"Starlink" vasitəsilə kibercinayətkarlıq artıb - Foto
Tarix: 24-10-2025 16:54 | Bölmə: Cəmiyyət
"Starlink" vasitəsilə kibercinayətkarlıq artıb

Amerikalı iş adamı, milyarder İlon Maska məxsus "SpaceX" şirkəti Myanmada yerləşən kiberməşğulluq mərkəzlərində istifadə olunan 2500-dən çox "Starlink" terminalını deaktiv edib. Şirkəti belə bir addım atmağa vadar edən əsas səbəb siyasətçilərin, o cümlədən hüquq müdafiəçilərinin uzun müddətdir davam edən sərt tənqidləridir.

Reyting.az
-ın məlumatına görə, şirkətin kommersiya əməliyyatları üzrə vitse-prezidenti Loren Dreyer deyib ki, "SpaceX" şirkəti internetlə fırıldaqçılıqda şübhəli bilinən bölgələrdə 2500-dən artıq terminal aşkarlayıb və önləyici tədbirlər görmək məqsədilə onları deaktiv edib.

Xatırladaq ki, son aylar hüquq müdafiəçiləri Maskın şirkətini kiberdələduzluq və insan alveri şəbəkələrinə yardımda ittiham edirlər.



Araşdırmalara görə, "Starlink" terminalları eyni zamanda Taylandın sərhədi yaxınlığında bir neçə fırıldaqçılıq mərkəzində istifadə olunub.

Bununla bağlı hətta ABŞ senatoru Meqqi Hassan da İlon Maska müraciət ünvanlayaraq, şirkətdən bu fəaliyyətlərə qarşı tədbir görməsini tələb etmişdi.

Məsələ ilə bağlı böyük qalmaqal yaradan açıqlama isə Myanma hökuməti tərəfindən Myaavadi bölgəsində keçirilən geniş əməliyyatdan sonra verilib. Bu reyd zamanı 2000-dən çox şübhəli şəxsin saxlanıldığı, onlarla "Starlink" terminalının müsadirə edildiyi bildirilib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər