Tarix: 02-02-2016 15:50 | Bölmə: Cəmiyyət / Xəbərlər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum jurnalist, ANN.TV-nin reportyoru Rasim Əliyevi döyərək öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesində insident baş verib. Nəticədə məhkəmə prosesi yarımçıq qalıb.
ANN.Az-ın məhkəmədə olan əməkdaşının verdiyi məlumata görə, hadisə hakim Eldar İsmayılovun həkimlərin ifadə verilməsinə dair vəsatətin təmin olunmaması barədə verdiyi qərardan sonra baş verib.
Dörd şahid dindiriləndən sonra vəkil
Fariz Namazov həkimlərin məsuliyyəti və əlavə şahidlərin dindirilməsilə bağlı
vəsatət qaldırıb. Hakim vəsatəti təmin etmədikdən sonra etiraz səsləri artmağa başlayıb.
Məlumatda bildirilir ki, hakim Eldar İsmayılov
vəsatətin təmin olunmadığını elan edən kimi zalda olan valideynlər stulların
üzərinə çıxaraq qışqırıb, hakim və məhkəmə heyətinə etiraz ediblər. Elə bundan
sonra Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir
Mustafayev də qışqırmağa, yumruqla divara və saxlandıqları dəmir barmaqlıqlara
vurmağa başlayıblar. Hakim sakitlik yaratmağa çalışsa da, buna müvəffəq
olmayıb. Bundan sonra zala məhkəmə mühafizəçiləri gəlib, lakin onlar da
valideynləri və ittiham olunanları sakitləşdirə bilməyiblər. Mühafizəçilər zala
bibər qazı buraxıblar, boğucu qaz iyindən sonra zaldakı etirazçılar küçəyə
çıxmağa məcbur olublar.
Etirazçılar küçədə də qışqırmağa və binanın
qarşısındakı avtomobillərə zərbələr endirməyə başlayıblar. Onlar bu məhkəməyə inanmadıqlarını, onun sifarişlə
həyata keçirildiyini deyiblər.
Hazırda insident davam edir.
Xatırladaq ki, avqustun 8-də ANN.TV-nin əməkdaşı
Rasim Əliyev paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs
tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə
yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Fakt üzrə Bakı şəhər
Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər
vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi
başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat
qrupu yaradılıb.
Dövlət başçısının xüsusi nəzarətində olan və böyük
ictimai rezonans doğurmuş bu ağır cinayətin qısa müddətdə açılması təmin
edilib, onu törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək istintaqa
cəlb olunublar. İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl
rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da "Qəbələ” futbol
klubunun heyətində Kipr Respublikasının "Apollon” futbol klubu ilə Bakı
şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını
cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi "Facebook” səhifəsində
tənqidi fikirlər yazmış ANN.TV-nin videoreportyoru Rasim Əliyevə zəng vuraraq
ondan təkzib verməyi tələb edib. Bundan sonra C.Hüseynovun bibisi oğlu, 1994-cü
ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng vuraraq
təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə
Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal
Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup
yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində "Bayıl
market" mağazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq
zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır
dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar.
R.Əliyevin təcili-tibbi yardım maşını vasitəsilə
Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat
aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da
saat 05 radələrində orada vəfat edib. İstintaq zamanı R.Əliyevə məxsus
"iPhone-5” markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev
tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən "Arzu”
şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi
sübut kimi götürülərək cinayət işinə əlavə edilib.
Qaynar.info
Bölməyə aid digər xəbərlər