17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Təhsil müəssisələrinin maliyyələşmə qaydaları dəyişdi
Tarix: 28-01-2016 12:22 | Bölmə: Cəmiyyət / Xəbərlər


 

 

Təhsil Nazirliyinin Kollegiyası "Azərbaycan Respublikası Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan təhsil müəssisələri üzrə xərclərin mərkəzləşdirilmiş maliyyələşdirilməsi Qaydaları”nı təsdiq edib. Yanvarın 27-si qüvvəyə minən bu Qayda Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan təhsil müəssisələrinin Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzləri tərəfindən maliyyələşməsi mexanizmini müəyyənləşdirir.

Reyting.az saytı fins.az-a istinadən bildirir ki, ərazi maliyyə hesablaşma mərkəzi (mərkəz) Təhsil Nazirliyinin tabeliyində yaradılmış regional qurum, yerli maliyyə orqanı ("YMO”) Maliyyə Nazirliyinin şəhər (rayon) üzrə maliyyə idarəsi (şöbəsi) deməkdir. Təhsil müəssisəsi tərəfindən təsdiq olunan ştat, işçilərin işə davamiyyət cədvəlləri və digər sənədlər, eləcə də Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanı (YTİO) ilə razılaşdırılmış tarifləşmə cədvəlləri mərkəzə təqdim edilir. Kommunal xidmətlər, eləcə də bir sıra digər xərclər (elektron imza, texniki pasportların hazırlanması və sair bu kimi mal, iş və xidmətlər üzrə xərclər) üzrə bağlanmış müqavilələr YTİO tərəfindən Mərkəzə təqdim edilir.

YTİO-nın tabeliyində olan təhsil müəssisəsinin saxlanması ilə bağlı dəftərxana və təsərrüfat, mətbəə və idarənin xərcləri, cari təmir, kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması, ərzaq məhsullarının alınması, inventarın alınması, avadanlığın alınması, digər alışlar və xidmətlər, abadlaşdırma xidmətləri haqqının ödənilməsi, sair xərclər, sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri, digər maşın və avadanlıqlar, istehsalda istifadə olunmayan qeyri-maddi aktivlər üzrə mal, iş və xidmətlərin satın alınması Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi (ƏTTİ) tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər, elektron imza, texniki pasportların hazırlanması və sair bu kimi mal, iş və xidmətlər üzrə xərclər istisnadır.

Mərkəzə təqdim edilmiş sənədlər baxıldıqdan sonra maliyyə vəsaitinin ayrılması ilə bağlı maliyyə sifarişinin verilməsi barədə Mərkəz tərəfindən YTİO-na bildiriş verilir. Bildiriş alındıqdan sonra YTİO tərəfindən maliyyələşmənin aparılması barədə maliyyə sifarişi hər ayın 20-dən gec olmayaraq xidmət olunduğu YMO-na təqdim edilir.

YMO tərəfindən maliyyələşməyə razılıq verildikdən sonra YTİO-nın təqdim etdiyi kassa xərclərinin sifarişi, öhdəlik və mal alışı sənədi əsasında vəsaitin Mərkəzin xidmət olunduğu YMO-da aidiyyəti şəhər (rayon) üzrə açılmış tapşırıqlar üzrə xəzinə hesabına köçürülməsi təmin edilir. Mərkəz tərəfindən ödəniş sənədlərinə əsasən xidmət olunduğu YMO vasitəsilə təhsil müəssisəsi üzrə əməyin ödənişi, kommunal və digər xərclərin vaxtında aparılması, həmçinin pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər, elektron imza, texniki pasportların hazırlanması və sair bu kimi mal, iş və xidmətlər üzrə məbləğlər istisna olmaqla digər xərclər üzrə vəsaitlərin ƏTTİ-nin xəzinə hesabına köçürülməsi təmin edilir.

Təhsil müəssisəsi üzrə maliyyələşdirmənin aparılması ilə bağlı YMO-na təqdim edilən maliyyə sifarişi YTİO-nın səlahiyyətli nümayəndələri tərəfindən (orqanın rəhbəri və baş mühasibi) imzalanmalıdır. Mərkəzdə maliyyə və ödəniş sənədlərinin imzalanmasında birinci imza səlahiyyəti mərkəzin rəisi və ya onun müavini, ikinci imza səlahiyyəti mərkəzin aparıcı məsləhətçisinə verilir. Təhsil müəssisəsinin direktoru və YTİO-nın müdirləri bu Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş sənədlərin vaxtında hazırlanması və təqdim olunmasına görə birbaşa məsuliyyət daşıyırlar. YMO, Mərkəz və YTİO bu Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş mexanizm üzrə maliyyələşdirmənin və ödənişlərin vaxtında və təyinatı üzrə aparılmasına görə məsuliyyət daşıyırlar.

Mərkəz tərəfindən təhsil müəssisəsinin mal, iş və xidmətlərə olan illik tələbatı müəyyənləşdirilir (pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər, elektron imza, texniki pasportların hazırlanması və sair bu kimi mal, iş və xidmətlər üzrə xərclər istisna olmaqla), hər bir şəhər (rayon) üçün xərclər smetasında nəzərdə tutulan illik vəsait çərçivəsində onların satın alınması barədə təkliflər ƏTTİ-nə təqdim edilir. ƏTTİ tərəfindən hər bir şəhər (rayon) üzrə xərclər smetasında nəzərdə tutulan vəsait çərçivəsində təhsil müəssisəsi üçün mal, iş və xidmətlərin satın alınması həyata keçirilir və onların Mərkəz vasitəsilə təhsil müəssisəsinə təhvil verilməsi təmin edilir. Təhsil müəssisəsinin direktoru və maddi-məsul şəxs təhvil alınmış əsas vəsaitlərin və digər mal-material qiymətlilərinin saxlanılmasına, qorunmasına, təyinatı üzrə istifadəsinə görə məsuliyyət daşıyırlar.

Mərkəzdən daxil olmuş vəsaitlərlə bağlı xərclərin hər bir YTİO üzrə icrası barədə hesabat ƏTTİ tərəfindən hesabat dövründən sonrakı ayın 7-dək həmin mərkəzə təqdim edilir. Mərkəz tərəfindən YTİO ilə birlikdə hər bir şəhər (rayon) üzrə tərtib olunmuş mühasibat hesabatı (Mərkəzin rəisi və ya rəis müavini, mərkəzin aparıcı məsləhətçisi, YTİO-nın müdiri və baş mühasibi tərəfindən imzalanmaqla) rüblər üzrə YMO-na təqdim edilir. YTİO-nın, Mərkəzin və ƏTTİ-nin rəhbərləri mühasibat hesabatlarının rüblər üzrə vaxtında təqdim olunmasına görə məsuliyyət daşıyırlar.

Hər bir təhsil müəssisəsinin cari il üçün saxlanması ilə bağlı xərclər smetası təhsil müəssisəsi və Mərkəz tərəfindən birgə tərtib və təsdiq edilir. Təhsil müəssisələrinin saxlanması ilə bağlı növbəti il üçün xərclər üzrə layihələr Mərkəz tərəfindən təhsil müəssisəsi və YTİO ilə birgə tərtib edilərək Təhsil Nazirliyinə təqdim edilir. İl ərzində təsdiq olunmuş büdcə ayırmaları həddində funksional təsnifatın bölmələri daxilində, iqtisadi təsnifatın bölmə, köməkçi bölmə, paraqraflar, maddə və yarımmaddələri arasında dəyişikliklərin aparılması ilə bağlı YTİO ilə Mərkəzin birgə təqdimatı əsasında Təhsil Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə müraciət edilir. Mərkəzləşdirilmiş maliyyələşmə mexanizminin tətbiqi nəticəsində ortaya çıxan və bu Qaydalarda əksini tapmayan məsələlər Təhsil Nazirliyi tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla tənzimlənir.

 





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}