Tarix: 27-01-2016 13:52 | Bölmə: Cəmiyyət / Xəbərlər
Yanvarın 26-da gecə saatlarında Bakının Tiflis prospektindəki "Azpetrol” yanacaqdoldurma məntəqəsinin işçilərini, ötən ilin may ayında isə "Famous” barında iki qızı döyən idmançı general Məhərrəm Əliyevin qohumudur.
Bu barədə KİV-lərdə yayılan informasiyanı "Report”a açıqlamasında generalın qardaşı, deputat Adil Əliyev də təsdiqləyib.
A.Əliyev dostları ilə birlikdə qatı xuliqanlıq əməli törədən İsa Əzizovla qohumluq əlaqələrinə malik olduqlarını bildirib və onun belə addım atmasına inanmadıqlarını dilə gətirib: "Əgər belə edibsə, biz təəssüflənirik".
Xatırladaq ki, Bakı polisinin keçmiş rəisi, general-leytenant Məhərrəm Əliyev hazırda prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiridir.
Hadisə haqda ilk dəfə virtualaz.org saytı məlumat yayıb. Məlum olub ki,yanvarın 26-da gecə saat 4:00-da nüfuzlu generalın qohumu olduğu bildirilən şəxs və digərləri 90-HN-999 dövlət nömrə nişanlı "Bentley” avtomobilində Tbilisi prospektində yerləşən "Azpetrol” yanacaqdoldurma stansiyasına gəliblər. YDM işçisinin pulun qalığını gec qaytardığına görə özlərindən çıxan idmançılar məntəqənin mühafizəçisi Sadiq Bağırovu və digər işçilərini şil-küt ediblər. Habelə onlardan biri maşından silah çıxarıb və hamını güllələyəcəyi ilə hədələyib.
Haqqın.az məlumatlı mənbələrdən öyrənə bilib ki, hadisənin baş qəhrəmanı nüfuzlu Azərbaycan generalının qohumu İsa Əzizov olub. Lakin hüquq-mühafizə orqanları onun hansısa generalın qohumu olduğunu inkar edirdi.
Xatırladaq ki, ötən ilin mayında məhz İsa Əzizov və dostları Bakıdakı "Famous” karaoke klubunda qizları döymüşdü. O zaman döyülmə faktı ilə bağlı Rusiya vətəndaşı Diana Babayeva və Elvina Əliyeva polisə ərizə ilə müraciət etmişdilər. Diana Babayeva həm də Rusiyanın Bakıdakı səfirliyinə müraciət etmişdi. Elvina Əliyevanın sözlərinə görə, İsa Əzizov onu döyüb vəgüclə maşına oturtmaq istəyirmiş. Polis həmin şikayət əsasında cinayət işi açıb, guya İsa Əzizovu axtarışa vermişdi və tapa bilmirdi. İndi isəməlum olub ki, bu ərköyün məmur qohumunu əslində heç polis axtarmırmış.
Sonuncu insidentdən sonra Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar.
Maraqlıdır ki, bu hadisə prezident İlham Əliyevin regionların inkişafı proqramının gedişinə dair konfransdakı çıxışında bir daha qudurğanlıq edən məmurlara və onların ailə üzvlərinə xəbərdarlıq etməsi ilə eyni gündə baş verib. Prezident həmin çıxışında bildirmişdi ki, heç kim, heç bir məmur toxunulmaz deyil və hamı qanun qarşısında bərabərdir. Bundan əvvəl isə prezident yaxınları qudurğanlıq edən məmurların işdən qovulmaqla cəzalandırılacağını bəyan edib. Artıq belə təcrübə var və bir neçə məmur harın övladlarının güdazına gedib. İndi nüfuzlu generalın qohumu ilə bağlı hadisələrin bundan sonrakı inkişafını izləmək lazımdır...
Qeyd edək ki, Bakıda artıq ikinci səs-küylü cinayət hadisəsini törədən İsa Əzizov kinqboksinq üzrə Azərbaycan çempionudur. Və həmin idman növü üzrə federasiyanın prezidenti general Məhərrəm Əliyevin qardaşı, keçmiş polis zabiti Adil Əliyevdir. Başqa sözlə, İsa Əzizov həm qohumluq münasibətlərinə, həm məşğul olduğu idman növünə görə Adil Əliyevlə sıx təmasda olan biridir. Və indi aydın olur ki, İsa Əzizov və dostları ötən ilin may ayında Bakıda qızları döyəndə polis niyə onları axtarmamışdı və məsuliyyətə cəlb etməmişdi...
Virtualaz.org
Bölməyə aid digər xəbərlər