Tarix: 05-02-2016 16:52 | Bölmə: Cəmiyyət / Xəbərlər
125 saylı Qubadlı-Zəngilan seçki dairəsindən Millət vəkili seçilən İmamverdi İsmayılovla oğlu İlkin İsmayılovun adının Könül Zalovanın ölümündə hallanması ailəyə başağrısı yaradıb.
Reyting.az xəbər verir ki,"Gündəm-xəbər”ə daxil olan məlumata görə, deputatın Qubada yerləşən "Retro” istirahət mərkəzində qətlə yetirilən Könül Zalova işində adının çəkilməsi yuxarı dairələrin diqqətinə çatıb.
Mərkəzi dairələr vəkili İmamverdi İsmayılova ciddi xəbərdarlıq edib. Deputat da məsələdən təşviş keçirərək işi ört-basdır etməyə çalışıb. Amma ötən həftənin ən qalmaqallı mövzusu kimi deputat gündəmdən çıxmayıb.
Məlumata görə, Könül Zalovanın idarə etdiyi avtomobilin seriya nömrəsi tanınmış ailəyə məxsusdur. Könül Zalovaya məxsus ağ rəngli "İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılovla əlaqəli olduğu iddia edilib. Həmçinin 999 və 888 seriya nömrələrinin yalnız bu ailəyə məxsus olduğu qeyd edilir.
Kapitan rütbəli İlkin İsmayılovun Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektoru olduğu bildirilir. İlkin İsmayılov Qubadlı-Zəngilan dairəsindən millət vəkili seçilən İmamverdi İsmayılovun oğludur. Bu məsələnin üzə çıxması, deputatın ifşa olunması və ona aid olmayan bir qətlə sadəcə, nömrə biznesinə görə adının çəkilməsi onu bərk narahat edib.
"Gündəm-xəbər”ə verilən məlumatda deyilir ki, İ.İsmayılov oğlunun biznesinə görə və qətllə hansı əlaqələrinin olub-olmamasına görə müəyyən dairələrə danışığa dəvət olunub. Amma bu işdə deputatın bir əlaqəsi olmadığı məlum olub. Sadəcə, adının çəkilməsi onun reputasiyasına zərbə vurub.
Qeyd edək ki, bir müddət əvvəl İlkin İsmayılovun adı 888 nömrəsi ilə bağlı qalmaqalda hallanıb. Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bir il iki ay əvvəl əvvəl İlkin İsmayılovdan təşkilat üçün "KİA Sorento” markalı 90 FP 888 dövlət nömrə nişanı olan maşın alıb.
Sonradan avtomobildə yaranan problemlə əlaqədar olaraq "KİA servis”ə müraciət edərkən avtomobilin 14.10.2013-cü ildə servisdə 105800 km yürüşlə qeydiyyatda olduğu və onun üzərində çoxsaylı detal dəyişmə işləri aparıldığı məlum olub. 2014-cu ildə baş verən bu hadisə uzun müddət mətbuatın müzakirəsinə səbəb olub.
E.Hüseynov avtomobili İ.İsmayılovdan aldığını və məsələyə atası İmamverdi İsmayılov qarışandan sonra problemin həll edildiyini bildirib. İddia edilir ki, millət vəkilinin oğlu Sumqayıtda ən bahalı avtomobil nömrələrinin qara bazarda satışını həyata keçirir.
"Oğlum haqda dərc olunan yazılar böhtan xarakterlidir. Bütün bunlar qərəzdən irəli gəlir”.
Bu sözləri isə deputat İmamverdi İsmayılov deyib. İ.İsmayılov açıqlamasında oğlu İlkin İsmayılovun adının Qubada qətlə yetirilən Könül Zalova ilə yanaşı hallandırılmasına etirazını bildirib.
Onun sözlərinə görə, bəzi şəxslər oğluna qarşı məqsədli şəkildə kampaniya aparır: "Heç bir əxlaqa, mənəviyyata sığmayan kampaniyadır. Dəfələrlə belə şərəfsiz, ləyaqətsiz addımlar atıblar.
Ancaq hər dəfə də məlum olub ki, bunlar şər-böhtanla məşğuldurlar. Bu xəbis, paxıl, gözügötürməzlərin və mənə əli çatmayanların kimliyini yaxşı bilirəm. Ailəni, övladı belə məsələlərə qatmaq insan üçün ən sonuncu yoldur”.
"Qızımla Elməddin 2013-cü ildə tanış olub”. Bunu isə Qubadakı istirahət mərkəzində sevgilisi Elməddin Əhmədov tərəfindən öldürülən Könül Zalovanın anası deyib. Fəridə Zalova geniş müsahibəsində bildirib ki, qızı evli olub, bir oğlu var: "Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Əvvəllər işləyirdi, yaxşı maaş alırdı. Avtomobili də həmin vaxt almışdı.
Maşını almaq üçün atası da kömək etmişdi. Könülün şəxsi mənzili də var, kirayə vermişdi. Elməddinlə də telefon mağazasında tanış olublar. Elməddinin anası əvvəllər müəllimə işləyib, atası isə vəfat edib”.
Onun sözlərinə görə, gənclərin tanışlığından az sonra Elməddin küçədə qarşısına çıxıb: "Ədəbsiz şəkildə dedi ki, qızını istəyirəm, evlənəcəyəm, ona yaxşı baxacağam. Sonra həyatından danışdı, dedi, boşanıb. Demə, Elməddin bizə yalan danışırmış, arvadından boşanmayıbmış, iş hələ məhkəmədəymiş.
Dedi ki, boşanmasına səbəb arvadının hepatit olmasıdır. Sonra da arvadı haqda nalayiq sözlər danışdı. Sözünü kəsib dedim ki, "Elməddin, arvad xəstə olanda boşayırlar? Bəs azyaşlı uşağına kim baxacaq?” Uşağından da imtina etmişdi. Buna görə xoşum gəlmədi, ailə qurmalarına razı deyildim. Ancaq qızımdan əl çəkmirdi, mobil nömrəsinə, evimizə zəng edirdi”.
F.Zalova Elməddinin qızını evdən bayıra çıxmağa qoymadığını və hədələdiyini söyləyib: "Dəfələrlə gecə həyətə gəlib, maşınının nömrəsini açıb götürmüşdü ki, qızım heç yerə gedə bilməsin. Qətldən 2-3 gün əvvəl də Könülü hədələyib. Qızım axşam rəfiqəsigildən gəlirdi. Elməddin zəng edib hədələdi ki, maşının nömrəsini açıb götürəcək.
Qızım gecə tələsik avtomobilini qarajımıza aparmağa çıxdı. Sən demə, oğlan həyətdə onu güdürmüş. Könül zəng edib həyəcanla dedi ki, mama, Elməddin dalımca gəlir. Özünü evə zorla, təngəfəs çatdırdı. Yaman qorxmuşdu. Elməddin ona çata bilməmişdi…”
F.Zalova qızına bir neçə dəfə təklif edib ki, onu qarabaqara izləyən Elməddindən polisə şikayət etsin: "Amma Könül razı olmurdu. Bir neçə dəfə qızımdan borc pul alıb. Deyirdi ki, ana, əgər Elməddini polisə versək, aldığı pulları qaytarmayacaq. Könülə deyib ki, alverə başlayır, pulları qaytaracaq”.
Qadının sözlərinə görə, Könül Elməddinə inanaraq dəfələrlə anasından, atasından və qardaşından borc pul alıb: "Ümumilikdə, 15 min manata qədər borc götürüb. Bu da bir yana, Könülün maşınını satmaq istəyirdi. Qızımın qızıllarının bir hissəsini "Lombard”a qoyaraq pul götürmüşdü. Təxminən 8 min manatdır. Borc kağızları qızımın avtomobilindən tapılıb”.
Ana qızı ilə sonuncu dəfə yanvarın 13-də, gecə saat 12-də telefonla danışdığını xatırladıb: "Ad günümü təbrik etdi. Dedi, səhər evdə olacaq, doğum gününü restoranda qeyd edərik. Səsini sonuncu dəfə onda eşitdim”.
Bölməyə aid digər xəbərlər