdiyimiz mənasız təqdimat və proses başlayıb.

O pafosun qıcığa səbəb olmuş

“Əlincə, Savalan, Ərk doğulmuşuq.

Bizə daş atana görk doğulmuşuq.

Nə yaxşı, nə yaxşı türk doğulmuşuq”


misralarının müəllifi isə Google aramasında Yetim Qacar çıxır. Düzü, bu günədək onun yalnız “Allah, qurban olum, Allahsız olma, O
qıza dəymə”
kimi şeirlər yazdığını güman edirdim.

Beləcə Behrənginin nakamlığı, konkret hadisədə günahsız Abdullanın yersiz pafosu, ucuz talk show audiroyalarının dahisi, yaradıcılığı masabəyilərimizn çörək ağacı olan Qacarın yetimliyi, natamam təhsilli tələbə jurnalistlərin cahilliyi üzündən bütöv bir region mənasız bir qalmaqal yaşayır. Həm də o səbəbdən ki, rəvayətlərə görə, böyük dövlətçilik tarixi olan bir ölkənin siyasi elitası hər şeydən səthi, üzəvari məlumatlı olan, belə səthi bilgiləri və gənclik çılğınlığı, üstəlik, irqçi refleksləri ilə davranan tələbələrin yanlışları əsasında qərarlar qəbul edir, bəyanatlar səsləndirir. Və iranlı talibanların ya tüllabın (daneşcuyan) bir yanlışdan qopardaqları “ləmbəki qasırğası” deputatından nazirinə, mərceyi-təqlid ayətullahından, dini rəhbərin həşəmətli nümayəndələrindən tutmuş Prezidentin köməkçilərinə qədər hər kəsi öz girdabında sovurub aparmaqdadır. Tüllabın adı üstündə, bəs sizin dövlət təmkininiz harda qaldı?

Amma hər şərdə bir xeyir də var.

Xeyir odur ki, az qala dünyada nyusmeyker xidməti mövcud olan bütün dillərdə indi Araz çayı ilə, Azərbaycanın bölünməsi ilə bağlı xəbərlər, məlumatlar var. Yüzlərlə “Gülüstan”lar yazıb, yüzlərlə “Dağlarda döyüş”, “Doğma sahillər” çəksəydik, bu effekti ala bilməzdik;

İkinci Qarabağ müharibəsi ilə dünya azərbaycanlılarının güclənən mədəni birliyi və ümummilli həmrəyliyi yenidən aktuallaşdı. Belə birlik çağırışları yalnız 1990-cı ilin 20 yanvar faciəsindən sonra müşahidə olunmuşdu. Qərb mediasının da qeyd etdiyi kimi, artıq İran azərbaycanlılarının Azərbaycan Respublikasına rəğbəti bir geosiyasi amilə çevrilir, İran regional siyasətində öz vətəndaşı olan azərbaycanlıların Azərbaycan Respublikasına isti münasibətini nəzərə almağa məcburdur;

Qərbdə də, Şərqdə də, Şimalda da İran azərbaycanlıları və onların Azərbaycan Respublıkası ilə əlaqələrinə, İranda panazərbaycanist meyillər mövzusuna maraq artır. Demək, gələcəkdə regionla bağlı bu və ya digər qərarların qəbulunda bu amil və Azərbaycan Respublikasının mövqeyi nəzərə alınacaq və s.

Şər odur ki, Azərbaycan Respublikası diplomatiyasının, vətəndaş cəmiyyəti institutlarının problemi öz nəzarətində saxlayıb idarə etmək qədər güclü olduğunu iddia etmək çətindir;

Azərbaycan dövləti proqnozlaşdıra bilmədiyimiz proseslərdən həmişə uzaq durub və durmalıdır da. Qərbin, Şərqin, Şimalın ard niyyətlərini bilmək, amma ehtiyatla davranmaq lazımdır. Dövlət onsuz da ehtiyatlıdır, jurnalist “daneşcuyan”ın Azərbaycan Respublikasındakı həmpeşələri də onlarla həmxasiyyət olmaqdan çəkinməlidirlər;

Azərbaycan-Türkiyə yaxınlaşması gələcəkdə də müəyyən dairələri qıcıqlandırmaqda davam edəcək. Eləcə də İrandakı güclü qərbçi lobbi və erməni diasporu, korafəhim irqçilər mütləq nələrsə edəcəklər. Reaksiyalarınız vaxtı dövlətin rəsmi mövqeyini nəzərə alın. Hər natamam təhsilli irqçiyə məhz onun səviyyəsində cavab verməyə ehtiyac yoxdur;

Müəyyən xarici qüvvələr, elə daxildə də kimlərsə azərbaycanlıların təbii hissləri ilə manipulyasiya etməkdə və ya siyasi reabilitasiya, revanş götürmə mövzusuna çevirməkdə maraqlı ola bilərlər;

Belə qəfil xəbər burulğanına düşəndə heç olmasa bir media quruluşumuzda məsələni ciddi araşdırıb təqdim etmək, hansısa natamam bakalavrların yaratdığı agentliyin nifrətdən ya korafəhmilkdən uydurduğu feyk əsəsında yanlış mühakimələrin, rəylərin dünya mediasını cənginə almasını önləmək lazımdır. Bizə adi gələ bilər, amma sabah ölkəmiz barədə qərarlar o yanlışlar əsasında qəbul ediləndə acısını özümüz çəkirik və s.

Son olaraq. Bu ara “Ay Laçın”ın az qala bütün ifaçılarlnı dinlədim. Akif İslamzadə nisgilli, dərdli oxuyur, işğaldan çox-çox əvvəl ifa edilsə də, işğal illərindəki ovqatımızın tərcümanı olan, bu mahnını Laçın rayonu ilə assosiasiya edən yəqin əsas ifadır.

Lütfiyar İmanov mahnını öz ruhunda – çox şux ifa edib (bu xalq mahnısı dərd yox, sevgi motivlidir, xalq mahnılarımızda “Laçın”, “Tərlan” xitabları da gənc sevgiliyə ünvanlanır). L. İmanovun söz seçimi də olduqca maraqlıdır - demək olar, bütün mahnı Araza həsr olunmuş bayatılardan ibarətdir.

İlkinliyə daha yaxın ifa L. İmanova, işğal vaxtı nisgilimizn ən yaxşı ifadə edən ifa A. İslamzadəyə məxsusdursa, fikrimcə, qalmaqala səbəb olmuş motivi qabardacaq ifa “Qaya” qrupunun ifasıdır. Əla orkestirovkası var, polifonikdir, söz seçiminə azca əlavələr edilsə (məsələn, Səməd Behrəngi ilə bağlı sözlər, “Araz-Araz” mahnısından hansısa hissələr) “Birlik üçün oxu” kimi kampaniyalara da daha çox yarayar. Hərçənd bu, subyektiv rəyimdir, daha yaxşısını ifaçılar özləri bilər.

Və etiraf edirəm ki, Behrənginin bu qədər rəmzi dəyərə malik olmasından,

İran cəmiyyətinin etnik kimlik parçlanmasının bu qədər dərinə işləməsindən,

Dünyanın, xüsusən İran və Qafqazda maraqlı olan dövlətlərin bizi bu qədər yaxından zərrəbin altında izləməsindən...xəbərsizdim.

Güman etmirəm ki, kimsə daha çox məlumatlı idi. Təəssüf ki...


Cəmaləddin QULİYEV

P.S. Yazı yalnız açıq, əlçatan internet mənbələri, əsasən xarici medianın kontent-anliz əsasında hazırlanıb. Təqdim etdiyim sitatlar xülasədir, tərcümə xətalarını istisna etmirəm.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}