120 azərbaycanlı Belarusdan Azərbaycana təxliyə olunub
Tarix: 13-05-2020 15:32 | Bölmə: Cəmiyyət
120 azərbaycanlı Belarusdan Azərbaycana təxliyə olunub

Müxtəlif ölkələrdə yaşayan, işləyən, pandemiyaya görə vətənə geri dönə bilməyən və Belarusun paytaxtı Minskdə toplaşan azərbaycanlılar çarter reysi ilə Azərbaycana təxliyə ediliblər.

Bunu “Report”a açıqlamasında ölkəyə geri dönən həmvətənlərimizdən biri olan Nazim Məmmədov deyib.

Onun sözlərinə görə, Minskdən çarter reysi ilə təqribən 120 nəfər Azərbaycana qayıda bilib. “Onlar əsasən Norveç, İsveç, Yaponiya, Ukrayna və Belarusda yaşayan, işləyən Azərbaycan vətəndaşlarıdır. Mən özüm Minskə Ukraynadan gəlmişdim. Azərbaycana qayıtmaq üçün bu ölkədən Belarusa gələn azərbaycanlıların sayı ümumilikdə 10 nəfər idi".

N.Məmmədov Azərbaycan vətəndaşlarını təxliyə etmək üçün Minskdən Bakıya xüsusi çarter reysinin təşkil olunduğunu söyləyib: “Belarusda toplaşan həmvətənlərimizin ölkəyə qayıtmasına köməklik göstərilməsi üçün Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə məktubla müraciət etmişdik. Məktubumuza müsbət cavab verildi və Azərbaycan gəlişimiz üçün çarter reysi təşkil edildi. Bu, birdəfəlik çarter reysi idi. Vətənə qayıtmağımıza dəstək göstərdiklərinə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk”.

Onun sözlərinə görə, Belarusda sərt karantin rejimi tətbiq edilməsə də, yerli diaspor təşkilatı onlar üçün bu şəraiti təmin edib.

“Diasporla İş üzrə Dövlət Komitəsi bizi hər cür şəraitlə təmin etmişdi, bütün ehtiyaclarımız ödənilirdi. Hər birimiz ayrıca otaqlarda qalırdıq, gündə 3 dəfə yemək verilirdi. Hazırda isə Azərbaycandayıq. Bakıda Olimpiya kəndində karantində qalırıq”, - N.Məmmədov vurğulayıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər