Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxslər saxlanılıb
Tarix: 04-09-2025 14:59 | Bölmə: Cəmiyyət
Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Azərbaycanın dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb.

Reyting.az
xəbər verir ki, sentyabr ayının 4-də saat 00:25-də Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında – Neftçala rayonu istiqamətində sürətlə hərəkət edən naməlum üzmə vasitəsi müşahidə olunmuşdur. Sərhəd gəmiləri tərəfindən dərhal təqibetmə əməliyyatı həyata keçirilərək sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülmüşdür.

Keçirilmiş əməliyyat-axtarış və təqibetmə tədbirləri zamanı sərhəd gəmisinin işıq və səs siqnallarından istifadə edilməklə "Dayan" komandası verilərək xəbərdarlıq atəşi açılsa da, sərhəd pozucuları Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərdiyindən onların saxlanılması məqsədi ilə üzmə vasitəsinin mühərrik hissəsi hədəfə alınmaqla atəş açılmışdır.

Üzmə vasitəsində baş vermiş yanğın səbəbilə hər iki şəxs bağlamalarla birlikdə özlərini dənizə atsa da, keçirilmiş xilasetmə tədbirləri nəticəsində sərhəd pozucuları sudan çıxarılaraq yaralıya ilkin tibbi yardım göstərilmiş, "Yamaha-200" markalı "Layner" tipli üzmə vasitəsində baş vermiş yanğın söndürülmüş, dənizə atılmış bağlamada isə ümumi çəkisi 11 kiloqram 850 qram narkotik vasitə aşkarlanaraq götürülmüşdür.

İlkin araşdırma nəticəsində sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları – 1994-cü il təvəllüdlü Qulreza Cavad Alireza və 1996-cı il təvəllüdlü Bordbar Milad Mansur olduqları müəyyən edilmişdir.

Fakt üzrə Dövlət Sərhəd Xidmətində 04.09.2025-ci tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluqla birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər