“Quş qripi” Almaniyanı təhdid edir
Tarix: 24-10-2025 14:17 | Bölmə: Cəmiyyət
“Quş qripi” Almaniyanı təhdid edir

Almaniyanın müxtəlif yerlərində “Quş qripi” yayıldıqdan sonra minlərlə ev quşu məhv edilib. Federal Kənd Təsərrüfatı Nazirliyi epidemiyanın qarşısını almaq üçün yollar axtarır.

Reyting.az
xəbər verir ki, bir həftə əvvəl Almaniyada ilk dəfə ortaya çıxan “Quş qripi” (H5N1) sürətlə yayılır.

İlk yoluxma hallarının aşkarlandığı Brandenburq əyalətində 9000-dən çox ördək, hinduşka və qaz məhv edilib, Linumer gölməçəsinin ətrafında isə 1000-dən çox durna ölüb.

Brandenburqun Oberhavel rayonundakı bir fermada 5000-dən çox qaz məhv edilib.

Yoluxma hallarının aşkarlandığı fermaların ətrafında 3 kilometrlik mühafizə və 10 kilometrlik müşahidə zonası yaradılıb. Girişlərdə xəbərdarlıq nişanları quraşdırılıb. Baden-Vürtemberq əyalətinin Ulm şəhərinin şimalındakı bir quşçuluq fermasında təxminən 15000 heyvan məhv edilib.

Meklenburq-Ön Pomeraniya və Aşağı Saksoniya əyalətləri də “Quş qripi” hallarının artdığı ştatlar arasındadır.

Qeyd edək ki, ölü vəziyyətdə tapılan iki durnanın test nəticəsi müsbət çıxdıqdan sonra Berlində ilk “Quş qripi” halı təsdiqlənib. Almaniyada heyvan xəstəliklərinə məsul olan Fridrix Löffler İnstitutu “Quş qripi” riskini yüksək qiymətləndirib. İnstitut payız mövsümündə cənuba köç edən durnalar arasında “Quş qripi”nin yayılmasının Almaniyada görünməmiş səviyyəyə çatdığını və miqrasiya yolundakı quşlara yoluxma riskinin artırdığını bildirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər