Tarix: 11-02-2016 12:30 | Bölmə: Cəmiyyət / Xəbərlər
1999-cu ildə İmişli Şəhər İcra Nümayəndəliyinin şəhər bələdiyyəsinin balansına təhvil-təslim aktı ilə verdiyi 531 hektar örüş sahəsi rayonun bir qrup iş adamı və məmurları tərəfindən zəbt edilib.
Bu sözləri reyting.az saytına BAXCP-nin İnsan Haqları Komissiyasının sədr müavini, ekspert Davud Zülfüqarov deyib.
D.Zülfüqarovun sözlərinə görə, həmin vaxtdan bu günədək rayon mərkəzi ilə iki kəndi əhatə edən bu örüş sahəsinin təxminən 400-450 hektarı ayrı-ayrı iş adamları tərəfindən ələ keçirilib. Həmin şəxslər isə yerli idarələrin vasitəsi ilə örüş sahələrini aldıqdan sonra, təyinatı dəyişdirilmədən, müvafiq qanunları pozaraq, həmin ərazilərdə tikinti işləri gördürüblər.
"Bakıda, Türkiyədə, Krımda yüksəkmərtəbəli binalar tikdirən iş adamı Yasəf Hüseynov həmin örüşdən 17 hektar əraziyə sahiblənib, orada böyük bir bazar tikdirib. Bazarda çoxsaylı mağazalar və sair tikinti işləri aparıblar. Ancaq hələki rayonun mərkəzi bazarının sahibi Əziz Quliyev bazarın həmin əraziyə köçürülməsinə imkan vermir. Yəni, onun müqaviməti səbəbindən «Kolxoz» bazarının örüş sahəsinə köçürülməsi reallaşmayıb. 2007-ci ildən bu günədək o və digər iş adamları qanunsuz yolla ələ keçirdikləri bu torpaq sahələrinə görə bələdiyyəyə torpaq vergisi də ödəmirlər»,-deyən BAXCP yetkilisi bildirib ki, Nazirlər Kabinetinin qərarı olmadan örüş sahələrinin təyinatının dəyişdirilməsini gizlətmək üçün yerli məmurlar iş adamları ilə əlbir olaraq daha böyük qanun pozuntusuna imza atıblar:
«Bu adamlar həmin ərazilərin örüş sahəsi olmasını təsdiq edən sənədləri də hansısa yolla arxivdən yoxa çıxarıblar. Lakin mən bu sənədləri əldə eləmişəm. Elə bu sənəd əsasında da, müafiq dövlət qurumlarına müraciət yazıb, rayonun sərvətinin talan edilməsinin qarşısını almağı tələb eləmişəm. Baxın, bu ərazilərdə illərdir sayı-hesabı bilinməyən və ölkənin nüfuzlu məmur və iş adamlarına məxsus olan qum-çınqıl karxanaları, yanacaqdoldurma məntəqləri, mağazalar və digər tikililər fəaliyyət göstərir. Ancaq onlar buna görə vergi də ödəməyiblər.
Məsələn, bu örüş sahələrinin zəbt edilməsi yolu ilə fəaliyyətə başlayan karxanaların çoxuna görə nə dağ-mədən, nə də torpaq vergisi verirlər. Elə bu faktları da əsas tutub, aidiyyatı qurumlardan tədbir görmələrini tələb eləsəm də, hamısı ya faktı inkar etməyə cəhd göstərir, ya da susurlar. Yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional İdarəsindən mənə rəsmi cavab verildi ki, bəli, bu ərazilər örüş sahəsidir, təyinatı dəyişdirilmədən qanunsuz istifadə olunur».
D.Zülfüqarov iddia edir ki, rayondakı iş adamları və yerli məmurlar Heydər Əliyevin adını daşıyan əsas parkın da gələcəyini sual altında qoyublar:
«Diqqət edin, bu günlərdə Şirvan İqtisad Məhkəməsi Heydər parkının zəbt olunması, ərazisinin xəritə-cizgilərdən fərqli planda olması faktını da inkar etdi. Bununla da, faktiki olaraq, parkın özü inkar edildi. Ərazinin bir hissəsinin isə məhkəmə qərarı ilə «Elçin» şadlıq evinə, Aslan Manafova verilməsi təsdiqləndi.
Bir daha qeyd edirəm ki, xəritə və cizgidə bu sahə parkın ərazisi kimi qeyd edilib. Bu rüsvayçılıq və inkarolunmaz faktlar isə rayonun yaşlı təbəqəsini çox təsirləndirib. 20 ildən çoxdur Heydər Əliyevin çörəyini yeyən iş adamları və bəzi məmurlar onun adına olan parkın "havada qalmasına” da əhəmiyyət vermirlər. Çünki bu adamların əsas düşüncəsi, amalı puldur, onları nə millət, nə dövlət, nə də hakimiyyət maraqlandırır».
Sonda müsahibimiz qeyd edib ki, örüş sahəsinin zəbt edilməsi rayon sakinlərinin ciddi narazılığına səbəb olub. Çünki əhalinin şəxsi təsərrüfatlarında mal-qara saxlamaq imkanı məhdudlaşıb, onların yeganə dolanışıq yeri əllərindən çıxıb. Bu səbəbdən də ölkə rəhbərliyindən və müvafiq qurumlardan bu qanunsuzluğa qarşı tədbir görülməsi xahiş olunur.Bölməyə aid digər xəbərlər