İlham Əliyev iki rayonla bağlı sərəncam imzalayıb
Tarix: 27-08-2018 18:36 | Bölmə: Gündəm
İlham Əliyev iki rayonla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Reyting.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası ehtiyat fondundan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon manat ayrılsın.

***

Prezidentin digər sərəncamı ilə İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına vəsait ayrılıb.

Sərəncamda qeyd edilir ki, İsmayıllı şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

***

Prezident İlham Əliyev İsmayıllı şəhərində yeni uşaq bağçası binasının tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, İsmayıllı şəhərində yeni 100 yerlik uşaq bağçası binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamlarda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

***

Prezident İlham Əliyev Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncama görə, Şamaxı şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılacaq.

***

Prezidentin digər sərəncamı Şamaxı rayonunun Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunun tikintisi ilə bağlıdır.

Sərəncama əsasən iki min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,9 milyon (yeddi milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}