Tarix: 09-02-2016 12:43 | Bölmə: Cəmiyyət / Xəbərlər
Deputat Elmira
Axundovanın mandatdan məhrum edilməsi üçün prezident İlham Əliyevə müraciət qəbul
olunub.
Müraciətə 15-dən çox vətəndaş imza atıb.Müraciətdə Konstitusiyasının
89-cu maddəsinin 4-cü hissəsinə (Milli Məclisinin deputatı dövlət orqanlarında
vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və ödənişli fəaliyyətlə
məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla)
mandatından məhrum edilir) istinad olunub.
Reyting.az saytı aznews.az-a istinadən bildirir ki, müraciət müəllifləri qeyd
ediblər ki, deputat Elmira Axundova Konstitusiyaya zidd olaraq kommersiya və
sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, Fövqəladə Hallar Nazirliyi
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət
Ekspertiza Baş İdarəsinin 14.08.2015-ci il tarixli 25/24-01707 saylı məktubuna əsasən
Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 72 ünvanda inşa edilən
qeyri-yaşayış obyektinin sifarişçisinin Elmira Hüseyn qızı Axundova olduğu müəyyən
edilib.
"ƏMDK DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsinin 17.10.2015-ci il tarixli məktubuna
əsasən Bakı şəhəri, Nəsimi rayonu, N. Yusifbəyli küçəsi 72 ünvanda inşa edilən
qeyri-yaşayış obyektinin mülkiyyətçisi Elmira Axundovadır. Daxili İşlər
Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 05.09.2015-ci il tarixli məktubuna əsasən,
deputat Elmira Axundovanın adına 2006-cı il buraxılışlı Az 90 FN 684 dövlət
nömrə nişanlı "Hyundai Sonata” minik avtomobili, 2012-ci il buraxılışlı Az
10 LS 050 dövlət nömrə nişanlı "Audi Q7” minik avtomobili, 2015-ci il
buraxılışlı Az 90 HH 111 dövlət nömrə nişanlı "Toyota Prado” minik
avtomobilinin olduğu müəyyən edilib. Hesab edirik ki, həmin avtomobilləri
sahibkarlıq fəaliyyətindən qazandığı vəsait hesabına əldə edib.
Eyni zamanda "Abşeron” MTK-nın 03.02.2016-cı il tarixli məktubuna əsasən,
"Port Baku Residence” yaşayış kompleksində 1109 B saylı mənzil Elmira
Axundovaya məxsusdur. Göstərilənləri nəzərə alaraq Elmira Axundovanın əməlinə
hüquqi qiymət verib onun Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən
Milli Məclisin deputatı mandatından məhrum edilməsi barədə qərar qəbul edilməsi
üçün müvafiq qaydada tədbirlər görülməsini kollektiv şəkildə Sizdən xahiş
edirik”– deyə, müraciətdə qeyd olunub.
Məsələ ilə əlaqədar E.Axundovanın mövqeyi öyrənilməyə çalışılsa da, deputatın
telefonu bağlı olub.
Müraciətin mətnini təhlil edən sabiq MSK təmsilçisi Ənvər Əliyev AzNews.az-a
bildirib ki, əgər deyilənlər sübut olunarsa, onda cinayət işinin qaldırılması
ilə bağlı müəyyən addımlar atıla bilər: "Əgər həmin müəssisə Elmira
Axundovanın adınadırsa və o gəlirlə kommersiya işləri ilə məşğul olursa, artıq
bu ciddi işdir. Yəni, müraciətdə göstərilənlər faktdırsa, bu ciddi məsələdir və
qanun pozuntusudur. Bununla bağlı müəyyən tədbirlər görülə bilər”.
Ə.Əliyevin sözlərinə görə, E.Axundovanın sənəd üstündə oğlu ilə ortaq iş görməsi
ağlabatan deyil: "Sənədsiz işi isə sübut etmək çox çətindir. Prezidentə
ünvanlanan müraciət Baş Prokurorluğa göndəriləcək. Baş Prokurorluq bunu
araşdırıb Milli Məclisə göndərəcək. Ondan sonra məsələyə hüquq şöbəsində
baxılacaq”.
Ə.Əliyevin fikrincə, əgər belə bir fakt sübuta yetirilərsə, mandatdan məhrum
ediləndən sonra E.Axundovaya qarşı cinayət işi açıla bilər:"Amma dələduzluğun
bura heç bir aidiyyəti yoxdur. Deputat kommersiya ilə məşğul ola bilməz. O, hər
halda deputat seçiləndə gəlirləri haqqında hesabat verib. Mənə elə gəlir ki,
burada bir az qaranlıq məsələlər var. Ortada sənəd yoxdur, ola bilsin ki,
hansısa qüvvələrdir, vuruşurlar”.
Qeyd edək ki, müraciətin mətnini "Yeni Müsavat” qəzeti yayıb.
Xatırladaq ki, deputatın oğlu Həbib Axundovun adı 7-8 milyonluq dələduzluq
qalmaqalında da hallanır. Prezidentə kollektiv müraciət qəbul edən vətəndaşların
əksəriyyəti isə həmin iş üzrə zərərçəkənlərdir.
Bölməyə aid digər xəbərlər