Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib - Fotolar
Tarix: 17-02-2026 09:44 | Bölmə: Mədəniyyət

Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib

Parisin tarixi “Grand Palais” binasındakı “Art Capital” sərgi salonunda növbəti möhtəşəm sənət hadisəsi yaşanıb. Rəssamlığın, heykəltəraşlığın, fotoqrafiyanın həm klassik, həm də modern baxışlarını özündə uğurla birləşdirən sərgidə Azərbaycan da təmsil olunub.

İstedadlı rəssam Ayla İnsanova da “Art Capital” sərgisində öz əsərləri ilə iştirak edib.

Fransa paytaxtındakı sərgi barədə fikirlərini Reyting.az saytına bildirən Ayla İnsanovanın sözlərinə görə, belə bir mühüm mədəniyyət hadisəsinin iştirakçısı olmaq qürurvericidir:

“Parisdəki bu nüfuzlu sərgidə Azərbaycanımızı təmsil edən fırça ustaları da var idi. Əməkdar rəssam Əsmər Nərimanbəyova, Rövşən Nur, Sahib Əsədli və mən əsərlərimizi nümayiş etdirmək imkanı qazandıq”.

Ayla İnsanova “Art Capital” sərgisində iki əsərlə iştirak edib: “Müəllifi olduğum “Mavinin dərinliyi” və adsız tablolarım Parisdə sərgiləndi. Ölkəmizi təmsil edən rəssam həmkarlarımla bu sərgidə uğurla çıxış etdik. Nümayiş etdirilən əsərlərimiz maraqla qarşılandı, müsbət fikirlər səsləndirildi. Yaradıcı insan kimi bu məni sevindirir və yeni əsərlər üzərində daha həvəslə çalışmağa sövq edir”.

Yeni yaradıcılıq planları barədə danışan istedadlı rəssamın sözlərinə görə, həm qrup, həm də növbəti fərdi sərgi ilə bağlı təkliflər var: “Yaradıcı insan daim düşünür, yeni əsərlər təqdim etmək istəyir. Bir rəssam olaraq təbii ki, mən də gələcək yaradıcılıq planları barədə fikirləşirəm. Müxtəlif sərgilərdə iştirakla bağlı təkliflər var, hələlik bu barədə düşünür, həmkarlarımla fikir mübadiləsi aparıram”.

ETİBAR





Bölməyə aid digər xəbərlər