Prezident muzey və yeni yolun açılışını edib - Fotolar
Tarix: 26-08-2018 10:53 | Bölmə: Gündəm
Prezident muzey və yeni yolun açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin açılışında iştirak ediblər.

Dövlət başçısı və birinci xanım muzeyin rəmzi açılışını bildirən lenti kəsiblər.

Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Ölkəmizin hər bir guşəsi maddi-mədəniyyət abidələrinin yarandığı və inkişaf etdiyi qədim insan məskənlərindən olub. Bu gün respublikamızın bir sıra bölgələrində aparılan genişmiqyaslı arxeoloji tədqiqatlar əhəmiyyətli maddi-mədəniyyət nümunələrinin üzə çıxarılmasına səbəb olub ki, bu da Azərbaycan tarixinin qədimliyini bir daha sübut edir. Aşkarlanan maddi-mədəniyyət abidələrinin qorunub-saxlanması və yeni nəsillərə ötürülməsi də mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tarix-diyarşünaslıq, həmçinin arxeologiya muzeylərinin fəaliyyəti mühüm rol oynayır. Ölkəmizdə mədəniyyətin bütün sahələrinə göstərilən qayğı muzey işinin təşkili və bu sahədə yeni innovasiyaların tətbiq olunması baxımından da diqqət çəkir. Şamaxı rayonunun Dəmirçi kəndində yeni inşa olunan Arxeologiya Muzeyi də qədim maddi-mədəniyyət abidələrinin qorunmasına xidmət etməklə özündə bu prinsipləri nümayiş etdirir.

Prezident muzey və yeni yolun açılışını edib

Məlumat verilib ki, Şamaxı rayonunun ən qədim kəndlərindən olan Dəmirçinin tarixi XV əsrə gedib çıxır. İsmayıllı rayonunun Əhən kəndindən gələn dəmirçi ailələri mövsümi xidmətlə əlaqədar burada müvəqqəti, sonralar isə daimi məskən salıblar. Kəndin adı sonra sakinlərin məşğuliyyəti ilə əlaqədar dəyişib və Dəmirçi olub. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən bu kəndin iqlimi mülayimdir, yayı sərin, qışı isə çox da sərt olmur. Kəndin mərkəzi hissəsində turizm infrastrukturu, o cümlədən dəmirçi və misgərlik emalatxanası, kafe, çayxana, təndir, "Azərxalça" ASC-nin guşəsi, suvenir mağazası və “ABAD” dükanları, avtomobil dayanacağı yaradılıb, "Qala" və bulaq kompleksi inşa edilib. Dövlət başçısının göstərişi ilə ölkəmizin ən qədim dini ocaqlarından olan kənd məscidi əsaslı şəkildə yenidən qurulub. Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Dəmirçi kəndinə səfərləri çərçivəsində kənd məscidinin yenidənqurmadan sonrakı vəziyyəti və burada yaradılan turizm infrastrukturu ilə tanış olublar.

Muzeydə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, muzey binasının inşasına bu ilin fevralında başlanıb. Yüksək səviyyədə həyata keçirilən tikinti işləri avqustda başa çatdırılıb. Birmərtəbəli bina açıq və qapalı ekspozisiya zallarından, iki yardımçı otaqdan ibarətdir. Buradakı açıq muzey xüsusilə diqqəti cəlb edir.

Bildirilib ki, Dəmirçi-Lahıc yolunun çəkilişi zamanı kəndin 4-cü kilometrliyində Gədəli yaylağı adlanan ərazidə 3 hektar sahədə son antik və erkən orta əsrlərə aid nekropol aşkar edilib. Tədqiqat zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-a qədər daş qutu qəbirləri, qala divarları və yeraltı anbarlar aşkarlanıb. Kvadrat formasında olan qəbirlərin hamısının divarları çaydaşı və əhəngdaşından ibarət olan qaya parçalarından hörülüb, üstü isə sal daşlarla qapanıb. Qəbirlərdə skeletlər bükülmüş vəziyyətdə sol böyrü üstə başı əsasən şimal-şərq istiqamətində aşkar olunub. Həmin daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin maddi-mədəniyyət nümunələri qeydə alınıb. Tapıntılar içində saxsı və çini məmulatlar sayca üstünlük təşkil edir. Daş qutu qəbirlərdə metal nümunələr də aşkarlanıb. Onların içərisində silah və bıçaqlar, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir. Bəzi qəbirlərdə skeletin başının altında gümüş cam üzə çıxıb. Elmi cəhətdən çox mühüm tapıntılardan biri həmin camların içərisində skeletin başı altında parça qalıqların aşkar olunmasıdır. Bu da Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılan ən qədim parça nümunəsidir. Bir qəbrin skeletinin yanında qılınc və xəncər də qoyulub. Bu tapıntılar həmin qəbrin ən azı sərkərdə və toplum içərisində xüsusi nüfuz sahibi olan hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir.

Muzeyin sərgi zalında ümumilikdə 7 bölmə yaradılıb. Burada Şamaxı rayonu ərazisində, həmçinin Dəmirçi kəndində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri, nadir daş alətlər, əkinçilik mədəniyyətinə aid əmək alətləri, soyuq silahlar, mis, bürünc, gümüş sikkələr, aqlay materiallardan su boruları, qədim gil məmulatı və digər nadir tapıntılar, məişət əşyaları nümayiş olunur. Bu eksponatlar buraya gələn turistlər üçün böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Həmçinin muzey bu bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün mühüm əhəmiyyətə malikdir.

Prezident muzey və yeni yolun açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında da iştirak ediblər.

"Report" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına və xanımına yolun göstəriciləri barədə məlumat verib.

Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biri də yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsidir. Yeni, müasir avtomobil yollarının tikintisi, mövcud yolların isə yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında bu sahəyə xüsusi yer ayrılıb. Son illərdə yol infrastrukturunun inkişafı istiqamətində icra edilən layihələr yolların müasir səviyyəyə çatmasına hərtərəfli imkan yaradıb. Əsas məqam odur ki, son dövrlərdə respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası və yenidən qurulması geniş vüsət alıb. Bu layihələr ölkəmizin bütün bölgələrini əhatə edir. Şamaxı rayonunda Dəmirçi-Lahıc avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmiri və yenidən qurulması ümumilikdə, bölgələrimizin sosial-iqtisadi, turizm, kənd təsərrüfatı potensialını da gücləndirir. Bütün bu tədbirlərin əsas məqsədi isə vətəndaşların sosial məsələlərini həll etmək və onların gündəlik həyatını daha da yaxşılaşdırmaqdır.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən yolun uzunluğu 22 kilometrdir. Dəmirçi-Lahıc avtomobil yolu uzun müddət təmir olunmadığı və burada yola asfalt qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində, xüsusən payız-qış mövsümündə problemlər yaradırdı. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, Şamaxı rayonunun 1 və İsmayıllı rayonunun 4 yaşayış məntəqəsini əhatə edən Dəmirçi-Lahıc yolunun tikintisinə müvafiq olaraq prezidentin ehtiyat fondundan 3 milyon, dövlət büdcəsinin investisiya xərclərindən isə 13,7 milyon manat olmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ümumilikdə 16,7 milyon manat ayrılıb. Görülən işlər nəticəsində Dəmirçi-Lahıc avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlər də daxil olmaqla yol yatağının eni 8-10 metr təşkil edir. Yol üzərində müxtəlif diametrli suötürücü borular tikilib ki, onların da ümumi uzunluğu 210 metr təşkil edir. Avtomobil yolunda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin avtobus dayanacaqları tikilib.

Qeyd edək ki, bu avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə Şamaxı rayonunun Dəmirçi kəndini birləşdirməklə yol boyu yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq. Bundan başqa, yolun tikintisi turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin etmiş olacaq.

Prezident muzey və yeni yolun açılışını edib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}